Lənkəranda yol qəzasında sürücü yanaraq ölüb

Fövqəladə Hallar Nazirliyi Lənkəranda ölümlə nəticələnən qəza ilə bağlı məlumat yayıb.
 
"Report"un xəbərinə görə, məlumatda bildirilib ki, Lənkəran şəhərinin Girdəni kəndində VOLVO və “QAZel” markalı iki yük avtomobilinin toqquşması nəticəsində yanğın hadisəsi baş verib.
 
Hadisə yerinə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunub. Yanğın nəticəsində “QAZel” markalı yük avtomobilinin mühərrik hissəsi, kabinəsi və banında olan 3 ton arpanın 1,5 tonu yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) yanmış meyiti xilasedicilər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Digər avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
 
"Report"un bölgə müxbirinin əldə etdiyi məlumata görə, ölən şəxs Cəlilabad rayonunun Alar kənd sakini, 1983-cü il təvəllüdlü Əzizov Rasif Nabatəli oğludur.