Ekspertlər: ‘Bu il dünyada neftə tələbat 9-15 faiz azala bilər’

Bu ildə dünyada neftə gündəlik orta tələbat 2019-cu illə müqayisədə 9-15% azalaraq 86-91 milyon barelə düşə bilər.
 
“Report” TASS-a istinadən xəbər verir ki, bu proqnozla Rusiyanın Milli Kredit Reytinqləri Agentliyi çıxış edib.
 
 Qurumun ekspertləri düşünür ki, tələbatın azalması bu il Rusiyanın neft və neft məhsullarının ixracından əldə etdiyi gəlirin 50-60% azalaraq 75-95 milyard ABŞ dollarına düşməsi ilə nəticələnə bilər.
 
 Qeyd edək ki, baza ssenarisi çərçivəsində, gələn ay dünyanın aparıcı iqtisadiyyata malik ölkələrində karantin rejimi nəzərəçarpacaq dərəcədə yumşaldılacaq, insanların hərəkətinə qoyulmuş məhdudiyyətlər aradan qaldırılacaq. Bu isə nəqliyyat xidmətlərinə və dolayısı ilə yanacağa (neftə) tələbatı artıracaq. Odur ki, analitiklər 2020-ci ilin II yarısından neftin qiymətinin 35-40 ABŞ dollarına, 2021-ci ildən isə 37-42 ABŞ dollarına yüksələcəyini proqnozlaşdırır. Son nəticədə gələn il Rusiyanın neft və neft məhsullarının ixracından əldə etdiyi gəlir 100 milyard ABŞ dollarına çata bilər.
 
 Bununla belə, ekspertlərin fikrincə, OPEC+ sazişi çərçivəsində hasilatı məhdudlaşdıran yeni razılaşmaların olmaması, qiymət müharibələrinin yenidən başlaması fonunda aşağı neft qiymətləri 2025-ci ilə qədər davam edə bilər.