Bir-birinə bənzər iki tale

Quran məsəllərindən nümunələr

Allah-Taala Qurani-Kərimin “Həşr” surəsinin 14-15-ci ayələrində buyurur:

لَا یقَاتِلُونَكُمْ جَمِیعًا إِلَّا فِی قُرًى مُحَصَّنَةٍ أَوْ مِنْ وَرَاءِ جُدُرٍ بَأْسُهُمْ بَینَهُمْ شَدِیدٌ تَحْسَبُهُمْ جَمِیعًا وَقُلُوبُهُمْ شَتَّى ذَلِكَ بِأَنَّهُمْ قَوْمٌ لَا یعْقِلُونَ

“Onlar hamılıqla (yəhudilər və münafiqlər) sizinlə yalnız hasarları olan şəhər və kəndlərdə, yaxud (qala və evlərin) divarlarının arxasından döyüşərlər. Onların öz aralarındakı çəkişmələri daha güclüdür. Onların əlbir olduqlarını sanırsan, halbuki qəlbləri ayrıdır. Bu isə onların düşüncəsizliyindəndir.

كَمَثَلِ الَّذِینَ مِنْ قَبْلِهِمْ قَرِیبًا ذَاقُوا وَبَالَ أَمْرِهِمْ وَلَهُمْ عَذَابٌ أَلِیمٌ

“Onlar özlərindən bir az əvvəl işlərinin pis aqibətini dadmış kimsələrə bənzəyirlər. Onlar üçün (axirətdə) ağrılı bir əzab vardır.”

Ayələrin nazil olma səbəbi

Bu ayələr Mədinədə yaşayan Bəni-Nəzir yəhudiləri barəsində nazil olub. Onlar müsəlmanların “Ühüd” döyüşündəki məğlubiyyətindən xoşhal idilər. Bir gün Peyğəmbəri-Əkrəm (s) onlarla bağladığı əhd-peymanla əlaqədar onların qalalarına gedir. Onlar Peyğəmbərin (s) qalaya girməsi üçün nə qədər təkid etsələr də, Həzrət öz səhabələri ilə qalanın çölündə əyləşərək yəhudilərin rəhbərləri ilə söhbətə başlayır. Bu zaman onlar plan tökürlər ki, yuxarıdan böyük bir daş ataraq o həzrəti qətlə yetirsinlər. Peyğəmbər (s) ilahi vəhy vasitəsilə onların tədbirindən xəbərdar olaraq bir bəhanə ilə oranı tərk edir. Həzrət, Mədinəyə qayıtdıqdan sonra Bəni-Nəzir qəbiləsinin rəhbərlərinə elan edir ki, şəhəri tezliklə tərk etsinlər. Bu arada münafiqlərin rəhbəri Abdullah ibn Übəy, Bəni-Nəzir yəhudilərinə xəbər göndərir ki, qalanı tərk etməsinlər və biz sizə yardım etmək üçün yola düşürük.

Peyğəmbər (s) bundan da xəbərdar olaraq səhabələri ilə birlikdə “təkbir” deyə-deyə onların qalalarına doğru hərəkət edir. Öz qoşununu Bəni-Qüreyzə qəbiləsi ilə Bəni-Nəzir qəbiləsi arasında yerləşdirməklə hər iki qəbilənin əlaqəsini kəsir. Mühasirə və müqavimət altı gün davam etsə də, nəhayət, təslim olaraq deyirlər: “Daşınan əmlakımızı özümüzlə birgə aparmağa razı olsanız, biz də Mədinəni tərk etməyə hazırıq.” Peyğəmbər (s) də silahdan başqa, əmlaklarının aparılmasına icazə verir.

Qurani-Kərimin qeybi xəbərlərindən olan bu ayədə müsəlmanlara onların məqsədi belə agah edilir: Yəhudilər qorxaqdırlar və öz qalalarından çıxmağa razı olmayacaqlar. Odur ki, sizinlə yalnız qala və divarların arxasından döyüşərlər.

Axirəti unudan qəddar yəhudilər dünya həyatına möhkəm bağlandıqlarından heç vaxt canlarını əldən verməyə hazır deyildilər. Altı gün davam edən mühasirədə qalanın içi və divarların arxasından müsəlmanlara yalnız daş və ox atırdılar. Kənardan onların arasında vəhdət təsəvvür edilsə də, ayədə belə buyurulur:

...بَأْسُهُمْ بَینَهُمْ شَدِیدٌ تَحْسَبُهُمْ جَمِیعًا وَقُلُوبُهُمْ شَتَّى...

“Onların öz aralarındakı çəkişmələri daha güclüdür. Onların əlbir olduqlarını sanırsan, halbuki qəlbləri ayrıdır. Bu isə onların düşüncəsizliyindəndir.”

Qurani-Kərimin təcavüzkar zümrələrlə bağlı mövqeyi eynidir. Mədinədə yaşayan Bəni-Nəzir yəhudiləri ilə Qinqa adlı digər yəhudi tayfanın da belə pis aqibəti bağladıqları əhd-peymanı pozduqları ucbatından idi və hər iki qəbilə öz əməllərinin cəzasını almışdır:

كَمَثَلِ الَّذِینَ مِنْ قَبْلِهِمْ قَرِیبًا ذَاقُوا وَبَالَ أَمْرِهِمْ وَلَهُمْ عَذَابٌ أَلِیمٌ

“Onlar özlərindən bir az əvvəl işlərinin pis aqibətini dadmış kimsələrə bənzəyirlər. Onlar üçün (axirətdə də) ağrılı əzab vardır.” (“Həşr” surəsi, ayə 14-15.)

Bu iki ayədə Bəni-Nəzir yəhudiləri onlardan qabaq qovulan Qinqa yəhudilərinə təşbeh edilir və hər iki zümrə Peyğəmbərə (s) xəyanət və əhd-peymanı pozduqları ucbatından öz əməllərinin cəzası olaraq Mədinədən qovulurlar. Həqiqətdə, haqla mübarizə aparan və Allahla bağladığı əhdi pozanlar gec-tez əməllərinin cəzasını alacaqlar. (“Qurani-Kərimdə ibrətamiz məsəllər”, Ayətullah Cəfər Sübhani, 51-ci məsəl.)

Maide.az – Maarif bölümü