Dərman bazarında nə baş verir?

“Yenisabah. az” saytında yer alan “Dərman bazarında nə baş verir? “Bu, özbaşınalığı daha da artırır” sərlövhəli məqalədə suala cavab axtarılır.
 
“Dərman bazarında durum bütün əndazələri aşır, dərmanlar bahalaşır. Srağagün aptekdən bir neçə dərman aldım: bunlar mənə 1 ay bundan əvvəl aldığımdan 11 manat baha başa gəldi. Srağagün bir hissəsini aldığım (lazımi qədər aptekdə olmadığından) dərmanın qalan hissəsini dünən (iyulun 11-i) alanda məlum oldu ki, həmin dərmanın yeni qiyməti 1 manat artıb. Aptekçi and-aman elədi ki, yeni daxil olan dərmanların hamısının satış qiymətini qaldırıblar”. Bunu iqtisadçı Azər Mehtiyev deyib.
 
O bildirib ki, dərmanların qiymətlərinin tənzimlənməsi ortaya çıxanda dəfələrlə deyildi ki, bu, dərman bazarında vəziyyəti nəinki yaxşılaşdırmayacaq, əksinə, daha da ağırlaşdıracaq. 
 
A.Mehtiyev hesab edir ki, hazırda apteklərdə olan dərmanların həm tərkibi, həm çeşidi, həm də qiymətləri ilə bağlı ciddi problemlər yaşanır, belə ki, zəruri dərmanların qıtlığı var, bəzi dərmanlar ölkəyə gətirilmir, qiymətlərin çox bahalaşması və s. baş alıb gedir. 
 
İqtisadçıya görə, ölkədə dərman satışı sahəsində inhisarı aradan qaldırmaq əvəzinə bütün dərman bazarı 1-2 oliqarxın nəzarətinə verilib.
 
İqtisadçı  deyir ki, dərmanların qiymətinin tənzimlənməsi ləğv edilməli, dərman bazarı liberallaşdırılmalıdır.