Kafirlərə qarşı sərt, öz aralarında isə mehriban olan ilahi dostlar

Quran məsəllərindən nümunələr

Allah-Taala Qurani-Kərimin “Fəth” surəsinin 28-29-cu ayələrində buyurur:

هُوَ الَّذِی أَرْسَلَ رَسُولَهُ بِالْهُدَى وَدِینِ الْحَقِّ لِیظْهِرَهُ عَلَى الدِّینِ كُلِّهِ وَكَفَى بِاللَّهِ شَهِیدًا

“Bütün dinlərə qalib etmək üçün Öz peyğəmbərini hidayət (çırağı) və haqq dinlə göndərən Odur. (Bu məsələyə) şahidlik üçün Allah kifayətdir.”

مُحَمَّدٌ رَسُولُ اللَّهِ وَالَّذِینَ مَعَهُ أَشِدَّاءُ عَلَى الْكُفَّارِ رُحَمَاءُ بَینَهُمْ تَرَاهُمْ رُكَّعًا سُجَّدًا یبْتَغُونَ فَضْلًا مِنَ اللَّهِ وَرِضْوَانًا سِیمَاهُمْ فِی وُجُوهِهِمْ مِنْ أَثَرِ السُّجُودِ ذَلِكَ مَثَلُهُمْ فِی التَّوْرَاةِ وَمَثَلُهُمْ فِی الْإِنْجِیلِ كَزَرْعٍ أَخْرَجَ شَطْأَهُ فَآزَرَهُ فَاسْتَغْلَظَ فَاسْتَوَى عَلَى سُوقِهِ یعْجِبُ الزُّرَّاعَ لِیغِیظَ بِهِمُ الْكُفَّارَ وَعَدَ اللَّهُ الَّذِینَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ مِنْهُمْ مَغْفِرَةً وَأَجْرًا عَظِیمًا

“Muhəmməd Allahın peyğəmbəridir. Onunla birgə olanlar kafirlərə qarşı güclü və sərt, öz aralarında isə mehribandırlar. Onları həmişə rüku və səcdə halında, daim Allahın lütf və bəxşişini və Onun razılığını diləyən görərsən. Onların (ibadət və itaətkarlıqlarının) nişanəsi səcdə nəticəsində üzlərində görünür. Bu onların (Musanın) Tövrat(ın)dakı vəsfidir. Onların (İsanın) İncil(in)dəki vəsfi isə (Allahın,) pöhrələrini (kənarlarından) çıxardığı və gücləndirdiyi, nəhayət, qalınlaşaraq möhkəmlənib əkinçiləri təəccübə salaraq öz gövdəsi üzərində dayanan zəmi kimidir. (Allah,) onların vasitələri ilə kafirləri qəzəbləndirmək üçün (belə edib). Allah onlardan iman gətirib yaxşı işlər görənlərə bağışlanma və böyük mükafat vəd edir.”

Birinci ayədə İslam Peyğəmbəri (s) iki nişanə ilə belə tanıtdırılır:

1. {هُوَ الَّذِی أَرْسَلَ رَسُولَهُ بِالْهُدَى وَدِینِ الْحَقِّ...} – “Allah-Taala onu hidayət və haqq dinlə göndərmişdir.”

2. {لِیظْهِرَهُ عَلَى الدِّینِ كُلِّهِ وَكَفَى بِاللَّهِ شَهِیدًا} – “Onun dini (İslam dini) bütün dinlərə qalib gələcəkdir.”

Əlbəttə, bu ayədəki qələbə döyüş meydanlarındakı hərbi yox, əksinə günbəgün bütün dünyanı bürüyəcək fikir və məntiq qələbəsidir və bu, bütün dünyanı İslam bayrağı altında birləşdirəcək İmam Zamanın (ə.c.) zühuru zamanına təsadüf edəcək.

İkinci ayədə isə İslam Peyğəmbərinin (s) səhabələrinin səciyyələrindən söz açılır:

1. {...وَالَّذِینَ مَعَهُ أَشِدَّاءُ عَلَى الْكُفَّارِ...} – İslam Peyğəmbərinin dostları kafirlərin müqabilində güclü və onlara qarşı sərtdirlər.

2. {...رُحَمَاءُ بَینَهُمْ...} – Onlar öz aralarında isə mehribandır və bir-birinə qarşı mərhəmətlidirlər.

3. {...تَرَاهُمْ رُكَّعًا سُجَّدًا...} – Onları həmişə rüku və səcdə halında görərsən.

4. {...یبْتَغُونَ فَضْلًا مِنَ اللَّهِ وَرِضْوَانًا...} – Onlar daim Allahın lütf və bəxşişini diləyər, ibadət və zəhmətləri Onun razılığını qazanmaq üçündür.

5. {...سِیمَاهُمْ فِی وُجُوهِهِمْ مِنْ أَثَرِ السُّجُودِ...} – Onların imanları üzlərindəki səcdə izlərindən məlumdur.

6. {...ذَلِكَ مَثَلُهُمْ فِی التَّوْرَاةِ وَمَثَلُهُمْ فِی الْإِنْجِیلِ...} – İncil və Tövratda da onların səciyyələri belə göstərilmişdir.

Peyğəmbərin (s) dostları mövqe və məqsəd baxımından da müəyyən səciyyələrə malikdirlər:

1. güc və qüdrət baxımından daim təkamüldədirlər;

2. artan güc və qüdrətləri kafirləri qəzəbləndirir.

Bu əlamətlər cücərib pöhrələnən, qalınlaşaraq möhkəmlənən, öz gövdəsi üstündə dayanan və nəticədə əkinçiləri heyran qoyan zəmiyə bənzəyir. Allahın İslam Peyğəmbərinin (s) dostlarına verdiyi bu güc və qüvvə kafirləri qəzəbləndirmək üçündür. Allah iman gətirib yaxşı əməllər yerinə yetirənlərə məğfirət (günahlardan bağışlanma) və böyük mükafat (Cənnət) vəd edir! (“Qurani-Kərimdə ibrətamiz məsəllər”, Ayətullah Cəfər Sübhani, 49-ci məsəl, səh.156-157.)

Maide.az – Maarif bölümü