İMAM CAVAD (Ə) – KƏRAMƏT VƏ SƏXAVƏT NÜMUNƏSİ

İmam Cavad (ə) kamillik yolunu getmək istəyənlərə fərdi və ictimai siması ilə bənzərsiz bələdçi və bəşəriyyət simvollarından biridir. O həzrətin gözəl əxlaq və rəftarları ilə bağlı nəql edilən rəvayətləri ətraflı şəkildə burada qeyd edə bilmədiyimizdən, insanlara yaxşılığı, düyaya rəğbətsizliyi, kəramət və səxavətliliyi ilə əlaqədar bir neçə nümunəni qeyd etməklə kifayətlənirik:

1. İnsanlara yaxşılığı:

Əhməd ibn Zəkəriyya Seydəlani “Sicistan (Heratın cənubunda yerləşən və əhalisi şərafətli şiələrdən olan bir məntəqə) əhalisindən və Bəni-Hənifə qəbiləsinin bir nümayəndəsindən belə nəql edir: “Mötəsimin xilafətinin ilk vaxtlarında imam Cavadla (ə) həcc yoldaşı oldum. Süfrə başında yemək yeyərkən İmama (ə) dedim: “Sənə fəda olum, bizim valimiz siz Əhli-beyti (ə) sevənlərdəndir. Mənim də dövlətə vergi borcum var. Sənə fəda olum, əgər məsləhət bilirsənsə, ona bir məktub yazıb mənə yaxşılıq etməsini buyurardın.”

İmam (ə) əvvəl üzr istədi, sonra valinin imamətə əqidəli olduğunu bildikdən sonra müsbət cavab verdi. Həzrət valiyə məktubunda “Bismillah”dan sonra belə yazdı: “Mənim bu məktubumu çatdıran sənin haqq məzhəbdə olduğunu dedi. Bu Əhli-beytin məzhəbidir. Əməllərindən yalnız etdiyin yaxşılıq sənə qalacaq. Elə isə qardaşlarına yaxşılıq et və bil ki, Allah-Taala zərrə və xardal dənəsi qədər kiçik əməllərinə görə səndən sorğu-sual edəcək.”

Həmin şəxs vətəninə dönüb valiyə imam Cavadın (ə) ona məktub göndərdiyini bildirdi. Vali tez məktubu alıb öpdü. Məktubu oxuyandan sonra onun ehtiyacının nədən ibarət olduğunu soruşdu. Həmin şəxs ehtiyacını açıqladı. Vali dedi: “Mən nə qədər valiyəmsə, vergi vermə.” Sonra vali ona və ailəsinə hədiyyə və ehsan verilməsini əmr etdi. Həmin şəxs valinin rəhbərlik etdiyi müddətdə əsla vergi vermədi və vali də öz hədiyyə və ehsanlarını ondan əsirgəmirdi.” (“Biharül-ənvar”, c.12, səh.129.)

2. Dünyaya rəğbətsizliyi:

İmam Cavad (ə) ömrünün baharında, elə gənc ikən dünyanın bütün zinətlərindən üz döndərmişdi. Şiələrdən İmama (ə) çatan şəri-dini vergilərdən və Qum şəhərində vəqflərin gəlirlərindən əlavə, Məmun tərəfindən də o həzrətə çoxlu miqdarda pul verilirdi. İmam (ə) pulları şəxsi işlərinə xərcləmir və yoxsullara paylayırdı.

Hüseyn Məkari Bağdadda rəsmi dairələr və xalq tərəfindən imam Cavada (ə) böyük hörmət olunduğunu gördükdə, öz-özünə dedi: “İmam (ə) Bağdadda bu cür neməti qoyub vətəninə dönməz.” İmam (ə) onun qəlbindən keçənləri duyub buyurdu: “Ey Hüseyn, babam Rəsulullahın (s) türbəsində duz-çörək mənim üçün gördüyün halımdan çox xoşdur.”

3. Kəramət və səxavətliliyi:

Səxavət imam Baqirin (ə) ən bariz xüsusiyyətlərindən biri idi. O həzrət həmişə yoxsullara və məhrumlara yaxşılıq edər, onları sevindirərdi. O həzrət yoxsullara etdiyi çoxlu yaxşılıq və ehsanlarına görə “Cavad” (səxavətli) ləqəbi ilə məşhurdur. Tarixçilər onun səxavəti barədə bir çox rəvayətlər nəql etmişlər. O cümlədən:

1. Nəql olunur ki, Ələvilərdən biri Mədinədə bir xidmətçi almaq istəyirdi, amma baha olduğu üçün imkanı çatmırdı. İmam Cavadın (ə) yanına gəlib vəziyyətindən şikayət edir. İmam (ə) sahibinin kim olduğunu soruşur. Sonra onun yanına gedib xidmətçini və onun işlədiyi bağı satın alır. Bundan xəbərsiz olan Ələvi yenidən xidmətçi ilə maraqlandıqda onun satıldığından agah olur. Ələvi müştərinin kim olduğunu soruşduqda, “bilmirik” cavabını eşidir. Tez imam Cavadın (ə) hüzuruna gedib uca səslə deyir: “Xidmətçi alınıb.” İmam (ə) gülümsəyərək buyurur: “Bilirsənmi, onu kim alıb?” Ələvi deyir: “Xeyr.” İmam (ə) Ələvi ilə birlikdə xidmətçinin işlədiyi bağa gəlir. İmam (ə) əmr edir ki, bağa daxil olsun. O, bağın sahibini tanımadığı üçün daxil olmaq istəmir. İmam (ə) isə israr edir. O, İmam (ə) ilə bağa daxil olur. Xidmətçini görəndə İmam (ə) ona buyurur: “Onu tanıyırsanmı?” Ələvi deyir: “Bəli.” İmam (ə) buyurur: “Xidmətçi, qəsr, bağ və bütün gəlirləri və qəsrdə olan bütün avadanlıqlar sənindir.” Ələvi sevincindən dərisinə sığmır və başa düşür ki, imam Cavad (ə) xidmətçini və digər şeyləri onun üçün alıb.

2. Əhməd ibn Hədid dostları ilə birlikdə həccə gedirdi. Yolda quldurlar hücum edib, onların pulları və digər əşyalarını qarət edirlər. Mədinəyə çatanda Əhməd imam Cavadın (ə) yanına gəlib başına gələn macəranı danışır. İmam (ə) ona paltar və karvandan qarət olunmuş miqdarda pul verir. O da pulları dostları arasında paylayır. Beləcə, imam Cavad (ə) ona və dostlarına lütf-mərhəmət göstərib, dəymiş ziyanlarını ödəyir. (“Əl-vafi bil-rafiyyat”, c.4, səh.105; “Biharül-ənvar”, c.12, səh.109.)

Rza Şükürlü