Malayziyada 250-dən çox məktəb bağlandı

Malayziyanın Saravak əyalətində davam edən yanğınların tüstüsü səbəbindən ölkənin şərqindəki 275 məktəb müvəqqəti olaraq fəaliyyətini dayandırıb. 
 
Maide.Az "New Straits Times"  qəzetinə istinadla xəbər verir ki, qonşu İndoneziyada geniş miqyaslı meşə yanğınları Malayziyada tüstü və ətraf mühitin pozulmasına səbəb olub.
 
Nəticədə Saravakda artan yanğınlar fonunda havanın çirklənmə səviyyəsi kəskin yüksəlib. Ölkə hakimiyyəti bölgəyə yarım milyon qoruyucu maska göndərməyə məcbur olub.
 
Dünən, ştatın iki şəhərində "havanın çirklənməsi indeksi" göstəricisi 200 bənd artmışdı, bu da havanın "sağlamlığa çox zərərli olduğunu" göstərir.
 
Qeyd olunur ki, İndoneziyadakı yanğınların səbəbi İndoneziyalı fermerlərin palma yağı və selüloz plantasiyaları ərazilərini təmizləmək üçün tez-tez oddan istifadə etməsi ola bilər.
 
Yanğınlar həftələr boyu davam edərək, qonşu Sinqapur və Malayziyaya yayılan boğucu tüstü yaradır.