Kərbəla caniləri - Hərmələ ibn Kahil Əsədi

Kərbəla faciəsinin yaranmasında əsas rol oynayan şəxslərdən biri də Hərmələ ibn Kahil (Kahin) Əsədidir. O, Kərbəla faciəsinin qara səhifəsində adı yazılan şəxslər sırasındadır və İslam Peyğəmbərinin (s) övladlarını qətlə yetirməkdə böyük rolu olmuşdur. (“Tarixi-Təbəri”, c.3, səh.343; “Əl-kamil”, c.2, səh.581.)

Kərbəla faciəsindən əvvəl, tarixdə və İslam tarixi ilə bağlı müxtəlif hadisələrdə Hərmələnin adı görünmür. Buna görə də, onun hətta İslamı haçan və necə qəbul etdiyi və zahirdə də olsa, müsəlman olduğu belə məlum deyil. Buna əsasən, onun kimilərin dünya malına çatması, bəzi qüdrət və sərvət əhlinə yaxınlaşmasından başqa bir şeyi təsəvvür etmək olmaz. Bununla yanaşı, burada qəbilə düşmənçilikləri, tayfaçılıq rəqabətlikləri, çapovulçuluq və təcavüzkarlıq məsələsini diqqətdən qaçırmamalıyıq.

Hərmələ ibn Kahilin adı qəddar və rəhmsiz insanların zümrəsində qeyd edilməlidir. O, bu vadidə elə cinayətlərə əl atdı ki, heç kimə bir bəhanə ilə onu cinayətlərində suçsuz bilməsinə macal vermədi. Bu da, həqiqətdə Kərbəla səhnəsində haqq ilə batil, İslamla küfr və dinlə dinsizliyin qarşıdurmasına dair aydın və danılmaz sübutlardan biridir.

Onu Kərbəla inqilabından əvvəl heç kim tanımırdı. Amma “Aşura” günü ən faciəli hadisələr və ağır cinayətlər zamanı adı dillərə düşdü və təkanverici qətl-qarətlər onun əli ilə mümkün oldu. Belə ki, İmam Səccad (ə) onun üçün ölüm və Cəhənnəm odu arzulayır, onu həmişə qarğış edirdi. Bəlkə də, Kərbəla səhnəsində ilk dəfə Hərmələnin adı İmam Həsənin (ə) oğlu Əbu Bəkri qətlə yetirdiyi zaman çəkilmişdir. İbn Cövzi “Təzkirətul-xəvass” kitabında belə yazır: “İmam Həsənin (ə) oğlu Əbu Bəkr də Kərbəlada öldürüldü. Onun anası kəniz idi. Onun qatili Hərmələ ibn Kahil Əsədidir.” (“Təzkirətul-xəvass”, İbn Cövzi, səh.178.)

(Əlbəttə, İmam Həsənin (ə) oğlu Əbu Bəkrin qatili ilə bağlı digər rəvayətlər də nəql olunmuş və “Nahiyeyi-müqəddəsə” ziyarətnaməsində göstərildiyi kimi, Abdullah ibn Üqbə Qənəvi də onun qatili kimi tanıtdırılmışdır. (“Biharul-ənvar”, c.98, səh.270.))

Qazi Nöman Misri də Əbu Bəkrin Hərmələ ibn Kahilin əli ilə qətlə yetirildiyini təsdiqləyir, amma onu İmam Hüseynin (ə) oğlu hesab edərək yazır: “Aşura günü Hüseynin oğlu Əbu Bəkr Hərmələnin atdığı oxla qətlə yetirildi. Onun anası kəniz idi.” (“Şərhul-əxbar”, Qazi Nöman, c.3, səh.178.)

Bəzi rəvayətlərə görə, Hərmələnin əli ilə şəhadətə yetən uşaqlardan biri də İmam Həsənin (ə) oğlu Abdullahdır. Onun əmisi Hüseynə (ə) məhəbbəti çox idi və o Həzrətin təlim-tərbiyəsi ilə böyümüşdü. İmam Hüseyn (ə) mübarizə meydanına qədəm qoyduqda, hədsiz dərəcədə tabsızlıq və ah-nalə edirdi, tez-tez əmisinin vəziyyətini soruşurdu. Bibisi Zeynəb (ə.s.) İmam Hüseynin (ə) vəsiyyəti ilə onu gözləyirdi ki, xeymədən çıxıb meydana tərəf qaçmasın. Nəhayət, o, bibisinin əlindən çıxıb əmisi Hüseynə (ə) doğri qaçmağa başladı. Həzrət Zeynəb (ə.s.) onu saxlamaq üçün nə qədər çalışsa da bacarmadı. O, İmam Hüseynin (ə) kənarına gəldikdə, o Həzrətin mübarək başı yarılmış, qana boyanmış halda yerə yıxılmış və düşmən mühasirəyə alıb başını bədənindən ayırmaq istəyirdi. Abdullah özünü əmisinin üstünə atıb kiçik əlləri ilə boynunu qucaqladı. Şəhidlər sərvəri İmam Hüseynin (ə) mübarək başını kəsmək istəyən Şümrün başına qışqırıb dedi: “Vay olsun sənə, ey xəbisə oğlu! Əmimi öldürmək istəyirsən?” Bu zaman Bəhr ibn Kəlb, Abdullahı göyə qaldırıb əlini kəsdi. İmam Hüseyn (ə) onu bağrına basıb buyurdu: “Səbirli ol ki, tezliklə xeyirxah ata-babalarına – Peyğəmbər (s), Əli ibn Əbu Talib (ə), Həmzə, Cəfər və Həsənə (ə) qovuşacaqsan.” Ondan sonra Hərmələ ibn Kahil, Abdullaha doğru bir ox atdı, sonra ona yaxınlaşdı və əmisinin qucağında ikən onun başını bədənindən ayırdı.

Südəmər körpənin şəhadəti

Şəhidlər sərvəri İmam Hüseynin (ə) südəmər körpəsinin şəhadəti də Hərmələ ibn Kahilin məşhur və dərdli-faciəli cinayətlərindəndir. O, körpə müsəlmanlar arasında Əliəsğər adı ilə məşhur olsa da, mötəbər mənbələrdə İmam Hüseynin (ə) oğlu Abdullah adı ilə qeyd edilir və südəmər bir körpə kimi tanıtdırılır.

Aşura günü İmam Hüseynin (ə) dostları və köməkçiləri şəhid olduqdan sonra, o Həzrət хеymələrə tərəf gəlib əhli-beytinə buyurdu: “Bəla və müsibət paltarını geyinin, amma səbir paltarını yırtmayın. Allah sizin aqibətinizi xeyirli, düşmənlərinizi isə (dünya və axirətdə) müxtəlif əzablara düçar edəcək.” Sonra Xanım Zeynəbə (ə) buyurdu:

ناوِلِينِي وَلَدِيَ الصَّغِيرَ حَتّىٰ أُوَدِّعَهُ

“Südəmər balamı yanıma gətir, onunla vidalaşım.”

İmam Hüseyn (ə) körpə balası Əliəsğəri qucağına alıb öpmək istədikdə, Hərmələ ibn Kahil Əsədi uşağı vurmaq niyyəti ilə bir oх atdı. Oх körpə uşağın boğazına dəydi. Uşaq şəhadətə yеtdi. Həzrət öz əlini uşağın boğazının altına tutdu, ovucu qan ilə dolduqda, onu göyə səpib dеdi: İmam Hüseyn (ə) əlini onun boğazının altına tutdu və əlinə yığılmış qanı göyə səpib buyurdu: “Allah şahid olduğu üçün, bütün çətinliklər mənə asandır.” (“Lühuf”, Seyid ibn Tavus, səh. 84)

Mənbələrdə Abdullah adı ilə qeyd olunan uşaqla Əliəsğər arasında bəzi oxşarlıqlar vardır və bir çox xətiblər qeyd edilən hadisəni Əliəsğərə nisbət verir və yaxud hər ikisini bir nəfər hesab edirlər.

Bu günahsız uşağın şəhadəti tutarlı sənədlərdən biri kimi Yezid ordusunun cinayətkarlıqlarının mahiyyətini göstərir. Çünki o uşaq heç bir ictihadla günahkar sayıla bilməz.

Hərmələ ibn Kahilin cinayətlərindən biri də, İmam Hüseynin (ə) ələmdarı, İmam Əlinin (ə) oğlu Həzrət Əbülfəzli (ə) şəhadətə yetirməsidir. Məşhur mənbələrin birində belə yazılır: “Hərmələ ibn Kahil Əsədi bir qrup Kufə əsgərləri ilə birlikdə Həzrət Əlinin (ə) oğlu həzrət Əbülfəzli şəhadətə yetirdi.” Əlbəttə, əksər tarixçilər Həkim ibn Nüxeyl və onun əsgərlərini o Həzrətin qatili kimi qeyd etmişlər. Ola bilsin, Hərmələ də onlarla birlikdə olduğu və bu cinayətdə iştirak etdiyi üçün o Həzrətin qatili kimi göstərilir.

Nəhayət, Hərmələ ibn Kahil Əsədi 65-ci hicri-qəməri ilində Muxtar Səqəfinin əli ilə qətlə yetirildi. (“Ənsabul-əşraf”, Bilazəri, c.3, səh.201; “Biharul-ənvar”, c.98, səh.270; “İnqilabi-Kərbəla əz didqahe əhli-sünnə – Əhli-sünnə baxımından Kərbəla inqilabı”, Ustad Əbdülməcid Nasiri Davud, 2-ci fəsil, səh.173-177.)

Tərcümə edən: Rza Şükürlü (Maide.az)