Müəllimlərin yerdəyişməsi üzrə müsabiqənin yekun nəticələri açıqlanıb

 
Təhsil Nazirliyi müəllimlərin yerdəyişməsi üzrə müsabiqənin yekun nəticələrini açıqlayıb. Nazirlikdən verilən məlumata görə, "Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun tənzimlənməsi barədə" 21 aprel 2014-cü il tarixli, 445 nömrəli əmri ilə təsdiq olunmuş Qaydalara müvafiq olaraq hazırda işləyən müəllimlərin bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilib.
 
2014-cü ilin may ayında yerlərdən daxil olmuş vakansiyalar Təhsil Nazirliyində təhlil olunub və elan edilib. 1-10 iyun tarixlərində elektron ərizələrin qəbulu aparılıb, ərizəsi təsdiq edilmiş 771 nəfər müəllim yerdəyişmə üzrə müsabiqəyə buraxılıb.
 
17-23 iyun 2014-cü il tarixlərində keçirilmiş müsabiqənin 1-ci mərhələsində test tapşırıqlarının yerinə yetirilməsinin nəticəsi olaraq ən yüksək bal toplamış namizədlərdən 140 nəfəri 2-ci mərhələyə-müsahibəyə buraxılıb. Müəllimlərin yerdəyişməsi üzrə müsabiqənin yekun nəticəsinə əsasən 96 nəfər iş yerini dəyişmək hüququ qazanıb.
 
Müsabiqə nəticəsələrinə görə, iş yerlərini dəyişən tarix müəllimi 20 nəfər, ibtidai sinif müəllimi 16 nəfər, Azərbaycan dili və ədəbiyyat müəllimi 11 nəfər, Coğrafiya müəllimi 10 nəfər, biologiya müəllimi 10 nəfər, fizika müəllimi 9 nəfər, riyaziyyat müəllimi 7 nəfər, ingilis dili müəllimi 6 nəfər, kimya müəllimi 2 nəfər, musiqi müəllimi 2 nəfər, informatika müəllimi 1 nəfər, rus dili müəllimi 1 nəfər, fiziki tərbiyə müəllimi 1 nəfər olub.
İş yerini dəyişən 96 müəllimin şəhərlər (rayonlar) üzrə seçimi zamanı Bakı şəhərini seçənlərin sayı çoxluq təşkil edib. Bakı şəhərini 40, Gəncə şəhərini 4, Şirvan şəhərini 1, Abşeron rayonunu 5, Goranboy, Hacıqabul və Tovuz rayonlarının hər birini 4, İsmayıllı və Oğuz rayonlarının hər birini 3, Ağdam, Bərdə, İmişli və Şəmkir rayonlarının hər birini 2, Ağdaş, Ağstafa, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Füzuli, Göyçay, Göygöl, Laçın, Lənkəran, Masallı, Qəbələ, Qobustan, Quba, Sabirabad, Tərtər, Xaçmaz, Xızı, Yardımlı və Yevlax rayonlarının hər birini isə 1 nəfər seçərək yerini dəyişib.