'Gəncə işi' ilə bağlı 6 proses bitib, 44 şəxs…

«Gəncə işi» ilə bağlı 60 nəfər barəsində 8 cinayət işinin istintaqı tamamlanaraq məhkəməyə göndərilib.
 
Bu fakt iyulun 31-də Baş Prokurorluqda bu ilin 6 ayı üzrə keçirilən müşavirə ilə bağlı qurumun mətbuat xidmətinin yaydığı məlumatda yer alıb.
 
Məlumatda qeyd edildiyinə görə, Gəncə şəhərində sui-qəsd ilə bağlı ümumilikdə 29 şəxs Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilərək barələrində həbs-qətimkan tədbirləri seçilib. Həmin şəxslərdən 11-i barəsində beynəlxalq axtarış elan olunub.
 
Bundan başqa, 2018-ci il iyulun 10-da Gəncə şəhərində 2 polis əməkdaşının qəsdən öldürülməsi və sair faktlar üzrə başlanmış cinayət işinin istintaqının davam etdirildiyi bildirilir. Açıqlamaya görə, iş üzrə 61 nəfər təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində həbs-qətimkan tədbiri seçilib: «Onlardan 1 nəfər axtarışda olduğu dövrdə polis əməkdaşları tərəfindən zərərsizləşdirilib, 1 nəfər barəsində isə axtarış tədbirləri davam etdirilir. Ümumilikdə 2018-ci ilin noyabrından etibarən iş üzrə cinayəti törətdikdən sonra ölmüş təqsirləndirilən şəxs də daxil olmaqla, 60 nəfər barəsində 8 cinayət işinin istintaqı tamamlanaraq aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib».
 
Baş Prokurorluq habelə bildirir ki, 6 cinayət işi üzrə 44 şəxs barəsində ittiham hökmləri çıxarılıb. Onlar müxtəlif müddətlərə azadlıqdan məhrum etmə cəzalarına məhkum ediliblər: «16 nəfər barəsində 2 cinayət işi üzrə isə məhkəmə baxışı davam edir».
 
 
Məhkumlar və onların yaxınları narazıdır
 
Amma istintaqın gedişindən həm bir sıra məhkumlar, həm də onların yaxınları narazıdır. Məhkəmə prosesində təqsirləndirilən şəxslərdən bir çoxları dəfələrlə bildiriblər ki, ittihamı qəbul etmirlər, saxlanarkən və ifadələri alınarkən onlara işgəncə verilib. Onlar indinin özündə belə bədənlərində işgəncə yerlərinin qaldığını da iddia ediblər. Hətta məhkəmə proseslərinin birində hakim işgəncə şikayətlərinin araşdırılması ilə bağlı verilən vəsatəti də qəbul edib. Amma sonradan işgəncə şikayətlərinin təsdiqini tapmadığı bildirilib.
 
Azərbaycanın hüquq-mühafizə orqanları polis və cəzaçəkmə müəssisələrində işgəncələrin olması ilə bağlı şikayətləri əsasən qəbul etmirlər.
 
Gəncə hadisələri ilə bağlı tutulanlardan bəzilərinin işi isə, hələlik, heç məhkəməyə göndərilməyib. /azadliq.org