Kərbəla şəhidi – İmam Əlinin (ə) oğlu Abdullah

Abdullahın anası Ümmül-Bənindir. O, qardaşı Həzrət Əbülfəzl-Abbasdan (ə) səkkiz yaş kiçikdir və Əmirəlmömininin Əlinin (ə) şəhadəti zamanı onun 6 yaşı var idi. Aşura günü şəhid olduğu zaman isə 25 yaşında idi. Bəni-Haşimdən olan bəzilərinin şəhadətindən sonra Həzrət Əbülfəzl-Abbas (ə) qardaşı Abdullah, Osman və Cəfəri yanına çağırdı və dedi: “Gedin öz canınızı qardaşınız və İmamınıza fəda edin ki, Allah yanında sizi nəzərdə tutum və düşməndən sizin intiqamınızı alım.”

(Təbəri və İbn Əsir bu məsələdə böyük səhvə yol verərək ifadələri bu cür nəql etmişlər:

تَقَدَّمُوا حَتَّى أَرِثَكُمْ

“Gedin şəhid olun ki, sizdən irs aparım.” (“Təbəri tarixi”, c. 4, səh. 342, “Əl-kamil”, İbn Əsir, c.4, səh.76.)

Bəni-Haşimin Qəməri Həzrət Əbülfəzl-Abbas (ə) kimi mərifət və fədakarlıq sahibi olan bir şəxsiyyətin bu cümlələri deməsi qəbulolunmazdır. Bir qayda olaraq, buna heç bir əsas da yoxdur. Ona görə ki, onların anası Ümmül-Bənin sağ idi və ana həyatda olduğu müddətdə qardaşa irs düşmür. Əksinə düzgün ifadə belədir:

تَقَدَّمُوا حَتّى‌ أَرَاكُمْ قَدْ نَصَحْتُمْ لِلَّهِ وَلِرَسولِهِ

“Qabağa düşün ki, zisin fədakarlığınızla Allaha və onun Peyğəmbərinə (ə) nisbətdə xeyirxahlıq etdiyinizi görüm. (“Əyanuş-şiə”, c.1, səh.608)

Bəzi nüsxələrdə «حَتّى‌ أَثْأَرَكُمْ» ibarəsi də nəql olunmuşdur ki, mənası “intiqam alım” deməkdir. Amma Təbəri və İbn Əsir yanlışlıqla onu «حتّى أَرِثَكُمْ» “irs aparım” kimi nəql etmişlər.)

Abdullah meydana qədəm qoyarkən bu rəcəzi oxuyurdu:

أَنَا بْنُ ذِي النَّجْدَةِ وَالْأَفْضالِ‌

ذَاكَ عَلِيٌّ الْخَيْرِ فِي الْأَفْعالِ‌

سَيْفُ رَسُولِ اللَّهِ ذُوا النِّكالِ‌

فِي كُلِّ يَوْمٍ ظاهِرِ الْأَهْوالِ‌

Mən rəftar baxımından hamıdın üstün olan, fəzilət və iftixar sahibi Əli ibn Əbutalibin oğluyam. O, çətinlikdə Allah Rəsulunun (s) qılıncı və düşmənlər üçün hər gün qorxu səbəbi idi.”) (“İbsarul-eyn”, səh.34; “Əyanuş-şiə”, c.1, səh.608; “Məqatilut-talibin”, səh.54; İbn Əsəm, “Əl-futuh”, c.5, səh.113.)

O, Hani ibn Sübeyt ona həmlə edib qılıncı başına endirənə qədər qəhrəmancasına döyüşdü. Abdullah yerə yıxıldı və siması qanlı halda şəhadətə çatdı. (“Biharul-ənvar”, c.45, səh. 8; “Aşura – Tarixin ən böyük qəhrəmanlıq salnaməsi”, Ayətullah Məkarim Şirazi, səh.787-789.)

Maide.az – Maarif bölümü