Həzrət Fatimeyi-Zəhranın (s.ə.) kəlamında “sileyi-rəhm”in hikməti

Xanımlar xanımı, hər iki dünyanın şahzadəsi həzrət Fatimeyi-Zəhranın (s.ə.) nurlu və hikmətli kəlamlarından birində bəzi ilahi hökmlərin və dini qaydaların fəlsəfəsinə işarə edilir. Bir mübarək hədisdə qohumları yoxlamağın və yaxınlarla əlaqələri gücləndirməyin hikməti ilə bağlı belə buyurur:

«... و صلة الارحام منسأة للعمر و منماة للعدد، ...».

“... Allah-Taala “sileyi-rəhm”i (qohum-əqrəbanı yoxlamaq və onlarla əlaqələri möhkəmlətmək) vacib etmişdir ki, insanın ömrü uzun olsun və birlikdə inkişaf etsinlər...” (“Əs-səqifətu vəl-Fədək”, Əhməd ibn Əbdüləziz Cövhəri Bəsri (vəvafı 323 h.q.), səh. 139; “Mən la yəhzuruhul-fəqih”, Şeyx Səduq, 3-cü cild, səh.568, hədis 4940.)

Qohum-əqrəbanı yoxlamaq və onlarla hər bir sahədə əlaqələri möhkəmləndirmək Quran-Kərimin (“Nisa”/1; “Ənfal”/75; “Əhzab”/6; “Bəqərə”/27; “Rəd”/21 və 25) və məsumların təkidli tövsiyələrindəndir. (“Əl-kafi, Şeyx Kuleyni, 2-ci cild, səh.150, “silətur-rəhim” bğlümü, hədis 1-3 və 23.)

Həzrət Zəhra (s) da bu hədisdə “sileyi-rəhm”in hikmətlərinə işarə edir və bu işi ömrün uzanıması, qohumların sayının çoxalması və hərtərəfli inkişafı üçün faydalı olduğunu vurğulayır.

Qohumluq əlaqələrini gücləndirmək və qoruyub-saxlamaq qohumların həmişə və vaxtlı-vaxtında bir-birinin halından xəbərdar olmağa gətirib çıxarır, vaxtında bir-birinin problemləri ilə maraqlanır və bu problemlərin həllində birlikdə çalışır və bir-birinin qəmi və şadlığında şərik olurlar.

İslami hədis qaynaqlarında nəql olunan çoxsaylı hədislərə görə (“Əl-kafi, Şeyx Kuleyni, 2-ci cild, səh.150, “silətur-rəhim” bölümü, hədis 1-3 və 23.) qohumluq əlaqələrini möhkəmləndirmək və qohumları yoxlamaq ömrü uzun və bərəkətli edir, ruzini artırır, sərvətə bərəkət verir, bəlaları uzaqlaşdırır, günahların bağışlanmasına səbəb olur, qiyamət hesabını yüngülləşdirir və Allahın razılığını cəlb edir.

Əlbəttə , “sleyi-rəhm” dedikdə də, təkcə qohumların evinə get-gəl etmək və əhval soruşmaq nəzərdə tutulmur. Salam vermək və kef-əhval tutmaq bunun ən aşağı dərəcəsidir və hamı ən azından buna əməl etməlidir. Əslində isə, bu gediş-gəlişə ona görə təkid edilir ki, qohumlar bir-birinin vəziyyətindən xəbərdar olsunlar, bir-birinin qəm və şadlığına qatılsınlar və yaranmış çətinliklərin həllində bir-birinə kömək etsinlər.

İslam mədəniyyəti insanları bu gözəl işə dəvət edərək qohumlar arasında əlaqələri sıxlaşdırmaq və yaxşılaşdırmaq istəyir. Çünki hər bir cəmiyyət ailə və qohumlardan təşkil olunur. Qohumların bir-biri ilə yaxşı münasibəti nəticədə cəmiyyətin də bir-biri ilə yaxşı münasibətlərinə gətirib çıxarır, bir-birinin problemlərini həll edən böyük və sağlam cəmiyyətlər yaranır.

Əgər ailədə və qohumlar arasında bu əlaqələr süstləşərsə, acı nəticəsi cəmiyyətdə də özünü göstərəcəkdir. İnsanlar bir-birindən uzaqlaşacaq, birlik və vəhdət pozulacaq, imkansızlara ürəkyandıran və baxan olmayacaqdır. Fərdlər və ailələr yaranmış problemlərin həllində çətinliklərlə üzləşəcək və cəmiyyətin ümumi saflığı və səmimiyyəti aradan gedəcəkdir. Buna görə də , həzrət Zəhra (s.ə.) da “Fədək” xütbəsində Peyğəmbərdən (s) sonra yaranmış mənfi atmosferdə insanları qohumluq əlaqələrini möhkəmləndirməyə çağırır və işarə edir ki, bu iş sizin ömrünüzü uzun edəcək və bütün sahələrdə inkişafınıza səbəb olacaqdır.

Mirməhəmməd Bəşir (Maide.az)