Günün hədisi: Eşq – mərifətin mühüm maneəsi

Maide.Az günün hədisini təqdim edir:
 

İmam Əli (ə):

مَنْ عَشِقَ شَيْأً اعْشى‏ بَصَرَهُ، وَ امْرَضَ قَلْبَهُ، فهو يَنْظُرُ بِعَيْنٍ غَيْرِ صَحيحَةٍ، وَ يَسْمَعُ بِاذُنٍ غَيْرِ سَميعَةٍ، قَدْ خَرَقَتِ الشَّهَواتُ عَقْلَهُ، وَ اماتَتِ الدُّنْيا قَلْبَهُ

“Hər kim nəyə aşiq olarsa, bu məhəbbət onun gözünü kor və ürəyini xəstə edər. Belə isə, o, (dünyanın fəsadlarına) görməyən gözlə baxar, (həqiqətləri) eşitməyən qulaqla dinləyər. Əbəs istəklər onun ağlını didər, dünya isə qəlbini öldürər.”

(“Nəhcül-bəlağə”, xütbə 109.)

 

Qısa izah:

Bu ifadələr bütün insanlara mühüm bir məsələni aşılayır. Belə ki, insan həyatında “haqq” və “batil”, “doğru” və “yalan”la bağlı düzgün anlayışı olduğu zaman düzgün yolu keçə bilər. Xoşbəxtlikdən, Allah-Taala mərifət vasitələrini bütün insanların ixtiyarında qoymuşdur. Qurani-Kərimdə buyurulur:

وَ جَعَلَ لَكُمُ السَّمْعَ وَ الْابْصارَ وَ الْافْئِدَةَ

“Allah sizə qulaq və eşitmə qüdrəti, gözlər və görmə qabiliyyəti və (bədənin hissiyyatını idarə etmək üçün) ürəklər (əql) verdi.” (“Nəhl” surəsi, ayə 78.)

Bəzən də, bu vasitələr mərifət üçün maneələrə çevrilərək əks nəticələrlə sonuclanır.

Mərifətin maneələri çoxdur və onun maneə və bəlalarından biri hədisdə işarə olunan qeyri-həqiqi məsələlərə eşq bəsləməkdir. Bunu hər kəs şəxsi həyatında təcrübədən keçirmişdir. Bəzən eşq içində qıvrılanların ibadət libasında günaha qurşandığını, ibadətin tərkini ibadət sandığını da görmüşük! Bu isə, məxsusən, siyasi proseslərdə daha qabarıqdır.

Demək, Əhli-beytin (ə) nurlu kəlamlarından ilham alaraq hər bir məsələdə, o cümlədən, eşq və məhəbbətdə onun acınacaqlı nəticəsindən qurtulmaq üçün orta həddi gözləmək də lazımdır ki, eşq-məhəbbət qalın bir pərdə kimi həqiqətləri tanımağa mane olmasın.

Maide.az – Maarif bölümü