Kərbəla şəhidi – Züheyr ibn Qeyn-1

Züheyr ibn Qeyni Aşura hadisəsinin qeyri-adi simalarından biri kimi tanımaq lazımdır. O, elə bir şəxs idi ki, ömür boyu Osmanın tərəfdarlarından biri kimi tanınmışdı, hətta İmam Hüseyn (ə) və onun ailəsi ilə qarşılaşmasın deyə, ayrı və uzaq mənzillərdə otraq edirdi. İlahi təqdir onu İmamla (ə) bir araya gətirdi və o Həzrətin mənəvi vücudu onun varlığını elə bir dəyərə mindirdi ki, Kufə qoşununun əldən verdiyi şeyləri o qazana bildi. Azğınlıq, xarlıq və ötəri ləzzətlər içərisində yaşamasına baxmayaraq, yalnız bir neçə günün ərzində əzəmətə çatıb Aşuranın əbədi simalarından birinə çevrildi.

Bəni-Fəzarə və Bəcilə qəbiləsindən olan camaat belə nəql edir: “Biz Züheyr ibn Qeyn ilə Məkkədən qayıdırdıq, yolda İmam Hüseyn (ə) və tərəfdarları ilə yanaşı hərəkət edirdik. İmam (ə) hər yerdə otraq etsəydi, biz o yerdən aralıda başqa bir mənzildə dayanardıq. Amma “Zərud” mənzilində çarəsiz bir yerdə otraq etməli olduq. Yemək yeməklə məşğul idik ki, birdən İmamın göndərdiyi şəxs gəldi və salamlaşıb dedi: “Ey Züheyr, məni Əba-Əbdillahil-Hüseyn (ə) göndərdi ki, onunla görüşəsən.”

Biz hamımız əlimizi yeməkdən çəkib sakit dayandıq.

کَأَنَّنا عَلى رُؤُسِنَا الطَّیْرُ

“Elə bil başımızın üstündə quş oturmuşdu!” (Ərəb misalı.)

Züheyrin xanımı dedi: “Subhanəllah! Allah Rəsulunun (s) övladı səni çağırır, amma sən getməkdən imtina edirsən?”

Züheyr yerindən qalxdı və narahat halda İmamın (ə) yanına getdi. Amma çox çəkmədən, gülərüzlə geri qayıtdı, göstəriş verdi ki, xeyməni toplasınlar və İmamın xeyməsinin yanında qursunlar. Sonra üzünü xanımına tutub dedi: “Səni boşadım, çünki istəyirəm məndən sənə ancaq yaxşılıq çatsın. Mən qərara gəlmişəm ki, İmam Hüseynlə (ə) birlikdə olum və canımı ona qurban verim.”

Sonra xanımını bir miqdar azuqə və mal ilə əmioğlanlarına təhvil verdi ki, onu vətənə çatdırsınlar.

Züheyrin xanımı ağladı və onunla vidalaşıb dedi: “Allah sənə kömək olsun, bu səfəri sənin üçün xeyirli etsin və Qiyamət günü İmam Hüseynin (ə) cəddinin yanında məni də yada sal.” (“Məlhuf” (Lühuf), səh.133; “Biharul-ənvar, c.44, səh.371.)

Sonra Züheyr onunla birlikdə olan yoldaşlarına üzünü tutub dedi: “Sizlərdən kim istəsə, mənimlə gələ bilər, əks halda, bu bizim sonuncu görüşümüzdür!”

Sonra sözlərinə belə davam etdi: Biz “Bələncərdə” (Xəzər dənizinin ətrafında bir şəhər adı) vuruşurduq və Allahın köməyi ilə qələbə çaldıq. Peyğəmbərin (s) səhabələrindən biri Salman Bahili bizə dedi: “Bu qələbəyə və qənimət əldə etdiyinizə görə sevinirsinizmi?” Dedik: “Bəli!” Dedi: “Ali-Muhəmməd (ə) gənclərinin ağasının yanında olan zaman onun kənarında vuruşub əldə etdiklərinizə görə daha çox sevinəcəksiniz.” (“Təbəri tarixi”, c.4, səh.298; İbn Əsir, “Kamil”, c.4, səh.42.)

İbrahim ibn Səid (Züheyrin həcc yoldaşlarından biri) nəql edir: “Züheyr İmam Hüseynin (ə) yanına getdikdə, İmam (ə) ona buyurdu: “Mən Kərbəlada şəhid olacağam və başımı Zəhr ibn Qeys mükafat almaq ümidi ilə Yezidin yanına aparacaq, amma Yezid ona heç nə verməyəcək.” (“İsbatul-hudat”, c.2, səh.588; “Dəlailul-imamət”, səh.182.)

Züheyr o gündən Aşuraya qədər tez bir zamanda mənəvi bir tərəqqi əldə etdi. Züheyrin bir neçə gün ərzində iştirak etdiyi səhnələr və ondan yadigar qalan sözlər bu misilsiz şəxsin böyük ruhi və mənəvi təkamülündən xəbər verir. Aşura hərəkatının böyük möcüzəsi də bu idi. Həmin hərəkat Züheyr kimi insanların islah olunmasında misilsiz rola malik idi.

Züheyrin yoldaşlarından heç kim onunla qalmadı, onların hamısı getdi, amma Züheyr İmam Hüseynə (ə) qoşuldu və ondan sonra onun taleyi Kərbəla ilə əlaqələndi.

Məhərrəm ayının 9-u Şümr ibn Zilcovşən, Həzrət Abbas (ə) üçün amannamə gətirəndə, Həzrət Abbas (ə) onu qətiyyətlə rədd etdi. Züheyr ibn Qeyn Həzrət Abbasa (ə) mehribancasına baxıb dedi: “Sənin üçün bir hadisə danışım: “Atan evlənmək istəyəndə, bütün ərəb qəbilələrini yaxşıca tanıyan qardaşı Əqilə buyurdu: Mənim üçün elə bir tayfadan qız seç ki, onlar şücaət və cəngavərlikləri ilə məşhur olsunlar.” O istəyirdi evlənəcəyi qadından elə bir uşağı olsun ki, Kərbəlada İmam Hüseynə (ə) kömək olsun!””

Həzrət Abbas (ə) dedi: “Sən istəyirsən məni qardaşıma kömək etməyə təşviq edəsən? Mən çoxdan fədakarlığa hazıram.” (“Məqtəlul-Huseyn”, Müqərrəm, səh.209.)

Tasua günü qürub vaxtı düşmən qəflətən hücum edəndə, Həzrət Abbas (ə) iyirmi nəfərlə onların qabağında dayandı. Həmin səhnənin yadda qalan simalarından biri də Züheyr ibn Qeyndir.

O zaman Züheyr, Uzrə ibn Qeysə – İmam Hüseynə (ə) məktub yazanlardan biri olmuş, indi isə İbn Sədin qoşunu ilə İmam Hüseynin (ə) xeymələrinə hücum çəkmişdi – üzünü tutub dedi: “Ey Uzrə, ehtiyatlı ol ki, yolunu azmışlara pak insanları öldürməkdə kömək edənlərdən olmayasan.”

Uzrə dedi: “Ey Züheyr! Sən indiyə qədər bu ailənin tərəfdarı (şiəsi) olmamısan, əksinə Osmanın tərəfində idin.”

Züheyr dedi: “Səninlə indiki mövqeyimlə danışıram, görmürsən İmam Hüseynin (ə) şiəsiyəm?! Allaha and olsun ki, mən İmam Hüseynə (ə) nə məktub yazdım, nə onun yanına elçi gonərdim, nə də ona kömək vədəsi verdim. Yolda onunla görüşdüm, onun Allah Rəsulunun (s) yanındakı məqamını anladım və Allah qarşısında onunla birlikdə olmağı, ona kömək etməli olduğumu hiss etdim.” (“Ənsabul-əşraf”, c.3, səh.392; “Əl-kamil”, İbn Əsir, c.4, səh.57 və “Təbəri tarixi”, c.4, səh.316; “Aşura – Tarixin ən böyük qəhrəmanlıq salnaməsi”, Ayətullah Məkarim Şirazi, səh. 713-718.)

 

Ardı var...

 

Maide.az – Maarif bölümü