Dolu supermarketlər və boş soyuducular

Bizdə koronavirus pandemiyası dövründə supermarketlər boşalmadı, amma soyuducular boşaldı. Çünki bizdə əhalinin supermarketləri boşaldası qədər pulu yoxdur.
 
Çünki bizdə supermarketlərin arxasında, ən azı məşhur supermarket şəbəkələrinin arxasında dövlət var, dövlət məmuru var, amma əhalinin arxasında dövlət yoxdur.
 
Nəinki ABŞ, Türkiyə kimi dövlətlər, hətta Qazaxstan koronavirus pandemiyası dövründə hər işsiz qalan vətəndaşa 42 500 tenge ( təxminən 100 dollar) ödəmək haqqında qərar verib. Bəs bizdə?..
 
Mən ailə tanıyıram ki, onun bir üzvü şadlıq evində günə-muzd işləyərək, digər üzvü isə rayondan paytaxta sərnişin daşıyaraq uşaqlarını dolandırıblar. İndi hökumət həm şadlıq evlərinin fəaliyyətini rəsmi qərarla dayandırıb, həm də rayonlardan paytaxta sərnişin daşınmasına qadağa qoyub. Bu ailə nə ilə dolanmalıdır? Belələri yüz minlərlədir.
 
Bir sıra təbəqələr gəlirlərindən məhrum olub: repetitorluq edən müəllimlərdən tutmuş, taksi sürücülərinə qədər, ofisiantlardan tutmuş, bərbərlərə qədər. Hələ mən xırda sahibkarları və ticarətçiləri heç dilə gətirmirəm. Bu insanlar nə etməlidir, nə ilə dolanmalıdır, uşaqlarına nə yedirməlidir?
 
Əvvəllər adamın əli aşağı olanda borc istəyirdi, "maaş alanda borcumu qaytaracam" deyirdi. İndi heç borc verən də yoxdur, çünki borc istədiyin adamlar sənin yaxın aylarda maaş almayacağını bilir. Hər kəs gələcəyimizin çox qaranlıq olduğunu bilir.
 
Balaca dükanların sahibləri hələki tanıdıqları müştərilərə çörəyi, yumurtanı, makaronu nisyə verir. Bəs 1 ay sonra bu borc qaytarılmayanda necə olacaq? Tutalım daha bir həftə mürəbbə ilə çörək yeyib aclığını öldürəcəklər, bəs sonra? Keyfiyyətli qida qəbul etməyən, qarnı doymayan və buna görə imuniteti zəifləyən insan xəstəliklərdən necə qorunacaq?
 
Qidalanmaq bir yana, Azərbaycanda elektrik enerjisi, qaz, telefon, internetə görə ödənişlər smart-kart sisteminə keçirilib. Qabaqcadan ödəniş etməsən, əvvəlki limit bitəcək. İnsanlar qazsız, işıqsız, internetsiz qalacaq.
 
Cəmi 1 ay əvvəl ölkə başçısı İlham Əliyev bəyan edirdi ki, dövlətimizin böyük maddi ehtiyatları var. Demişdi ki, "İstəsək dövlət borclarını 1 aya ödəyərik". Daim deyiblər ki, bizim valyuta ehtiyatlarımız "başımızdan aşır".
 
Bəs niyə bunu görmürük?! Koronavirusla mübarizəyə niyə cəmi 2,5 milyard manat ayrılıb? (Müqayisə üçün, hətta Qazaxstan 10 milyard dollar ayırıb).
 
Əgər bu qara gündə də dövlət xalqa dəstək olmayacaqsa, onda dövlət bu qədər ehtiyatı niyə və kimin üçün toplayıb? Niyə əksər dövlətlər əhaliyə dayaq olduğu halda, maddi yardım ayırdığı halda bizim dövlət əksinə, Koronavirus Fondu yaradıb əhalidən pul toplamalıdır?!
 
Düzdür, insanlar hökumətin bu siyasətinə açıq etiraz etmir, qorxurlar, amma hər kəs bundan narazıdır. Hamı başa düşür ki, belə olmaz. /contact.az /