Kərbəla caniləri - Übeydullah ibn Ziyad

Kərbəla faciəsinin yaranmasında əsas rol oynayan şəxslərdən biri də Übeydullah ibn Ziyaddır (33-67 h.q.).

Adı Übeydullah, künyəsi Əbu Həfs və yaxud Əbu Əhmər, atasının adı isə Ziyaddır. Ziyad, Übeyd Şəbanın zövcəsi Süməyyədən doğulsa da, atası naməlumdur. Süməyyə zinakar qadın kimi şöhrəsi hər tərəfə yayılmış və Taif şəhərinin “Harrətul-Bəğaya” adlı məntəqəsində bir evi var idi. Bir gün Əbu Süfyan ibn Hərb Taif şəhərinə gedərkən, şərabsatan Əbu Məryəmdən cinsi ləzzət almaq üçün bir qadın istəyir. Əbu Məryəm Übeydin zövcəsi Süməyyəni onun yanına gətirir və beləcə, Ziyadın nütfəsi bağlanır və Übeydullah da 33-cü hicri-qəməri ilində belə bir şəxsin nütfəsindən doğulur. (“Tarixi-Təbəri”, c.5, səh.29; “Əl-kamilu fit-tarix”, c.3, səh.223; “Müxtəsəri tarixi-Dəməşq”, İbn Mənzur, c.15, səh.312.)

Übeydullahın anası Mərcanə İran əsirlərindən idi. Zinakarlıqla məşğul olduğundan, anasına nisbət verilirdi. İmam Hüseyn (ə) “Aşura” günü söhbətlərinin birində belə buyurmuşdur: “Əla innəd-dəi vəbnəd-dəi qəd rəkəzə bəynəsnətəyni bəynəs-silləti vəz-zilləti, heyhat minnəz-zilləti!” – Agah olun! Haramzadə (Ziyad) oğlu haramzadə (Übeydullah), məni iki məsələ – zillətlə yaşamaqla şəhadət arasında çərasiz qoymuşdur. Zillət isə məndən uzaqdır. (“Tarixi-Təbəri”, c.5, səh.425.)

Siyasi həyatı: Onun siyasi həyatı ilə bağlı ilk mətləb 41-ci hicri-qəməri ilində atası ilə birlikdə Əbu Süfyan oğlu Müaviyənin əli ilə zindana atılmasıdır ki, Əbu Bükrə Rəhayinin vasitəçiliyi ilə zindandan xilas oldu. O, atası Ziyad vəfat etdikdən sonra, təxminən, 53-54-cü illərdə Xorasana, 55-ci ildə isə Bəsrəyə vali seçildi. (“Siyərü əlamin-nübəla”, c.3, səh.545; “Tarixi-Təbəri”, c.5, səh.8-365, 1-ci cild, səh.380, 402 və 408.)

Übeydullah ibn Ziyad 60-cı hicri-qəməri ilində Kufəyə vali təyin edildi və faciəli cinayətlərə əl atdı. Buna Peyğəmbəri-Əkrəmin (s) yaxın qohumlarından olan Müslüm ibn Əqili qəddarcasına qətlə yetirdiyi, Hani ibn Ürvə, Meysəm Təmmar, Rüşeyd Hücri, Əbdüləla Kəlbi, Qeys ibn Müsəər, Abdullah Yəqtər, Əmmarə ibn Səlxəb Əzdi və bu kimi təqvalı səhabə və tabeini edam etdiyi, eləcə də, Kufə, Bəsrə və Xorasanda İmam Hüseyn (ə) və Əhli-beytin (ə) tərəfdarlarından bir qrup naməlum şəxsləri zindana atıb işgəncə verdiyini misal göstərmək olar. Onun nahaq və qəddar rəftarları Kərbəla hadisəsindən əvvəl ədalətsizliyini, hətta dinsizliyini belə aşılayır. (“Təhzibüt-təhzib”, İbn Həcər Əsqəlani, c.7, səh.451.)

Übeydullah elə xəbis və çirkin xislətlərlə yoğrulmuşdu ki, hətta Müaviyə oğlu Yezidin tərəfdarları belə ona nifrət edir və Yezidi müdafiəetmə məqamında Kərbəla hadisələrini, Əhli-beyt (ə) və onların dostlarına rəva görülən zülm və haqsızlıqları, İmam Hüseynin (ə) şəhadəti və Kərbəla faciəsini ona nisbət vermişlər. (“İnqilabi-Kərbəla əz didqahe əhli-sünnə – Əhli-sünnə baxımından Kərbəla inqilabı”, Ustad Əbdülməcid Nasiri Davud, 2-ci fəsil, səh.139-142.)

Tərcümə etdi: Rza Şükürlü (Maide.az)