Cəmiyyətin səadət və sağlamlığının zəmanətçisi-1

Allah-Taala Qurani-Kərimin “Ali-İmran” surəsinin 104-cü ayəsində belə buyurur:

وَلْتَكُن مِّنكُمْ أُمَّةٌ يَدْعُونَ إِلَى الْخَيْرِ وَيَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنكَرِ وَأُوْلَـئِكَ هُمُ الْمُفْلِحُونَ

Aranızda (başqalarını) xeyrə dəvət edən, əmr be məruf nəhy əz münkər edən bir dəstə olmalıdır. Məhz onlardır nicat tapanlar.”

Əmr be məruf (yaxşılığa dəvət) və nəhy əz münkər (pislikdən çəkindirmə) iki şəkildə icra olunur:

1.Ümumi bir vəzifə olaraq hər kəs öz gücü həddində bu vəzifəni yerinə yetirir.

2. Bu vəzifəni təşkilatlanmış bir dəstə öhdəsinə götürüb yerinə yetirir. Necə ki, yol hərəkətini pozmuş sürücüyə həm digər sürücülər etiraz edir, həm də yol polisi onunla qanuni şəkildə davranır.

Yaxşılığa əmr və pisliyə qadağa vəzifələri çox mühüm vəzifələrdir. İmam Əli (ə) bir vəsiyyətnaməsində uyğun mövzu ilə bağlı belə buyurur:

لاَ تَتْرُكُوا الاَمْرَ بِالْمَعْرُوفِ وَالنَّهْيَ عَنِ الْمُنْكَرِ فَيُوَلَّى عَلَيْكُمْ شِرَارُكُمْ ثُمَّ تَدْعُونَ فَلاَ يُسْتَجَابُ لَكُم

«Yaxşılığa əmr (əmr be məruf) pisliyə qadağanı (nəhy əz munkər) tərk etməyin; yoxsa aranızdakı şər adamlar sizə hakim olar, sonra etdiyiniz dualar da qəbul olmaz(“Nəhcül-bəlağə”, İmam Əlinin (ə) vəsiyyətindən.)

Bəzi vacib göstərişlər fərdi və ictimai baxımdan mühüm olsa da, digər vacib əməllərə təsir göstərmir. Əmr və qadağa vəzifəsi isə fərqlidir. Yaxşılığa əmr və pisliyə qadağa iki vacib vəzifədir. Amma bu iki vəzifənin ümumi məfhumu budur ki, müsəlman müsəlmanı vacib işlərə dəvət etsin, pis işlərdən çəkindirsin. Əslində əmr və qadağa vəzifələri digər vəzifələrin bərpasına yönəlmişdir. Başqa vacib əməllərdə belə səciyyələr yoxdur. Əlbəttə ki, o biri vacib əməllərin də hansısa dərəcədə öz ətrafına təsiri var. Amma əmr və qadağa vəzifəsi bu sahədə xüsusi təsirə malikdir. Quranda oxuyuruq: «Həqiqətən, namaz çirkin və pis işlərdən uzaqlaşdırır.» (“Ənkəbut”, 45.)

Doğrudan da, namaz səbəb olur ki, insanda digər xeyir işlərə meyil yaransın və o, günahdan, çirkin işlərdən çəkinsin. Namaz bu istiqamətdə bilavasitə yox, dolayı təsir göstərir. Namazın mətni Allahla söhbətdən ibarətdir. Namaz qılan insanlar gündə Allahla üzbəüz dayandıqlarından hansısa həddə günahdan çəkinirlər. Amma namazın mətnində deyilmir ki, hansısa pis işi tərk etmək lazımdır. Yəni namaz dolayı yolla təsir göstərir.

Başqa bir misal: Oruc misilsiz bir ibadətdir. Amma onun digər vacib əməllərlə rabitəsi yoxdur. Oruc tələb etmir ki, insan günahdan çəkinməli, namaz qılmalıdır. Bəli, oruc tutmuş insan öz ruhuna və mənəviyyatına səfa verir. Bu ibadət insanda digər vacibatlara maraq oyadır. Amma bütün bu təsirlər dolayısı ilə həyata keçir. Həcc və cihad kimi vəzifələr də bu qəbildəndir.

Qeyd olunduğu kimi, əmr və qadağa digər vacib əmrlərin yerinə yetirilməsinə və haramların tərk olunmasına birbaşa təsir göstərir. Yəni bu iki vəzifənin mahiyyəti çağırış və çəkindirməkdən ibarətdir. Əgər bir şəxs namaza süstlük göstərirsə, möminin vəzifəsidir ki, onu yaxşılığa çağıraraq, namaza dəvət etsin. Başqa biri Ramazan ayında orucunu yeyirsə, möminin vəzifəsi onu bu işdən çəkindirməkdir.

Əmr və qadağa vəzifəsi ictimai həyatın bütün sahələrini əhatə edir. Bu vəzifəni yerinə yetirən insan fəsada, rüşvətxorluğa, zülmə, haqsızlığa, ədalətsizliyə və başqa mənfi təzahürlərə biganə qalmır. Rəvayətdə oxuyuruq:

إِنَّ الاَمْرَ بِالْمَعْرُوفِ وَالنَّهْيَ عَنِ الْمُنْكَرِ سَبِيلُ الاَنْبِيَاءِ وَمِنْهَاجُ الصَّالِحِينَ فَرِيضَةٌ عَظِيمَةٌ بِهَا تُقَامُ الْفَرَائِضُ وَتَأْمَنُ الْمَذَاهِبُ وَتَحِلُّ الْمَكَاسِبُ وَتُرَدُّ الْمَظَالِمُ وَتُعْمَرُ الاَرْضُ

«Həqiqətən, əmr be məruf nəhy əz munkər peyğəmbərlərin salehlərin yoludur. O böyük bir vacib əməldir onun vasitəsi ilə digər vacib əməllər tətbiq olunur, yollarda asayiş yaranır, müamilələr halal olur, məzlumların haqqı özünə qaytarılır, yer üzü abadlaşır(“Təhzibul-əhkam”, c.6, səh.180, hədis 21.)

 

Ardı var...

 

Maide.az – Maarif bölümü