Kərbəla şəhidi – Məhəmməd ibn Abdullah ibn Cəfər Təyyar

Məhəmməd, Abdullah ibn Cəfərin Kərbəlada şəhadətə yetən digər bir övladıdır və anası xanım Zeynəbdir (s.ə.). O, döyüşdüyü halda bu rəcəzi oxuyurdu:

نَشْكُو إِلَى اللَّهِ مِنَ الْعُدْوانِ‌

فِعالَ قَوْمٍ فِي الرَّدى‌ء عُمْيانِ

قَدْ بَدِّلُوا مَعالِمَ الْقُرْآنِ‌

وَمُحكَمَ التَّنْزيلِ وَالتِّبْيانِ‌

وَأَظْهَرُوا الْكُفْرَ مَعَ الطُّغْيانِ‌

Alçaqlıqda korlara bənzəyən dəstənin əməlindən Allaha şikayət edirəm. O kəslərdən ki, Quran maarifi və möhkəm olan ayələri dəyişdirdilər, küfr və tüğyanı aşkar etdilər.

Məhəmməd Bəni-Haşimin digər gəncləri kimi qəhrəmacasına döyüşdü və Amir ibn Nəhşəlin əli ilə şəhadətə yetdi. (“Biharul-ənvar”, c. 45, səh.34; “Nəfəsul-məhmum”, səh.167.)

Təbəri yazır: “İmam Hüseyn (ə) və Abdullah ibn Cəfərin övladlarının şəhid olması xəbəri Mədinəyə çatdıqda, camaat Abdullah ibn Cəfərin evinə başsağlığı vermək üçün getdi. Abdullah ibn Cəfərin qulamı olan Əbul-Ləslas (ya Əbus-Səlasil) dedi: Bu çətinliklər Hüseyn (ə) tərəfindən bizim başımıza gəldi.”

Abdullah qulamının üstünə hücum edərək dedi: “Ey kənizin oğlu! Hüseyn (ə) barəsində nə danışırsan? Allaha and olsun, əgər mən də olsaydım, canımı fəda edənə qədər ondan ayrılmazdım. Bura candan keçməyin lazım gəldiyi yerdir. Övladlarımın qardaşıma, əmim oğluna yardım etmək və (müqəddəs hədəfləri yolunda) şəhadətə çatması mənim üçün asandır.”

Bu zaman orada iştirak edənlərə xitabən dedi:

وَالْحَمْدُ للَّهِ، عَزَّ عَلَيَّ مَصْرَعُ الْحُسَيْنِ عليه السلام، إنْ لاأَكُنْ آسَيْتُ حُسَيْناً بِيَدي؛ فَقَدْ آساهُ وَلَداي‌

“Allaha həmd edirəm. İmam Hüseynin (ə) şəhadəti mənim üçün çətin və ağırdır. Özüm orada olub canımı fəda edə bilməsəm də, övladlarım bu işi gördülər və ona yardım etdilər.” (“Tarixi-Təbəri”, c.4, səh.357; “İrşad”, Şeyx Müfid, səh.461; “Biharul-ənvar”, c.45, səh.123.)

Məhəmməddən başqa, Cəfər Təyyarın xanədanından Ovn ibn Abdullah ibn Cəfər, Abdullah ibn Abdullah ibn Cəfər və Qasim ibn Məhəmməd ibn Cəfər də İmam Hüseynin (ə) kənarında Aşura günü şəhadət feyzinə nail oldular. (“Aşura – Tarixin ən böyük qəhrəmanlıq salnaməsi”, Ayətullah Məkarim Şirazi, səh.785-787.)

Maide.az – Maarif bölümü