Ölümü izlərkən...

Gözlərindən axan yaşlara hakim ola bilmirdi. Aqibətini bildiyi bir həyat üçün niyə çalışmamışdı? Ömrünün  bir gün tamamlanacağını bilə-bilə gələcəyini niyə qaraltmışdı? Cənnətin yolunu üzünə bağlamış, yaşadığı həyatla cəhənnəmin yolunu tutmuşdu. Heç bu vəziyyətə düşəcəyini bilmirdi.

Gənc gözlərini çətinliklə açdı. Qaranlıqda heç bir şey görə bilmirdi. Yalnız bürkülü kiçik bir yerdə olduğunu hiss edirdi. Ayaqlarını, əllərini tərpətmək istəsə də bacara bilmədi. Başını sağa-sola çevirmək istədi, heç cür bədəninə hökm edə bilmədiyini anladı. Nə olduğunu, sonuncu dəfə nə etdiyini xatırlamaq istəyirdi, amma çarəsiz idi.

- Bura qəbir idi. O da ölmüşdü. Buna inana bilmirdi, amma gec idi, geri qayıtmaq şansının olmadığını anlamışdı.

Bu cür olmamalı idi. Ağzında dostları ilə birlikdə ağlı başından çıxana qədər içdiyi içki qoxusu, əlində isə oynadığı qumar kağızlarının kiri var idi. Heç olmasa bunları etməmiş ölsəydi. Əllərindən o murdar çirki, nəfəsindən içki qoxusunu yox edə bilsəydi. Üzərindəki ağırlıq getdikcə daha da artır, həm bədəni, həm də ürəyi sızıldayırdı.

"Ailəsi və uşaqları evə qayıtmadığını görüb nə edəcəklər? "Narahat olarlar görəsən?", - deyə fikirlər keçirdi xəyalından. Uşaqlarını incidən, analarını döyən, içkinin təsiri ilə qarşısına çıxana sataşan, uşaqların ruzisini qumar və içkiyə xərcləyən bir ata evə gəlməyəndə narahat olarlarmı görəsən?.... Bəs anası? Sonuncu dəfə nə vaxt görmüşdü anasını? Bir həftə əvvəl idi, qumar pulu tapa bilməyib, borc pul almaq üçün getmişdi anasının yanına. Pul verməyən anasını möhkəm incidib, qolbaqlarını alıb uzaqlaşmışdı o evdən. Anası "Oğlum, peşman olacağın şeyləri etmə! Sənə qarğış etmək istəmirəm. Özünə qayıt balam, yalvarıram, özünə qayıt", - fəryad etmişdi arxasıyca.

Bəs dostları, qonşuları, qohumları? Hamısı ilə problemi olmuşdu. Onun yaşadığı həyata görə, nə onun evinə gəlir, nə də onu evlərinə dəvət edirdilər. Bütün əlaqələrini kəsmişdilər onunla. Arxasıyca yaxşı nəsə danışacaq, bir "Fatihə" oxuyacaq, ölümünə, həqiqətən, kədərlənəcək heç kimi yox idi.

"Kaş təkrar dünyaya qayıda bilsəm, etdiyim bütün günahlarımı təmizləyə bilsəm. İçkini, qumarı tərk edib, insanlarla dostluq əhatəsində həyat yaşayardım. Allahım, yenidən dünyaya qaytar məni", - deyirdi öz-özünə.

Bunun bir yolu var idi görəsən? Geriyə qayıdıb edilən bütün günahları yumaq mükün idi? Cəhənnəmin qapısına qədər gəlib sonra cənnətə layiq olmadığı üçün dünyaya geri qayıtmaq mümkündür? Əlbəttə, mümkün olmayan bir həqiqətdir.

Bu həqiqət onu daha da həyəcanlandırıb, qorxudurdu. "Anam özünə qayıt, dediyində kaş ki onu dinləsəydim. Allahım, yalvarıram mənə bir fürsət ver, nə olar!"

Bütün bunları söyləyərkən gözlərindən axan yaşlara hakim ola bilmirdi.
 
"Gənc idim. Ölüm yaşlılar üçündür əslində, onun vaxtı var idi. Bəlkə də, yaşasaydım, doğru yola qayıdardım? Niyə gənc yaşında öldüm? "Kimi aldadıram mən. Yüz yaşıma qədər yaşasaydım da, eyni həyatı yaşayacaqdım"

Bunları düşünərkən bədənindəki ağırlıq getdikcə onu narahat etməyə başlamışdı. Kaş xilas ola bilsəydi, bu ağrılardan. Dərin bir səssizlik hakim idi. İnsanın içini ürpərdən, ürəyini sızladan qorxunc bir səssizlik. Və birdən o dəhşətli səssizlik pozuldu.

"Allahu Əkbər! Allahu Əkbər!...."

Azan səsi idi bu! Bəli, azan səsi! Bundan əvvəl heç diqqətini çəkməmişdi bu səs.

İnsanı rahatlaşdıran bu çağırış, ona heç vaxt bu cür  təsir etməmişdi. Azan qurtardıqdan sonra içəri işıqlandı. Bir müddət sonra gün ağarmağa başladı. O artıq hər şeyi anlamışdı. Evində idi. Sərxoş gəlmişdi. Evin içərisində aşa-aşa gəzərkən masaya toxunmuşdu. Ayaqüstə güclə dayanırdı. Yerə yıxılarkən masa da üstünə aşmışdı. Yaşayırdı. Masanı üstündən kənara atdı. Əllərini, ayaqlarını yavaşca hərəkət etdirdi.

Heç bu qədər sevinməmişdi. Həyatı boyu belə xoşbəxtlik yaşamamışdı. Oturduğu yerdə düşüncələrə dalmışdı. Yaxşı, indi nə edəcəkdi? Köhnə həyatına geri qayıdacaqdı? Yoxsa ölümü bu qədər yaxın hiss etdikdən sonra cənnətin yolunu açacaq əməlləri edəcəkdi?

Tez qalxıb dəstəmaz aldı. Və bu yaşına qədər üz tutmadığı Rəbbinə tərəf yönəldi. O elə namaza başlamaq istəyirdi ki, xanımı qapını açdı. Gördüyü mənzərəyə inana bilmədi. Uşaqlarının atası, həyat yoldaşı, o, namaz qılarkən lağ etdiyi həyat yoldaşı Rəbbinin hüzurunda idi. Əlləri səmada, gözləri yaşlı....