Məzmunsuz əməl, içiboş qarpız

Hər bir əməl kimi dini ayinlərin, ibadətlərin də forma və məzmunu var. Forma əməlin zahirini, məzmun isə əsl mahiyyətini, fəlsəfəsini təşkil edir. Şəriətdə göstərilən əməllər əslində, məzmununa, fəlsəfəsinə görə təyin olunub, forma isə həmin məzmunu, mahiyyəti aşılamaqdan, xatırlatmaqdan ötrü bir növ motivasiyadır.
 
Namaz nədir? Bu suala iki cür cavab vermək olar: 1. Forma ilə: Namaz qiyam, rüku, səcdə və digər hərəkətlərlə və müəyyən sözlərlə icra edilən ibadət növüdür; 2. Məzmunla: Namaz insanın Allahla mənəvi ünsiyyəti, söhbəti, Ona xüsusi təzimidir. Göründüyü kimi, namazın fəlsəfəsi, onun vacib edilməsində məqsəd məzmunu, forması isə insanı bu məqsədə çatdıran hərəkət və sözlər toplusudur.
 
Əslində, yeni bir söz demədik, hamının bildiyi elementar məsələdir bu. Lakin dərinliyinə varanda niyyət və əməllərimizdə, dinə, şəriətə dair təsəvvürlərimizdə fundamental qüsurları aşkara çıxarır. Təbii ki, namazda forma çox vacib məsələdir, əyər-əskiklik namazı batil edir və yolverilməzdir. Amma Uca Yaradanın bizdən istədiyi budurmu?! Quru əyilib-düzəlmə insanı Allaha yaxınlaşdıra bilərmi?! Təbii ki, yox. Məzmunsuz forma içiboş qarpız kimi bir şeydir: adı qarpızdır, amma nə dadı, nə şirinliyi, nə vitamini, nə də hər hansı mənfəəti var. Allahla mənəvi ünsiyyətin, təmasın qurulmadığı, deyilən sözlərin ruha hopmadığı, ruhən yaşanmadığı məzmunsuz namaz yenə namazdır, onu qılana “nə üçün namaz qılmadın?” deyilməyəcək, Allah yanında qılmış sayılacaq, amma bu, Allahın istədiyi namaz olmadığı üçün, nə müsbət enerji verəcək, nə də pis əməllərdən çəkindirəcək.
 
Qurbanlığın forması “Bismillah” deyib üzüqibləyə bir heyvan kəsmək, məzmunu isə dərindən dərindir. Bu əməl bizə övladını qurban kəsməyə gedən İbrahimi xatırlatmalı, Allah yolunda hər şeydən keçməyə hazırlıq aşılamalı, malla, canla xidmət ruhu ötürməlidir. Biz isə bəzən qurbanı kəsən kimi kabab çəkib yeyir, qalanını da aramızda bölür, sonra da avtomobilimizi yeniləmək haqqında düşünürük. Belə məzmunsuz, mahiyyətsiz, içiboş, çürük qurbanların bizə nə xeyri, kasıba-yetimə nə faydası?!
 
Orucun forması səhərdən axşama qədər ac-susuz qalmaqdır. Bəzən bir ömür bu şəkildə oruc tutur, ramazanları başa vurur, axırda da bayram edir və borcumuzu bitmiş sayırıq, amma orucun məzmunu haqda düşünmür, “Allah bu əməli nə üçün vacib buyurub?” deyə soruşmuruq. Buna görə də, nə nəfsimizə “yox” deməyə vərdiş edirik, nə israfçılığımız azalır, nə də yoxsullara, ehtiyaclı xəstələrə yardım etmək yadımıza düşür.
 
Quranın “Ey iman gətirənlər! Allahı çox zikr (yad) edin” ayəsini görüb ələ təsbeh götürmək, sözlərin mənasına fikir vermədən, bəzən hətta film izləyə-izləyə nəsə pıçıldamaq zikr deyil. Zikr – yada salmaq, xatırlamaq deməkdir. Allah bizdən Onu daim xatırlamağı, yada salmağı istəyib, tam başqa şeylər haqda düşünə-düşünə “subhanəllah” deməyi yox. Təbii ki, bunu deməkdən ötrü ağız tərpətməyə də - öz həddində - savab verilə bilər, amma beləsinə zikr savabı, Allahı yada salmağın dünya və axirət faydaları verilməz. Quranda oxuyuruq: “Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aram tapar (rahatlaşar)”. Burada məqsəd yalnız formaca zikr deyil, onun əsl məzmunu, yəni Allahı yada salmaqdır. Təbii ki, insanın fikri tamam başqa yerdə olsa, heç bir zikr onda heç bir dəyişiklik yarada bilməz.
 
Yeri gəlmişkən deyək ki, Allahı yada salmaq hər bir ibadətin ilk fəlsəfəsini təşkil edir. Namaz, dəstəmaz, qurban və digər əməllər ilk növbədə Allahı yada salır, Allahın əmrinə itaət ifadə edir. Bundan başlayaraq onların bütün məzmununu yaşamalı, yalnız quru formalarında qalmamalıyıq. Əks təqdirdə, bəhrəmiz bir qarpız olacaq, o da içiboş.
 
Zəhra Hüseynzadə