Bu qəsəbə hara aiddir?

“Oxu.az”da “Bakıda “yiyəsi çıxmayan” qəsəbənin bitməyən su dərdi” sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif diqqəti Bakının Suraxanı rayonunun Binə qəsəbəsindəki, “Südçülük sovxozu” adlanan ərazidə yaşayan minlərlə sakinin şirin su və yolsuzluq kimi sosial problemlərinə yönəldir.   
 
Müəllifin deməsinə görə, qəsəbənin uzun illər əvvəl salınmasına baxmayaraq, ərazidə nə su xətti, nə də asvalt yol var.
 
“Uşaqlar məktəbə suyun içi ilə gedib-gəlir, yaşlı insanların bu yolu gedə bilmir, dəfələrlə yıxılaraq suyun içində qalanlar olub. Uzun illərdir ya pul verib su alırlar, ya da quyu suyu içirlər. Hətta sudan zəhərlənən uşaqlar da olub”, müəlliflər qəsəbə sakinlərinə istinadən bildirir.
 
Müəllifin deməsinə görə, qəsəbənin dərdi bununla da bitmir, belə ki, buradakı vətəndaşlar hansı inzibati rayonun tabeçiliyində yaşadıqlarından da xəbərsizdirlər.
 
Yazı müəllifi əlavə edir ki, sakinlər komunal ödənişləri Xəzər rayonuna, digər ödənişləri isə Suraxanı rayonuna ödəyirlər mövcud vəziyyətlə bağlı vətəndaşlar hər iki icra orqanına müraciət etsələr də, heç bir nəticəsi olmayıb. 
 
Sakinlərə istinadən müəllif deyir ki, problemlərlə bağlı onların müraciətlərinə Suraxanı rayon icra nümayəndələrindən aşağıdakı məzmunda cavab alıblar: “Gedin, hara şikayət edirsiz, edin, nə vaxt pul ayrılacaq, onda problemləri həll edəcəyik”.  
 
Müəllif deyir ki, Suraxanı rayon icra hakimiyyəti sözügedən u ərazinin Suraxanı rayonu ərazisinə aid  olmadığını  bildirib, Xəzər Rayon İcra hakimiyyəti isə ümumiyyətlə cavab verməyib.   
 
Müəllif vurğulayır ki, ərazinin tam olaraq hansı rayonun balansında olduğunu öyrənmək üçün Əmlak məsələləri üzrə Dövlət Komitəsilə əlaqə saxlanılıb: “Buradan bildirdilər ki, inzibati ərazi bölgüsünə görə, südçülük sovxozu adlanan ərazi faktiki olaraq Suraxanı rayonunun inzibati ərazisidir”.
 
Müəllifə görə, aydın olan isə odur ki, məsul icra qurumları nəinki sakinlərin problemləri ilə maraqlanmır, hətta rayonun inzibati sərhədlərini də bilmirlər.