İMAM ƏLİNİN (Ə) KƏLAMINDA İNSANIN QİYMƏTİ

-- Əgər bilmək istəyirsinizsə, bir insanın dəyər və qiyməti nə qədərdir...

Hansısa bir şəxsdən Öz varlığını hansı qiymət müqabilində müamilə edirsən? – deyə soruşulsa, aydın məsələdir ki, vücudu qarşılığında müəyyən bir qiymət söyləyə bilməz. Amma həqiqətdə, insan ona əta edilən belə dəyərli bir həyat sərmayəsini hər gün ucuz qiymətə satmaqla hədər etməkdədir. Bəzən həmin insanlar ömürlərinin sonunda bu böyük sərmayəni bir ev, bir maşın və ya bir malikanə ilə dəyişdiyinin və tezliklə ondan ayrılmalı olacağının fərqinə varırlar. İmam Əli (ə) dünyanın maddi nemətlərinin insana verilən ömür sərmayəsi müqabilində müqayisəedilməz olduğunu bildirir. Onun yeganə dəyəri Allahın razılığı, əbədi səadət, kamillik yolunda səy və təlaş etməkdir və bu sahədə edilən bütün fədakarlıq əhəmiyyətə malikdir.

İmam Əli (ə) dəyərli bir kəlamında belə buyurur:

اِنَّهُ لَيْسَ لِأَنْفُسِكُم ثَمَنٌ اِلَّا الْجَنَّةَ فَلَا تَبِيعُوهَا اِلَّا بِهَا

“Bilin ki, sizin varlığınızın dəyəri cənnət və əbədi səadətə çatmaqladır. Belə isə, özünüzü bundan başqa bir qiymətə satmayın!” (“Nəhcül-bəlağə”, qısa kəlamlar 456.)

Mərhum Əllamə Məhəmmədtəqi Cəfəri necə də gözəl demişdir:

“Əgər bilmək istəyirsinizsə, bir insanın dəyər və qiyməti nə qədərdir, baxın görün, həmin şəxs nəyə meyilli və bağlıdır, sevdikləri nədir? Əgər birinin eşqi ikimərtəbəli villadırsa, həqiqətdə dəyəri də elə o qədərdir. Əgər birinin eşqi maşındırsa, qiyməti elə o qədərdir. Amma birinin eşqi Allahdırsa, qiyməti də Allah qədərdir.”

Əllamə Cəfəri sözünün davamında qeyd edir ki, bu söz mənim sözüm deyil, Əli (ə) adlı ilahi rəhbərə məxsusdur. O həzrət buyurur:

قِيمَةُ كُلِّ امْرِئٍ مَا يُحْسِنُه

“Hər bir insanın qiyməti sevdiyi şeyin qiyməti qədərdir.” (“Rahe-roşd” mahnaməsi, nömrə 153, səh.7)

(Maide.Az)