Müəllimlərin nəticələri şagirdlərdən aşağıdır – Rayon təhsil şöbələrinə sərt İTTİHAM

Artıq respublikanın ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə test imtahanları və müsabiqənin vakansiya seçimi mərhələsi başa çatıb. Adətən hər il müəllimlər qəbulla bağlı müəyyən narazılıqlarla çıxış edirlər. Kimi rayon təhsil şöbələrindən, imtahan suallarından, kimisi də yekun nəticələrdən şikayət edir.
 
O cümlədən zaman-zaman keçid balından az bal toplayanların müəllimlik adına sahib çıxdığını iddia edənlər də olur.
 
Bütün bunların real olma ehtimalı nə qədərdir? Müəllimlərin işə qəbulu ilə bağlı hansı problemlər mövcuddur?
 
“Bu il yerdəyişmələrlə bərabər 10 min vakant yer mövcuddur”
Təhsil eksperti Kamran Əsədov yaranan suallarla bağlı Modern.az-a açıqlama verib. O bildirib ki, mövcud sistem hələ tam formalaşmayıb:
“Bildiyiniz kimi 2009-cu ildən etibarən orta və ümumtəhsil müəssisələrində çalışan müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş test imtahanları ilə həyata keçirilməyə başlayıb. İlk dəfə bu Bakıda həyata keçirildi. 2009-cu ildə 300 nəfərdən çox müəllim işə qəbul edildi. 2011-ci ildən etibarən isə bütün ölkə ərazisində fəaliyyət göstərən 4450 orta və ümumtəhsil məktəblərində birbaşa müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada reallaşdı. Sonrakı illərdə vakansiyaların sayında azalma olsa da, bu il yerdəyişmələrlə bərabər 10 min vakant yer çıxıb. Bu yerlərə qəbul olmaq üçün 50 mindən çox müəllim müsabiqədə iştirak edib. İşə qəbul olunmaq üçün bir neçə tələb var.
Təəssüf ki, imtahan sualları yalnız hər bir şəxsin ixtisası üzrə idi: 40 sual ixtisas, 10 sual kurikulum, 10 sual isə məntiq. Müəllimlər öz ixtisasları üzrə müəyyən bilik və bacarıqlara malik olmadıqları halda belə iddia edirdilər ki, onlara təqdim edilmiş suallarda müəyyən yanlışlıqlar var.
Bilirsiniz, əgər bir imtahanda yüksək və maksimum nəticə göstərən şəxslər varsa, deməli imtahanda hər hansı problem yoxdur. Problem həmin şəxsin bilik və bacarıqlarındadır. Bu o deməkdir ki, imtahan suallarında hər hansı narahatlığın ifadə olunması anlaşılan deyil”.
 
“Müəllimlərin seçim mərhələsinə xüsusi diqqət etmək lazımdır”
Ekspertin sözlərinə görə hazırda müəllimlərin göstəriciləri şagirdlərin nəticələri ilə müqayisədə çox aşağıdır:
“2014-cü ildən həyata keçirilən diaqnostik qiymətləndirmə və müəllimlərin işə qəbul nəticələrinə əsasən deyə bilərik ki, onların nəticələri şagirdlərin nəticələrindən aşağıdır. Müəyyən texniki səbəblər, imtahanda gecikmələr ola bilər. Amma ümimilikdə müəllimlərin narazılıqlarının heç bir əsası yoxdur. Düzdür sistem tam şəkildə formalaşmayıb.
 
Yaxşı olar ki, müəllimlər bir neçə açıq dərslərə cəlb olunsun və müsahibədə münsiflər heyəti tərəfindən onlara veriləcək mövzu haqqında sinfi necə idarə edəcəkləri ilə bağlı öz bilik və bacarıqlarını göstərsinlər. Yəni test imtahanından sonra onlarla bir neçə müsahibə mərhələsi təşkil olunmalı və son variantda psixoloji yoxlama testləri keçirilməlidir. Test mərhələsindən sonra müəllimlərin seçim mərhələsinə xüsusi diqqət etmək lazımdır”.
 
“Rayon təhsil şöbələri Azərbaycan üçün qara ləkədir”
Son zamanlar rayon təhsil şöbələrinin fəaliyyəti ilə bağlı müəyyən narazılıqların olduğunu müşahidə edirik. K.Əsədov bu məsələyə də aydınlıq gətirib:
“Düşünürəm ki, rayon təhsil şöbələrinin fəaliyyəti dayandırılıb ləğv olunmalıdır. Bu gün rayon təhsil şöbələri Azərbaycan təhsilinə ən ciddi zərbə vuran, ciddi nöqsanların olduğu məkandır. Çünki rayon təhsil şöbələri məktəb direktorlarının, müəllimlərin müstəqil fəaliyyətinə imkan vermirlər. Onlar təhsilin inkişafını yox, öz maddi qazanclarını güdürlər. Onların fəaliyyəti Azərbaycan üçün qara ləkədir”.
Maraqlıdır, keçid balı toplamayan şəxsin müəllim olma ehtimalı nə dərəcədə doğrudur?
 
“Az bal toplayan şəxslər müəllim adına yiyələnə bilməz”
Ekspertin fikrincə, səsləndirilən fikirlər əsassızdır:
“Qanunvericiliyə əsasən müəllimlərin işə qəbulu test imtahanının nəticələrinə uyğun olaraq həyata keçirilir. Bəzi məktəblər var ki, orada əvəzedici müəllimlərə ehtiyac var. Yəni əsas müəllim analıq və ya digər məzuniyyətə çıxıb. Bir müddətlik onu əvəz etmək üçün müəllim kadrlarına ehtiyac yaranır. Bu zaman da məktəb rəhbərliyi ilə qısa müddətlik, yəni daimi olmayan, müddətli müqavilələr imzalana bilər. Amma bu, kütləvi hal deyil.
Daimi müqavilə ilə çox bal toplayanın deyil, az bal toplayanın müəllim kimi işə qəbul olması isə mümkün deyil. Birincisi, Bakı üzrə keçid balı 48, regionlar üzrə 36 baldır. Heç bir halda bundan az bal toplayan şəxslər müəllim adına yiyələnə bilməz. Bu cür xəbərlər tamamilə yanlışdır. Yalnız keçid balını toplayan şəxslər müəllim kimi fəaliyyət göstərə bilər”.
 
Xatırladaq ki, müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir.