Britaniya XİN başçısı Səudiyyə Ərəbistanına səfər edəcək

Böyük Britaniyanın xarici işlər naziri Dominik Raab martın 4 və 5-də Ər-Riyadda Səudiyyə Ərəbistanının yüksək vəzifəli nümayəndələri ilə görüşəcək.
 
Trend-in məlumatına görə, siyasətçilərin əsas müzakirə mövzularından biri guya Yəməndə sülh yolu ilə nizamlanma məsələsi olacaq.
 
Britaniyanın diplomatik qurumunun rəhbəri səudiyyəli həmkarı şahzadə Feysəl bin Fərhan Əl Səudla, həmçinin Krallığının milli təhlükəsizlik məsələləri üzrə müşaviri Müsaid Əl Ayban ilə görüşlər keçirməyi planlaşdırır.
 
"Onlar Yəməndə humanitar böhranı, təhlükəsizliyi və regional sabitliyi, eləcə də iqlim dəyişikliyi təhlükəsi ilə mübarizə yollarını müzakirə edəcəklər", - deyə bəyanatda bildirilir.
 
Qeyd edək ki,  Britaniya Səudiyyə Ərəbistanı ilə silah satışı barədə çoxmilyardlıq sazişlər imzalayıb və həmin sazişləri icra edir. 
 
Səudiyyə ilə əldə olunmuş razılaşmaya görə Britaniya bu ölkəyə təkcə son 2016-2017-ci illərdə 3 milyard funt sterlinqlik silah satıb.
 
Səudiyyə həmin dövr ərzində aqressiv siyasət yürüdüb. Yəmənə təcavüz edib və Yəməni bombardman kampaniyası aparılıb. Bu əməliyyatlar minlərlə dinc sakinin ölməsi ilə nəticələnib.
 
Elə bu müddət ərzində Britaniya hökuməti Səudiyyə Ərəbistanına təyyarələr, dronlar və raketlərin satılması üçün lisenziya verib.
 
Xatırladq ki, Səudiyyə Ərəbistanı, ABŞ, BƏƏ və bir sıra digər ölkələrin dəstəyi ilə 2015-ci ilin mart ayında Yəmənə təcavüz edir və ona qurudan, dənizdən və havadan blokada tətbiq edir.
 
Səudiyyə Ərəbistanı və müttəfiqlərinin Yəməndəki hərbi əməliyyatları 16 mindən çox yəmənlinin ölümünə, on minlərlə insanın xəsarət almasına səbəb olub.
 
Səudiyyə Ərəbistanının hərbi işğalı son dərəcə kasıb olan ərəb ölkəsi Yəmən üçün həm də kəskin ərzaq və dərman qıtlığına səbəb olub.