Məmur arvadı Türkiyədə 20 milyon dollara 16 villa alıb

Virtualaz saytı yazır ki, 20 milyon dollara 16 villa alan qadının - Könül Mehdiyevanın həyat yoldaşı SOCAR-da vəzifəli şəxs Qiymət Mehdiyevdir.
 
Sayt yazır ki, bununla bağlı redaksiyaya çoxlu sənədlər və fotolar daxil olub.
 
«Q.Mehdiyev SOCAR-ın əsaslı kapital qoyuluşları İdarəsinin rəis müavinidir. SOCAR sistemində tikintilər üzrə bütün podrat işlərinə Qiymət Mehdiyev məsuldur. Əlbəttə, bu məmurun rəsmi maaşı Türkiyədə daşınmaz əmlaka yatırılan pullarla müqayisədə cüzidir, ayda cəmi bir neçə min manatdır. Razılaşın ki, xaricdə on milyonlarla dolları daşınmaz əmlaka birdən yatırmağa ancaq amerikalı milyarder Warren Buffett kimilərinin gücü çatardı. Olduqca ciddi korrupsiya əməlinə dəlalət edən faktlar ortadadır. Və prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında israrlı çağırışlarını nəzərə alaraq hüquq-mühafizə orqanları, ilk növbədə Baş Prokurorluq SOCAR-ın vəzifəli şəxslərindən birinin arvadının Türkiyədə 20 milyon dollara daşınmaz əmlak almasını təcili araşdırmalıdır. Bu fakt ölkədən kapitalın necə çıxarıldığına bir daha dəlalət edir».