Koronavirusa görə bu dərmanların qıtlığı yaranıb

Koronavirusun müalicəsində effektli olduğu deyilən dərmanlara tələbat artıb.  

 
Məsələ ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında geniş süjet yayımlanıb.  
 
Mətanət Cəfərova – Həkim: “Bu dərmanlar daha çox parasetamoldur, vitamin D, vitamin C və eyni zamanda virus əleyhinə təsir göstərən müəyyən qrup preparatlardır”.  
 
Bu və digər dərmanlara dərmanlara tələbatın artması, insanların daha çox bu dərmanlardan alması həmin preparatların tükənməsinə səbəb olub. Bəli, hazırda əksər apteklərdə bu dərmanların qıtlığı müşahidə olunur. Hətta tapmaq belə mümkün deyil.  
 
Əczaçı: “Parasetamol yoxdur gəlmir, amma tələbat artıb. Virus əleyhinə olan Arbidol da çox alınır, ona da tələbat artıb. Bəlkə gün ərzində 20 adam bizdən Arbidol soruşur. Çünki son vaxtlar Arbidolun qutusunun üzərində koronavirusun şəkili var idi. Camaat onu konkret koronavirus üçün bilir”.  
 
Həkimlərin sözlərinə görə, koronavirus simptomlarını hiss edən şəxslər əsasən parasetamoldan istifadə edirlər. Arbidol isə virusa qarşı mübarizdə effektli olduğu üçün insanlar daha çox onu axtarır.  
 
Mətanət Cəfərova – Həkim: “Bunun əsas səbəbi insanların ajiotaj içində apteklərdən lazım oldu-olmadı, yaş fərqinə baxmadan, böyükdən-kiçiyə, yaşlıdan-uşağa müəyyən qrup dərmanların verilməsidir”.  
 
Sakin: “Bu yaxınlarda çörəyə görə necə ajiotaj yarandığını gördünüz. Dərmanları da eləcə ajiotaja düşərək alırlar, qıtlıq yaranır”.  
 
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, ölkədə dərman qıtlığının yaranmasının başqa səbəbləri də ola bilər.  
 
Eyyub Hüseynov – AİB-in sədri: “İstehsalçılar və yaxud idxalçılar süni olaraq defisit yarada bilərlər. Yəni dərman idxalçıları öz aralarında müəyyən razılığıa gəlirlər, qiyməti artırırlar. Şübhəsiz ki, məqsədləri məhsulu, dərmanı bazardan azaldıb qiyməti artırmaq ola bilər. Ola da bilər ki, doğrudan da dünya bazarında abu dərmanlar zalıb, onları idxal etməkdə çətinlik var”.  
 
Əczaçılıq məhsullarının Azərbaycanda ən böyük idxalçılarından olan şirkətdən isə bildirildi ki, mövcud vəziyyət bəzi dərmanlara tələbatın artması və pandemiya dövründə idxalda yaranan çətinliklə əlaqədardır.  
 
Telefon bağlantısı: “Bizim özümüzə də az gəlir. Yəni özümüz istehsal etmirik. Xaricdən gələnlərdir. Ona görə az miqdarda olduğu üçün tez bitir. Vaxtı vaxtında təyarələr gəlmir, vaqonlar gəlmir deyə gecikmələr yaranır”.  
 
Qeyd edək ki, sözügedən dərman vasitələri əsasən Rusiya, Türkiyə və İrandan idxal olunur.