Döyüş meydanında islami rəhmət və şəfqət nümunələri-2

İslamın rəhmət və şəfqəti hətta döyüş meydanlarında belə özünü nümayiş etdirir. Yəni İslam tamamilə sərt rəftarların baş verdiyi meydanlarda da ardıcıllarını qəddarlıqdan çəkindirir. Məsələn, İmam Sadiq (ə) buyurur: “Peyğəmbəri-Əkrəm (s) İslam əsgərlərini döyüş meydanına göndərdiyi zaman onları bir yerə toplayıb, aşağıdakı sözləri yadlarına salardı (və ona əməl etməyəni danlayardı):

سِيرُوا بِسْمِ اللهِ وَ فِى سَبِيلِ اللهِ وَ عَلى مِلَّةِ رَسولِ اللهِ

Döyüş meydanına yalnız Allahın adı, yadı, razılığı və Peyğəmbərinin dini uğrunda yola düşün!

a) لا تَغُلُّوا – Döyüşdə əsla xəyanət etməyin!

b) وَ لا تُمَثِّلوا – Düşmənin ruhsuz bədənini tikə-tikə doğramayın!

Peyğəmbəri-Əkrəmdən (s) nəql olunan bir hədisdə deyilir ki, sizə hücum edən quduz bir iti öldürdükdən sonra bədənini tikə-tikə doğramaq olmaz. (“Biharul-ənvar”, c.42, səh.246 və 257.)

c) وَ لا تَغْدِروا – Hiylə və kələklə əhd-peymanları pozmayın!

Düşmənlə sülh və atəşkəs zamanı əhdinizə sadiq qalın və onu pozmayın. Müsəlman düşmənlə bağladığı əhd-peymana vəfalı olmalıdır. Məsələn, İmam Əli (ə) Malik Əştərə belə buyurmuşdur: “Düşmənlə əhd-peyman bağlayıb ona pənah verdiyin surətdə əhdinə sadiq qal, razılaşdığın söz və haqlara arxa çevirmə və canını əhdinə bağla! İnsanların ixtilaflarına baxmayaraq, ilahi vaciblər içərisində əhdə vəfa qılmağı hamı möhtərəm sanır.” (“Nəhcül-bəlağə”, məktub 53.)

ç) وَ لا تَقتُلُوا شَيْخاً و لا صَبِيّاً و لاَ امْرَأَةً – (Müharibədə rolu olmayan zəif və gücsüzləri,) əldən düşmüş qoca kişiləri, uşaq və qadınları qətlə yetirməyin!

d) وَ لا تَقطَعوا شَجَراً إلّا أَنْ تَضْطَرُّوا إِلَيْها – Naçar qalmayınca, ağacları kəsməyin!

O vaxt yalnız qan tökməyi anlayan cahil insanların arasında belə mütərəqqi qanunları həyata keçirə bilən İslamı yalnız humanizmin banisi adlandırmalı, heç nəyə rəhm olunmayan meydanlarda ətraf mühiti belə nəzərə alan göstərişləri isə insanpərvərliyin ən yüksək nümunəsi sanmalıyıq.

Peyğəmbəri-Əkrəmin (s) mərdliyə dair göstərişləri, doğrudan da, heyrətləndiricidir: “Müsəlman əsgərlərdən – istər yüksəkrütbəli olsun, istərsə də, sıravi – sığınacaq alan düşmən əmin-amanlıqdadır; onu arxa cəbhəyə yollayıb, (şirin dillə, səbir və hövsələ ilə) Allahın kəlamını, İslam maarifini, əhkam və göstərişlərini anlatmaq lazımdır. İslamı qəbul edənlər müsəlmanların sırasına qoşularaq din qardaşınız sayılır və hüquqları sizinlə bərabərdir. Qəbul etməyənləri, yaxud düşünmək üçün möhlət istəyənləri sağ-salamat vətəninə qaytarmalı, onlara əzab-əziyyət verilməməlidir.”

Qeyd edək ki, bu göstərişlərə riayət etmək elə də asan deyil və güclü iman, geniş sinə tələb edir. Elə bu səbəbdən də, İslam Peyğəmbəri (s) söhbətinin sonunda əsgərlərinə buyurur ki, İslamın rəhmət və şəfqətlə yanaşı olan göstərişlərinə əməl etmək üçün böyük və qadir Allahdan yardım diləsinlər.

Görəsən, insan hüquqlarından dəm vuran, bu sayaq şüarlarla dünya xalqlarının qulaqlarını kar edənlər döyüş meydanında qeyd edilənlərin hansı birinə əməl edirlər?! Cavab mənfidir! İsrail-Fələstin müharibəsində nəinki rəhmsiz və qəddar sionistlər xəstəxanaları belə orada yatan fələstinli xəstə və yaralıların başına tökür, onların əkin sahələrinə od vurur, ağaclarını kəsir, böyük-kiçik, uşaq-qadın, qoca-cavan, bir sözlə, heç kimə rəhm etmirlər. Bununla belə, dünya ictimaiyyətinə müharibə və hücuma məruz qalanlar kimi təqdim edilir, müsəlmanlar isə qəddarlıqla suçlanırlar!

Maide.Az 

 

Öncəki yazını BURADAN oxuya bilərsiz!