Cəmiyyətin səadət və sağlamlığının zəmanətçisi-2

İslami mətnlərə nəzər saldıqda, açıq-aydın anlaşılır ki, yaxşılığa dəvət və pislikdən çəkindirmə vəzifəsi digər vəzifələr üçün bünövrə sayılır. Yaxşılığa dəvət və pislikdən çəkindirmə təkcə vacib işlərə və ya haram işlərə aid deyil, bütün məsuliyyət dairəsini əhatə edir. Əgər insanlar bu iki vəzifəyə əməl etsələr, digər vəzifələrə təbii şəkildə əməl olunasıdır. Bu səbəbdən də, bəzi rəvayətlərdə yaxşılığa dəvət və pislikdən çəkindirmə vəzifəsi bütün əməllərdən mühüm sayılır. Necə ki, İmam Əli (ə) buyurur:

الاَمْرُ بِالْمَعْرُوفِ أَفْضَلُ أَعْمَالِ الْخَلْقِ

«Həqiqətən, yaxşılığa əmr insanların ən fəzilətli əməlidir (“Qurərul-hikəm”, səh.331.)

Əlbəttə, diqqətli olmalıyıq ki, dəyərlər və əməllər arasındakı müqayisə mütləq deyil. Yalnız müəyyən səciyyəsinə görə bir əməl o birindən üstün sayılır. Nadir hallarda iki dəyər hərtərəfli müqayisə olunur. Hər bir əməlin o biri əməldən üstün cəhətləri ola bilər. Ona görə də rəvayətlərdə bəzən namaz, bəzən cihad, bəzən yaxşılığa əmr və pisliyə qadağa digər əməllərdən mühüm və fəzilətli təqdim edilir. Belə düşünməməliyik ki, məsum rəhbərlərin (ə) buyruqlarında hansısa ziddiyyətlər ola bilər. Onlar bəzən namazı, bəzən cihadı, bəzən həcci digər əməllərdən üstün tanıtdırırlar. Hansı ki, onlar bu müqayisədə uyğun əməlin hansısa səciyyəsinə əsaslanırlar. İmam Əli (ə) «Nəhcül-bəlağə»də yaxşılığa əmr və pisliyə qadağa vəzifəsi ilə bağlı belə buyurur:

مَا أَعْمَالُ الْبِرِّ كُلُّهَا وَالْجِهَادُ فِي سَبِيلِ اللهِ عِنْدَ الاَمْرِ بِالْمَعْرُوفِ وَالنَّهْيِ عَنِ الْمُنْكَرِ إِلاَّ كَنَفْثَة فِي بَحْر لُجِّيٍّ

«Bütün yaxşı əməllər Allah yolunda cihad əmr be məruf nəhy əz munkərlə müqayisədə geniş dərya müqabilində ağız suyu kimidir (“Nəhcül-bəlağə”, Feyzül-İslam, qısa kəlamlar 366.)

Müqayisə olduqca maraqlı və düşündürücüdür. Ağız suyu hara, böyük dərya hara?! Həzrət nəzərə çatdırır ki, hətta Allah yolunda vuruş əmr be məruf və nəhy əz munkərlə müqayisədə dərya müqabilində bir damla su kimidir. Amma bu o demək deyil ki, kiçik bir əmr və ya qadağa cihaddan, hətta Allah yolunda öldürülməkdən üstündür. Söhbət əmr be məruf və nəhy əz munkərin elə bir formasından gedir ki, o tarix boyu öz təsirini göstərmiş olsun. Bəli, elə məqamlar var ki, insanlara yaxşılıq əmr edilməsə, onlar pislikdən çəkindirilməsə, bütün digər dini vəzifələr tərk olunar. Belə sonluqda, hətta İslam hökuməti aradan gedə bilər. Nəticədə şər insanlar hakimiyyətə gələr. Hakimiyyət ləyaqətsiz insanların əlinə düşdükdə, cəmiyyət xoş gün görmür. Belə bir cəmiyyətdə namaz və oruc arxa plana keçir, dini dəyərlər gözdən düşür. Bütün bu nəticələri nəzərə aldıqda, yaxşılığa əmr və pisliyə qadağanın əhəmiyyəti aydın olur. Məhz belə həssas məqamlarla bağlı Əmirəlmöminin Əli (ə) buyurur:

مَا أَعْمَالُ الْبِرِّ كُلُّهَا وَالْجِهَادُ فِي سَبِيلِ اللهِ عِنْدَ الاَمْرِ بِالْمَعْرُوفِ وَالنَّهْيِ عَنِ الْمُنْكَرِ إِلاَّ كَنَفْثَة فِي بَحْر لُجِّيٍّ

«Əmr be məruf nəhy əz münkərlə müqayisədə Allah yolunda cihad böyük dərya müqabilində ağız suyu kimidir(“Nəhcül-bəlağə”, Feyzül-İslam, qısa kəlamlar 366.)

Məsumların buyruqlarında uyğun müqayisələri araşdırarkən nəzərdə saxlamalıyıq ki, əməlin hansısa üstün səciyyələri nəzərdə tutulur. Belə düşünə bilmərik ki, məsumlar hansısa bir əməlin əhəmiyyətini daha qabarıq göstərmək üçün mübaliğədən istifadə etmişlər. (“Peyame-Movla əz bəstəre-şəhadət” (Şəhadət yatağında Mövlanın öyüdü), Ayətullah Misbah Yəzdi, səh.271-280.)

Burada bir neçə nöqtəyəyə diqqət yetirmək yerinə düşərdi:

1. Xeyir işə dəvət və pislikdən çəkindirmə (əmr be məruf və nəhy əz münkər) mövsümi və müvəqqəti yox, daimi olmalıdır.

2. Əmr be məruf (yaxşılığa əmr) nəhy əz münkərdən (pisliyin qadağasından) öndə gəlir. Yaxşılıq yolu açıq olsa, pisliyə aparan yol daralar.

3. Qurana görə, cəmiyyətin inkişaf və islahına ürək yandıranlar həqiqi nicat tapanlardır. Biganə guşənişinlərin səadət və qurtuluşdan payı yoxdur.

4. Qurtuluş insanın yalnız özünün nicat tapmasından ibarət deyil. Başqalarının da nicatı və inkişafı səadət və qurtuluş şərtlərindəndir.

Maide.az – Maarif bölümü

 

İlk yazını buradan əldə edə bilərsiz.