DİNİN VƏ ŞƏXSİYYƏTİN DƏYƏRİ MİN-MİN DÜNYAYA DƏYƏR!

-- Hər axtaran tapmaz, hər orta yol tutan möhtac olmaz.

“Fiqh” və “hədis” kitablarının “məkasib-ticarət” bəhslərində dünya nemətlərinin düzgün-halal yolla əldə edilməsi mənasında oxşar təbirlər az deyildir. Bu təbirlərdə dünya malından ötrü özünü oda-suya vurub halal-haram bilməyən insanlar qınanır, məzəmmət olunurlar. Bəziləri pul, məqam, qadın kimi dünya ləzzətlərini əldə etmək üçün insani şəxsiyyətlərini ayaq altına atır, olar-olmaz bilmirlər. Hansı ki, istəklərə halal yolla çatmaq, insani şəxsiyyəti qorumaq, alçalmamaq, bir sözlə, doğru yolla hərəkət etmək zərurəti gün kimi hamıya aydındır. Bir halda ki, insan dünya və onun bərbəzəyindən gözünü çəkə bilmirsə, heç olmaya bu işdə haram yolla getməsin, öz şəxsiyyətini üç-beş günlük dünya ləzzətinə satmasın. Çoxları bu yolda qazanmaq əvəzində əllərindəki sərmayəni də itiriblər. Çox tacirlər hərislik ucbatından müflis olublar. Çox fayda götürmək çox çalışmaqdan asılı deyil. İmam Əlinin (ə) öz oğlu imam Həsənə (ə) vəsiyyətnaməsində belə bir cümlə işlədilir:

...رُبَّ طَلَب قَدْ جَرَّ اِلى حَرَب

Çox olsun ki, istək sərmayəni əldən verməklə nəticələnə.”

Nəzər salsanız, görərsiniz ki, bir çoxları çalışa-çalışa sərmayəsini əldən verib. Hansı ki, azca hərəkət etməklə böyük sərvət əldə edənlər də var. Dinini, əxlaqını və şəxsiyyətini itirmədən sərvət qazananlar da az deyil. Kim orta həddə çalışdığı halda başqasına möhtac olub?! Həmin vəsiyyətnamədə oxuyuruq:

وَ لَيْسَ كُلُّ طالِب بِناج وَ كُلُّ مُجْمِل بِمُحْتاج

Hər axtaran tapmaz, hər orta yol tutan möhtac olmaz.”

Beləcə, elə bir yol tutmaq lazımdır ki, ağıla uyğun olsun, dini, hörməti və şəxsiyyəti ayaq altda qalmasın, dəyərsiz dünya malından ötrü dəyərdən düşməsin. İmam Əli (ə) buyurur:

وَ اَكْرِمْ نَفْسَكَ عَنْ دَنِيَّة وَ اِنْ ساقَتْكَ اِلى رَغْبَة؛

Özünü hər bir alçaqlıqdan qoru, hətta səni istəyinə çatdırsa da!”

Mömin özünə hörmət etməli, ehtiyacını hər adama bildirməməlidir. Allah-Taala belə möminlər haqqında buyurur:

...يَحْسَبُهُمُ الْجَاهِلُ أَغْنِيَآءَ مِنَ التَّعَفُّفِ تَعْرِفُهُم بِسِيمَهُمْ لاَ يَسْئَلوُنَ النَّاسَ إِلْحَافاً...

Belə insanlar həyalı olub, dilənçilikdən çəkindiklərinə görə nadanlar onları dövlətli hesab edirlər.” )“Bəqərə” surəsi, ayə 273.)

Əhli-beyt (ə) məktəbində tərbiyə alanlar bütün çətinliklərə rəğmən, kimsəyə ağız açmır, bir şəxs onlara hədiyyə etdikdə utanır, qəbul etmək istəmirlər. Bəziləri isə dünya malından ötrü özünü sındırır, kimə gəldi əl açırlar. Həqiqi möminlər isə belə deyillər. Onlar Əhli-beytin (ə) göstərişlərinə əməl edirlər. Dini, imanı və şəxsiyyətini ötəri dünya malına satmırlar. Dünya bir iynə ucu qədər hörməti itirməyə dəyməz. Unutmayaq ki, həmin bir iynə ucu hörmət əbədi, bütün dünya isə fanidir. Buna görə də, dünya nemətlərini əldə edərkən ən azı halal yolla hərəkət etmək, din-imanı qorumaq lazımdır. Dinin və şəxsiyyətin dəyəri min-min dünyaya dəyər. Bu iki şeyi tərəziyə qoymaq olmaz. Belə etsən, nəinki bir şey qazanmayacaqsan, hətta sərmayən də əlindən çıxacaq!

Allah-Taaladan diləyirik ki, məsumların pak nuru bərəkətinə bizi doğru yola yönəltsin, Əhli-beyt (ə) elmlərinə layiq bilsin, ilahi maarif çeşməsindən bizə də bir damla qismət etsin!

(Maide.Az)