Kərbəla şəhidi – İmam Əlinin (ə) oğlu Osman

İmam Əlinin (ə) oğlu Osman, Ümmül-Bəninin övladlarındandır və Həzrət Əbülfəzlin (ə) qardaşıdır. Əmirəlmöminin Əlinin (ə) şəhadəti zamanı onun dörd yaşı vardı və Aşura günü iyirmi üç yaşında idi. İmam Əlinin (ə) onun adını nə üçün Osman qoymasının səbəbi barədə yazırlar ki, o Həzrət Allah Rəsulunun (s) böyük səhabəsi Osman ibn Məzuna məhəbbət bəslədiyindən, adını “Osman” qoymuşdu. O həzrətin belə buyurduğu da nəql olunur:

 

إِنَّما سَمَّيْتُهُ بِإِسْمِ أخي عُثْمانَ بْنِ مَظْعُونَ‌

 

Həqiqətən, mən səni qardaşım Osman ibn Məzunun adı ilə adlandırdım!(“Biharul-ənvar”, c.45, səh.38.)

 

Osman ibn Əlinin qardaşı Abdullah ibn Əli şəhadətə çatdığı zaman, Həzrət Əbülfəzl (ə) Osmana üz tutaraq buyurdu:

 

تَقَدَّمْ يا أَخِي‌

 

“Qabağa düş, ey qardaş! ”

 

Osman ibn Əli bu rəcəzi oxuyaraq meydana tərəf hərəkət etdi:

 

إِنِّي أَنَا عُثمانُ ذُوالْمَفاخِرِ

شَيْخِي عَلِيٌّ ذُوالْفِعالِ الظَّاهِرِ

وَابْنُ عَمٍّ لِلنّبِيِّ الطَّاهِرِ

أَخي حُسَيْنٌ خِيْرَةُ الْأَخايِرِ

وَسَيِّدُ الْكِبارِ وَالْأَصاغِرِ

بَعْدَ الرَّسُولِ وَالْوَصِيِّ النَّاصِر

 

Mən Osmanam, iftixarlar sahibi! Atam Əlinin (yaxşı) rəftar sahibi olması aşkardır.O, pak Peyğəmbərin (a) əmisi oğludur və qardaşım Hüseyn (ə) ən yaxşıların yaxşısıdır. O yaşlılar və gənclərin sərvəri (böyüyü), Peyğəmbər (s) və onun vəsisindən (Əlidən (ə)) sonra dinə yardım edəndir.

 

Osman, Xuli ibn Yezidin oxuna tuş gəlib yerə yıxılana qədər beləcə rəcəz oxuyur və qorxu bilmədən döyüşürdü. Sonra bir nəfər irəli çıxıb mübarək başını bədənindən ayırdı. (“Məqatilut-talibin”, səh.5; “Biharul-ənvar”, c.45, səh.37; “Aşura – Tarixin ən böyük qəhrəmanlıq salnaməsi”, Ayətullah Məkarim Şirazi, səh.789-790.)

 

Maide.az – Maarif bölümü