İMAM ƏLİ (Ə) HƏMİŞƏ PEYĞƏMBƏRİN (S) YANINDA

İmam Əli (ə) ömrünün həssas olan ruhi və fiziki cəhətdən formalaşma dövrünü Peyğəmbəri-Əkrəmin (ə) evində və o həzrətin təlim-tərbiyəsi altında keçirmişdir. İslam tarixçiləri bu barədə yazırlar: “Bir il Məkkədə aclıq oldu. Bu zaman Peyğəmbərin (s) əmisi (və imam Əlinin (ə) atası) Əbu Talib böyük bir ailəyə başçılıq edirdi. Ailəsini çox çətinliklə dolandırırdı. Peyğəmbər (s) Bəni-Haşim tayfasının varlılarından olan digər əmisi Abbasa təklif etdi ki, Əbu Talibin dolanışığına kömək məqsədilə hərəmiz onun bir övladını götürüb öz evimizdə saxlayaq. Abbas, Peyğəmbərin (s) təklifi ilə razılaşdı. Beləliklə də, Abbas Cəfəri, Peyğəmbər (s) isə Əlini (ə) götürüb evlərinə apardılar. Əli (ə) Peyğəmbəri-Əkrəm (s) peyğəmbər seçilənədək o həzrətin evində qaldı. Peyğəmbər (s) peyğəmbərliyə seçildikdən dərhal sonra Əli (ə) onun peyğəmbərliyini təsdiq etdi” (“Əl-kamilu fit-tarix”, İbn Əsir, c.2, səh.58.)

İmam Əli (ə) öz xilafəti dövründə söylədiyi “Qasiə” xütbəsində həmin illəri belə xatırlayır: “Siz (Peyğəmbərlər səhabələri) mənim Peyğəmbərlə yaxın qohumluğumu və mənim o həzrətin yanında xüsusi mövqeyə sahib olmağımı yaxşı bilirsiniz. Bilirsiniz ki, mən uşaq olarkən Peyğəmbər (s) məni öz qucağına alıb bağrına basar və məni öz yatağında yatızdırardı. Belə ki, mən onun bədəninə yapışaraq onun iyini hiss edərdim. O, mənə yemək yedizdirərdi. Mən anasının ardınca düşən uşaq kimi həmişə onun ardınca düşərdüm...” (“Nəhcül-bəlağə”, 192-ci xütbə, Sübhi Saleh.)

Vəhy mələyi Cəbrail ilk dəfə “Hira mağarasına” gəlib Peyğəmbərin (s) Allah-Taala tərəfindən peyğəmbərliyə seçilməsi xəbərini çatdıranda, imam Əli (ə) də o həzrətin yanında idi.

Əgər Peyğəmbərin (s) özü ilə imam Əli (ə) arasındakı yaratdığı qardaşlıq rabitəsini olduğu kimi şərh vermək istəsək, onların qardaşlığını eynilə iki qardaşın həyatın bütün mərhələsində davamlı şəkildə birgə olmasının bir nümunəsi olaraq qəbul etməliyik. İmam Əli (ə) bu münasibəti bir çox cümlələr və gözəl təşbehlər qəlibində belə izah edir: Mən anasının ardınca düşən uşaq kimi həmişə Peyğəmbərin (s) ardınca düşürdüm.”

O həzrət başqa bir yerdə bu əsaslı və möhkəm bağlılığın nəticəsini belə izah edir: “Allaha və Rəsuluna qarşı bir an belə, müxalif çıxmadım.” (“Nəhcül-bəlağə”, xütbə 195.)

Bu yaxın rabitə Peyğəmbərin (s) ucsuz-bucaqsız elm dəryasından o həzrətin kifayət qədər faydalanması üçün bir fürsət idi. O həzrət bu haqda belə buyurur: “Qarşıma çıxan hər məchul məsələni Peyğəmbərdən (s) soruşub cavabını əzbərlədim.” (“Nəhcül-bəlağə”, xütbə 208.)

Təbii ki, əgər Peyğəmbər (s) elmin şəhəridirsə, imam Əli (ə) də onun qapısıdır. Çünki imam Əli (ə) bu elm dəryası ilə daim və birbaşa əlaqəsi olan yeganə şəxs idi. Peyğəmbər (s) bu rabitəni daha da genişləndirmək üçün onu özünə qardaş seçib buyurdu: “Əli məndəndir.” Cəbrail də dedi: “Mən də hər ikinizdənəm!” (“Həyatus-səhabə”, c.1. səh.559.)

Bu sıx əlaqəni görən insanlar özləri ilə Peyğəmbər (s) arasında imam Əlini (ə) vasitə seçib öz suallarını onun vasitəsilə Peyğəmbərdən (s) soruşurdular. (“Təratibul-idariyyə”, Kətani, c.1, səh.58-59.)

Əbu Səid Xudri bu rabitənin vəsfində yazır: “Əli (ə) Peyğəmbərlə (s) görüşmək üçün xüsusi vaxt ayırmışdı və ondan başqa, heç kim bu mövqeyə sahib deyildi.” (“Əl-müsənnəf”, Əbdürrəzzaq, c.10, səh.141.)

Peyğəmbər (s) risalətini təbliğ etməyə məşğul olduğu müddətdə imam Əli (ə) o həzrətə fədakar köməkçi oldu. Peyğəmbərə (s) aşkar şəkildə təbliğ etməsini bildirən “inzar” (xəbərdarlıq) ayəsi nazil olduqda və o həzrət də yaxınlarını İslama dəvət etmək istədikdə, imam Əli (ə) Peyğəmbərin (s) sağ qolu olaraq bu yığıncağı təşkil etdi və özü də həmin birliyin içində olaraq öz vəfadarlığını bir daha sübuta yetirdi.

Peyğəmbər (s) Qüreyş tayfası ilə rabitəsini kəsdiyi zaman iqtisadi mühasirəyə düşdükdə və “Əbu Talib” dərəsi adlı yerə sığındıqda, Peyğəmbər (s) və yanındakılara yemək tapmaq üçün ağır zəhmətlərə qatlaşıb çətin yolları qət edən kəslərdən biri də imam Əli (ə) idi. (“Əl-meyaru vəl-müvazənə”, Əbu Cəfər İskafi, s.88.)

Peyğəmbər (s) ilahi tapşırıqları çatdırmaq üçün Taif və Məkkənin digər məntəqələrinə getdikdə, o həzrətin tək qalmaması və qarşıya çıxa biləcək çətinliklərdə yardımçı olması üçün ona yoldaşlıq edən də imam Əli (ə) idi.

Peyğəmbər (s) təbliğ və dəvətinə davam etdirdiyi təqdirdə, öz güclərini itirəcəklərindən təşvişə düşən müşriklər o həzrəti öldürmək üçün sui-qəsdə əl atdılar. Peyğəmbərin (s) fədakar dostu imam Əli (ə) o həzrətlə birlikdə bu sui-qəsdə mane olmaq üçün fədakarlıq tələb edən bir tədbir tökdü. İmam Əlinin (ə) Peyğəmbərə (s) o qədər məhəbbəti var idi ki, o həzrəti (s) təhlükədən qurtarmaq üçün özünü təhlükəyə atmağı cani-dildən qəbul etdi. Peyğəmbər (s) Mədinəyə hicrət etdiyi zaman camaat arasında o həzrətə ən yaxın kəs imam Əli (ə) olduğundan, əmanətləri sahiblərinə qaytarmaq vəzifəsini öhdəsinə götürməklə bərabər, müşriklərin hədə-qorxusuna məruz qalan Peyğəmbər ailəsini də bir neçə gündən sonra Mədinəyə apardı. Peyğəmbər (s) isə qardaşı Əli (ə) ilə birlikdə Mədinəyə daxil olmaq üçün onlar gələnə qədər Yəsribin yaxınlığında gözləməli oldu.

Həmin rabitə və bağlılıq imam Əlinin (ə) Peyğəmbərin (s) qızı Fatimeyi-Zəhra (ə) ilə evlənməsindən sonra, daha da möhkəmləndi. Bu mübarək evliliyin səmərəsi də, Peyğəmbərin (s) bütün vücudu ilə sevdiyi və onlara “öz övladım” deyə xitab etdiyi kəslər oldu. Buna sırf xanım Fatimə (ə) deyil, imam Əli (ə) də ortaq idi. Çünki Peyğəmbər özünü və imam Əlini (ə) bir ağacdan, başqalarını isə fərqli ağaclardan bilirdi.

Ayişədən “Peyğəmbərin (s) yanında ən sevimli şəxs kim idi?” – deyə soruşduqda, belə dedi: “Kişilərdən Əli, qadınlardan isə Fatimə idi.” (“Rəbiul-əbrar”, Zəməxşəri,c. 1, s.821.)

İmam Əlinin (ə) evi Peyğəmbərin (s) evinə o qədər yaxın idi ki, Abdullah ibn Ömər bunu imam Əlinin (ə) Peyğəmbərlə (s) çox yaxın rabitəsinə bir şahid kimi göstərirdi. (“Ənsabul-əşraf”, Bilazəri, c.2, səh.180-181.)

İmam Əlinin (ə) İslamın ilkin döyüşlərindəki iştirakı və rəşadəti haqda kifayət qədər söz açılmışdır. “Bədr”, “Ühüd”, “Xəndək” və sonralar baş verən “Hüneyn” döyüşü o həzrətin fədakarlıq və qəhrəmanlıq səhnələridir. “Bədr” döyüşündə müşriklərin öldürülənlərindən yarısı o həzrətin əli ilə öldürüldü. “Ühüd” döyüşündə bəzi müsəlmanlar meydandan qaçsalar da, imam Əli (ə) bir neçə nəfərlə Peyğəmbərin (s) yanında qalıb onu və İslamı qorudu. “Xəndək” döyüşündə Əmr ibn Əbdəvüdü öldürməklə cin və insanların ibadətinin savabını qazandı və döyüşlərin çoxunda İslam ordusunun bayraqdarı idi. (“Təqyidul-elm”, Xətib Bağdadi, c.7, səh.174.)

Düşmənlərdən bəziləri imam Əlinin (ə) döyüşlərdə göstərdiyi igidlik haqda deyirdilər: “Əgər bizə hücum edən zümrə içərisində Əli (ə) də olsaydı, artıq biz bir-birimizə vəsiyyət edirdik!” (“Rəbiul-əbrar”, Zəməxşəri, c.3, səh.319.)

Odur ki, dörd əhli-sünnə məzhəbindən birinin rəhbəri və əhli-sünnənin nəzərində elmi şəxsiyyət adını daşıyan Əhməd ibn Hənbəl imam Əli (ə) ilə digər xəlifələrin müqayisəsi haqda belə yazır: “Heç kim Əbu Talibin oğlu ilə müqayisə edilməyə layiq deyildir.”

Məhəmməd ibn Mənsur Tusi yazır: “Bir gün Əhməd ibn Hənbəlin yanında idik. Bir şəxs ondan soruşdu: “Əlinin (ə) söylədiyi “Cənnətlə cəhənnəmi bölən mənəm!” – hədisi barədə nəzərin nədir?” Əhməd dedi: “Bunu inkar edirsənmi? Peyğəmbərin (s) Əli (ə) haqqında “Səni mömindən başqası sevməz və münafiqdən başqası da düşmən bilməz!” – buyruğunu biz nəql etməmişikmi?” Dedik: “Bəli!” Dedi: “Möminin yeri haradadır?” Dedik: “Cənnətdə.” Dedi: “Münafiqin necə?” Dedik: “Cəhənnəmdə.” Dedi: “Belə isə, Əli (ə) cənnətlə cəhənnəmi böləndir.”“ (“Təbəqatul-əbrar”, c.1, səh.320; “Məsum imamların ictimai-siyasi həyatı”ndan nəqlən, Ustad Rəsul Cəfəryan, “İmam Əlinin (ə) həyatı” bölümü.)

Rza Şükürlü