Bu gün Çempionlar Liqasında ilk yarımfinalçılar məlum olacaq

“Real” “Bavariya”nı, “Lester” isə “Atletiko”nu qəbul edəcək
 
Bu gün futbol üzrə Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab görüşləri start götürəcək. “Report”un məlumatına görə, ilk oyun günündə biri İspaniyada, digəri İngiltərədə olmaqla, iki matç baş tutacaq.
 
Madriddə turnirin son qalibi olan “kral klubu” “Bavariya”nı qəbul edəcək. Rəqibini Almaniyada keçirilən ilk dueldə 2:1 hesabı ilə məğlub edən ispanlar yarımfinala daha yaxındırlar. Lakin yaxşı formada olan qonaqlar “Real Madrid”i mübarizədən kənarlaşdıra biləcək potensiala malikdirlər.
 
“Bavariya”nın heyətində Mats Hummels zədəli, Xavi Martinez cəzalıdır. Zədələrini sağaldan Manuel Noyer və Robert Levandovskinin oynamaq ehtimalı böyükdür. “Real Madird”də isə Pepe, Rafael Varan və Qaret Beyl zədə üzündən meydana çıxa bilməyəcək.
 
Ötən mövsümün finalçısı olan digər İspaniya təmsilçisi “Atletiko” da yarımfinala yüksəlməyə daha şanslıdır. “Lester”i Madridə baş tutan ilk qarşılaşmada bir cavabsız qolla üstələyən paytaxt klubu İngiltərədə daha çox qapısını toxunulmaz saxlamaq barədə düşünəcək.
 
İngiltərə Premyer Liqasının son qalibinin heyətində Ues Morqan, Molla Vaqe, və Nampali Mendi zədəli, Robert Hut cəzalıdır. “Atletiko”da isə Auqusto Fernandes ilə Şime Vrsalko zədədən əziyyət çəkir. /
 
Çempionlar Liqası
1/4 final, cavab oyunları
 
18 aprel
22:45 “Real Madrid” (İspaniya) - “Bavariya” (Almaniya)
Baş hakim: Viktor Kaşşai (Macarıstan)
İlk oyun – 2:1
 
22:45 “Lester” (İngiltərə) – “Atletiko” (İspaniya)
Baş hakim: Canluka Rokki (İtaliya)
İlk oyun – 0:1