Bir az keçmiş nisgili...

Uşaqlar niyə küçələrdən küsüb?

 
"Oxu.az" da isə "Uşaqlar niyə küçələrdən küsüb? - araşdırma" sərlövhəli məqalə diqqət cəlb edir.
 
Müəllif müasir dövr üçün kiafyət qədər aktual olan cəmiyyətdə sosiallaşmanın ciddi şəkildə azalması səbəblərini valideynlər və psixoloqlarla müzakirəyə çıxarıb.
 
Yazı müəllifi deyir ki, artıq azyaşlıların sosial şəbəkələrdən aktiv istifadə etmələri faktdır, amma uşaq əyləncələrinin məzmununun dəyişməsinə görə dövrün tələbi, yoxsa valideynlərin günahkar olması aydın deyil.
 
Müəllifin iddiasına görə, uşaqların formalaşmasında təkcə ailə yox, həm də cəmiyyətin sosiallıq prinsipi ciddi rola malikdir, odur ki, yalnız virtual aləmlə, sosial şəbəkələrdən istifadə ilə məhdudlaşmanın sonu yaxşı olmayacaq.
 
Yazı müəllifinin daha bir iddiasına görə isə uşaqların hərəkətli oyunlarının qarşısını alan bu hal gələcəkdə hər bir sahəyə mənfi təsirini göstərəcək, artıq küçələrdə uşaqların futbol və s. kimi hərəkətli oyunlarının şahidi olmuruq, əsl uşaq əyləncələri, hərəkətli oyunlar robotlaşmış sistemlə əvəz edilir.
 
Müəllif azyaşlıların özlərinə istinadən deyir ki, mobil telefondan, "İnstaqram" səhifələrindən istifadə edirlər, kiminin valideyninin bundan xəbəri var, kiminin valideyni isə hələ də bilmir.
 
Müəllifə görə, uşaqlar real sosiallığa maraqlı olmamalarına səbəb kimi çöldə baş verə biləcək təhlükəli hadisələri, küçəyə tək çıxmaqdan çəkinmələrini, uşaq qaçırılması, narkotikə yönəltmə, orqan mafiyası haqda sinifdə eşitdikləri xəbərləri göstərirlər.
 
Psixoloq Gülnar Orucova küçə oyunlarının uşaqlar üçün maraqsız olmasının səbəbini sırf valideyn məsuliyyətsizliyi ilə əlaqələndirir, internet oyunlarının uşaqları daha çox cəlb etdiyini bildirir: "Əgər valideynlər arasında "sonuncu dəfə uşağınızla hansı oyunu oynamısınız?" sorğusu keçirsək cavab "heç bir oyun" olacaq. Uşaqları internetdən tamamilə məhrum etmək yox, sadəcə, zaman vermək lazımdır, məsələn, dərsləri oxuduqdan sonra bir saat və s. Valideynlər uşaq ağlayanda, yemək yeyəndə ona telefon verir və uşaq yemək qarşısına gələndə gözləri telefon axtarır. Həyatımızda zərərli heç nə yoxdur, zərərli hədd var".
 
Müəllif deyir ki, valideynlər də real sosiallaşmaya maraqları olmamasını öz narahatlıqları, həyətdəki uşaqların əksəriyyətinin söyüş söyməsi və aqressiv olması ilə əlaqələndirirlər.
 
Sonda isə müəllif belə qənaətə gəlir ki, bəlkə də, uşaqlar küçədən küsməyib, sadəcə, əyləncə məfhumlarını qarışdırıblar, bu gün onlara düzgün yol göstərmək və dünyagörüşlərini, zövqlərini formalaşdırmaq, onları cəmiyyətdə düzgün böyütmək ancaq valideynlərdən asılıdır.