Həftəsonu qadağaları iyunun 13-15-də də tətbiq olunacaq

6 və 7 iyunda keçirilməsi nəzərdə tutulan imtahanların vaxtı dəyişdirildi

"Həftəsonu qadağalarının iyunun 13-ü, 14-ü və 15-də də tətbiq olunması nəzərdə tutulur".
 
Maide.Az xəbər verir ki, bunu Baş Nazir Əli Əsədov televiziya vasitəsilə çıxışında deyib.
 
Baş Nazir qeyd edib ki, xüsusi karantin qaydalarının yumşaldılmasından sonra əhali tələbləri daha çox pozub: “Ona görə də virusa yoluxanların sayında ciddi artım oldu. 
 
Odur ki, vəziyyəti öz axarına buraxa bilmərik və qərara alındı ki, qəti sərt tədbirlər görülsün. Digər şəhərlərdə də yoluxma halları artarsa izolyasiya tədbirlərinin orada da tətbiqi həyata keçiriləcək”.
 
6 və 7 iyunda keçirilməsi nəzərdə tutulan imtahanların vaxtı dəyişdirildi
 
6 və 7 iyun 2020-ci il tarixlərində keçirilməsi nəzərdə tutulan imtahanlar müvafiq olaraq 10 və 11 iyun tarixlərində keçiriləcək.
 
Dövlət İmtahan Mərkəzindən  verilən məlumata görə, Nazirlər Kabinetinin 04 iyun 2020-ci il tarixli 191 nömrəli qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı müəyyən məhdudiyyətlər tətbiq olunacaq.
 
Nazirlər Kabinetinin qeyd olunan qərarına uyğun olaraq Dövlət İmtahan Mərkəzi tərəfindən 6 və 7 iyun 2020-ci il tarixlərində keçirilməsi nəzərdə tutulan imtahanlar müvafiq olaraq 10 və 11 iyun tarixlərində keçiriləcəkdir. Yəni iyunun 6-da imtahanda iştirak etməli olan şəxslər iyunun 10‑da, iyunun 7-də imtahanda iştirak etməli olan şəxslər isə iyunun 11-də imtahan verəcəklər.
 
İmtahan keçiriləcək şəhər və rayonların ardıcıllığı, imtahanın başlanma saatı və imtahan iştirakçısının buraxılış vərəqəsində göstərilən binaya gələcəyi vaxt olduğu kimi qalır.
 
“İmtahana buraxılış vərəqəsi” çap etmiş şəxslərin yenidən buraxılış vərəqəsi çap etməsinə ehtiyac yoxdur.