Instagram pəhriz və kosmetik cərrahiyyə postlarına məhdudiyyət qoyur

Instagram bəyan edib ki, pəhriz məhsullarına və kosmetik cərrahiyyəyə aid bəzi postlara daha ciddi məhdudiyyətlər qoyacaq.
 
Sosial media platforması bildirib ki, sentaybrın 18-dən bəzi belə postlara yaş məhdudiyyəti qoyulacaq, bəzi postlar isə ümumiyyətlə silinəcək.
 
The Guardian yazır ki, eyni məhdudiyyətlər Facebook-a da şamil ediləcək.
 
Bundan əvvəl pəhriz, detoks və kosmetik cərrahiyyəyə aid məzmunun gənclərin ruhi sağlamlığına və vücud təsəvvürlərinə mənfi təsirindən narahatlıq ifadə olunmuşdu.
 
Instagram bildirir ki, yeni qaydalara görə bəzi arıqladıcı məhsulları və kosmetik prosedurları satış məqsədilə reklam edən postlar yaşı 18-dən aşağı olanlardan gizlədiləcək.
 
Bundan başqa platforma bildirir ki, pəhriz və arıqladıcı məhsulların “möcüzəvi” təsirindən yazan və kommersiya məqsədi güdən postlar Instagram-dan silincək.
 
Instagram-ın ictimai siyasət şöbəsinin rəhbəri Emma Collins deyib ki, bu məhdudiyyətlərdən məqsəd özündə vücud çatışmazlığı görənlərin üzərindən təzyiqi azaltmaqdır.
 
Khloé Kardashian-ı və sosial mediada pəhriz barədə yazan başqa internet şəxsiyyətlərini sərt tənqidləri ilə tanınan aktrisa və “vücud rahatlığı” kampaniyaçısı Jameela Jamil Instagram-ın qərarını ruhi sağlamlıq müdafiəçiləri üçün qələbə adlandırıb.
 
“Bu, diet-detoks sənayesinə qarşı davam edən mübarizədə nəhəng qələbədir. İnsanların fiziki və ruhi sağlamlığını müdafiə edən Instagram və Facebook dünyaya çox mühüm mesaj veriblər”.
 
830 min izləyicisi olan aktrisanın apardığı “Mənim çəkim” kampaniyası insanları öz vücud xüsusiyyətlərindən utanmadan nailiyyətlərini paylaşmağa çağırır. /azadliq.org