Həzrət İsa (ə) və bir günahkarın üzünə açılmış qurtuluş qapısı

İbrətamiz hekayələr

Bir gün Həzrət İsa (ə) öz həvariləri ilə birlikdə yoldan ötərkən, dövrün fasiqlərindən biri onları görüb özünü danlamağa başlayır:

Ya Rəbb, günah ərşə çıxır köçümdə,

Ürəyim həsrətdən alov içində.

Əməl naməm qara, işlərim xarab,

Yalnız rəhmətindən gözlərəm cavab.

Bu günahkar şəxs şər içində keçirdiyi ömrünü yadına salıb, rastlaşdığı pak insanların məqamına qibtə edir, düşünür ki, onun bu insanlarla yoldaş olmağa ləyaqəti yoxdur. Amma ümid edir ki, onların ardınca bir neçə addım getməklə xeyir tapa bilər. Bu məqsədlə onların ardınca düşür.

Həvarilərdən biri məşhur bir günahkarın onları izlədiyini görüb Həzrət İsaya (ə) deyir: “Ya Ruhullah! Bu qəlbi ölmüş çirkin şəxsin bizimlə yol getmək ləyaqəti varmı? Nə qədər ki, onun günahından zərər görməmişik, qov getsin.”

Həzrət İsa (ə) fikirləşdi ki, bu şəxsə nə desin. Bu vaxt vəhy nazil oldu: “Ya Ruhullah! Özünü bəyənən dostuna de ki, müflisə həqarətlə baxdığı üçün bu günədək etdiyi bütün xeyir əməlləri onun əməl naməsindən pozduq. O günahkar fasiqə də müjdə ver ki, hüzurumuzda çəkdiyi həsrət və peşmançılığa görə onun üçün qurtuluş qapısı açdıq.” (“Kumeyl duasının şərhi”, Ustad Hüseyn Ənsarian, səh.53-54.)

İmam Əmirəlmöminin Əli (ə) buyurur: “Bədgümanlıqdan (başqaları haqqında pis fikirləşməkdən) çəkinin, çünki bədgümanlıq ibadətin təsirini itirir və insanın günahını böyüdür.” “İman bədgümanlıqla bir yerə sığmır.” (“Qurərul-hikəm”, səh.263-264.)

Maide.Az