Gəncə hadisələrində həbs olunmuş Aydın Qurbanov vəfat edib -YENİLƏNİB

Gəncə məhbusu Aydın Qurbanov Pentensiar Xidmətin Müalicə Müəssisəsində dünyasını dəyişib.
 
Bu barədə vetenugrunda.az-a onun həyat yoldaşı məlumat verib: "Gecə saat 1-də Pentensiar Xidmətdən baldızımın oğluna zəng vurublar ki, Aydın Qurbanov rəhmətə getdi, gəlin cənazəsini aparın".
 
«Hal-hazırda morqun qarşısındayam, bir saata mənə təhvil verilməlidir», - həyat yoldaşı deyir.
 
Penitensiar Xidmətdən bu hadisə ilə bağlı münasibət öyrənmək mümkün olmayıb.
 
 

***

Gəncə hadisələrinə görə həbs olunanlardan biri, onkoloji xəstəlikdən əziyyət çəkən 53 yaşlı Aydın Qurbanovun durumunun kəskin pisləşdiyi bildirilir.

Bu barədə Meydan TV-yə onun həyat yoldaşı Məhbubə Qurbanova məlumat verib. Onun sözlərinə görə, həyat yoldaşı artıq qan qusur, komaya düşüb.

M.Qurbanova həyat yoldaşıyla iyulun 8-də Penitensiar Xidmətin Müalicə Müəssisəsində görüşüb. Deyir ki, A.Qurbanovu görəndə onun durumundan dəhşətə gəlib. Ona görə də həyat yoldaşıyla görüşdən çıxan kimi, birbaşa Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə gedib. Gəncə hadisələrilə bağlı istintaq bu idarədə aparılır.

Öncə istintaqı aparan müstəntiq Orxan Babayevlə görüşməyə cəhd etsə də, buna nail ola bilməyib. Amma onu idarənin rəis müavini Vüqar Nəsibov qəbul edib.

Mədə xərçəngindən əziyyət çəkən A.Qurbanovun işi üzrə istintaq başa çatmayıb. Onun ev dustaqlığına buraxılması üçün dəfələrlə məhkəmələrdə vəsatətlər qaldırılsa da, nəticəsi olmayıb: “Günahsız adamı şərləyib tutublar, xərçəngə tutulub, bunlar azlıq edir sanki. Qoymurlar ki, gəlib evində, uşaqlarının yanında ölsün. Belə zülm olar?”

M.Qurbanovanın sözlərinə görə, bir müddət əvvəl həkimlə danışıb, ona həyat yoldaşının vəziyyətinin kritik olduğu, yaxşı qulluq olunsa, uzağı bir il yaşaya biləcəyi deyilib.

A.Qurbanovun evindən silah-sursat tapıldığı iddia olunur. Həyat yoldaşı isə bildirir ki, bu ittiham saxtadır. M.Qurbanovanın sözlərinə görə, öncə A.Qurbanovun bacısı oğlu Hamleti həbs ediblər. Onun yanına dayısı A.Qurbanov yemək aparır, onun hüquqlarının müdafiəsi üçün vəkil tutubmuş: “Acığa düşüb Aydını da tutdular”. /meydan.tv/