'Kredit şərtləri ağır olduğundan vətəndaşlar yararsız avtomobillər alırlar'

“Marja.az”da “Kredit şərtləri ağır olduğundan vətəndaşlar yararsız avtomobillər alırlar" sərlövhəli məqalə oxumaq olar.

 
Müəllif  belə yararsız avtomobillərin alınması səbəblərinə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qəmbərovla söhbətində aydınlıq gətirir.
 
Onun sözlərinə görə, Azərbaycanda atmosferə atılan zərərli maddələrin böyük hissəsi avtomobillərin payına düşür və bu mənada xüsusilə Abşeron yarımadasında vəziyyət daha acınacaqlıdır.
 
İdarə rəisinin deməsinə görə, ölkədə istifadədə olan avtomobillərin əksəriyyəti köhnəlib: “Onlar atmosferə daha çox zərərli qaz buraxır. Artıq köhnə avtomobillərdən imtina edib elektrik və hibrid avtomobillərə keçməyin vaxtı çatıb”.
 
Avtomobil bazarı üzrə ekspert Eldəniz Cəfərov isə deyir ki, ölkədə istismarda olan 1 milyon 500 minə yaxın avtomobilin böyük əksəriyyəti istismar dövrünü başa vurub.
 
Onun fikrincə, bu avtomobillər yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, ətraf mühitin mühafizəsi baxımından yararsızdır və vətəndaşların yeni avtomobillər alması üçün imkanlar genişləndirilməlidir.
 
Ekspert hesab edir ki, avtomobil kreditlərinin şərtləri olduqca ağırdır.
 
Onun sözlərinə görə, banklar yeni avtomobil almaq istəyən şəxslərdən 40 faiz ilkin ödəniş tələb edirlər, krediti isə illik 15-17 faizlə təklif edirlər: “Ona görə də vətəndaşlarımız məcbur qalaraq xarici ölkələrdən yararsız avtomobillər gətirirlər”.
 
E.Cəfərovun sözlərinə görə, ilkin ödəniş 20 faizə, kreditin illik faiz dərəcəsi isə 9-10 faizə endirilsə vətəndaşlar daha çox yeni avtomobillər almağa can atarlar.