DSMF-yə xarici ölkələrin sığorta-pensiya qurumlarından daxil olan müraciətlərin sayı 49% artıb

Bu ilin 6 ayı ərzində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) xarici ölkələrin sığorta-pensiya qurumları, əcnəbi vətəndaşlar və xaricdə yaşayan Azərbaycan vətəndaşları tərəfindən daxil olan müraciətlərin sayı çoxalıb.
 
DSMF-in İctimaiyyətlə əlaqələr sektorundan Maide.az-a verilən məlumata görə, ötən 2013-ci ilin analoji dövrü ilə müqayisədə bu qəbildən olan müraciətlər 49% artıb.
 
Bu ilin ilk 6 ayı ərzində DSMF-yə daxil olan 2 406 müraciət arasında MDB ölkələrindən ünvanlanan müraciətlər üstünlük təşkil edib. Qeyd olunan dövr ərzində MDB ölkələrindən 1 754  müraciət göndərilib. Bu müraciətlərin mövzusu vətəndaşların pensiya hüququnun təmin edilməsi ilə bağlı zəruri hesab olunan müvafiq rəsmi sənədlərin hazırlanaraq təqdim olunması, konkret hallar üçün zəruri ikitərəfli münasibətlərin tənzimlənməsindən ibarətdir.
 
Müraciətlərin sayına görə növbəti yerdə isə Türkiyə gəlir və bu ölkədən Fonda 134 müraciət ünvanlanıb. Bu müraciətlərin mövzusu Türkiyə və Azərbaycan respublikaları arasında sosial müdafiə sahəsində ikitərəfli sazişə uyğun olaraq vətəndaşların sosial sığorta və pensiya hüquqlarının gerçəkləşdirilməsi məqsədi ilə konkret tədbirlərin görülməsi istiqamətindədir.
 
DSMF-yə daxil olan digər 518 müraciət isə ayrı-ayrı xarici ölkələrin və yerli rayon şöbələrinin, həmçinin vətəndaşlardan daxil olmuş müraciətlərin payına düşür.