İmam Cavadın (ə) həyatına qısa bir baxış

11 iyul (30 zil-qədə) Əhli-beyt (ə) davamçılarının doqquzuncu İmamı olan İmam Cavadın (ə) şəhadət günüdür
 
İMAM CAVADIN (Ə) HƏYATI
 
Doqquzuncu imamın adı Mühəmməd, künyəsi Əbu Cəfər, ləqəbi Təqi və Cavaddın. O həzrət 195-ci hicri-qəməri ilində Mədinə şəhərində anadan olmuşdur. Atasi imam Rza, anası isə İslam Peyğəmbərinin (s) həyat yoldaşı olmuş Mariya Qibtiyyənin nəslindən olan Səbikə (Səkinə) Novbiyyədir. İmam Cavadın (ə) atası vəfat edərkən, təxminən, səkkiz yaşı olmuş, 220-ci h.q. ilinin Zil-həccə ayında, iyirmi beş yaşında ikən şəhadətə yetmiş və Bağdadda babası imam Kazimin (ə) məzarının yanında dəfn olunmuşdur. (“Üsuli-kafi”, c.1, səh.492)
 
AZYAŞLI İMAM
 
İmam Cavad (ə) uşaq yaşlarında imamət məqamına çatmış ilk imam olduğundan, o həzrətin həyatını mütaliə edərkən qarşıya çıxan ilk sual bu olur ki, kiçik bir uşaq müsəlmanların rəhbərlik və imamət məsuliyyətini necə öz öhdəsinə götürə bilər? İnsan bu yaşda olarkən Peyğəmbərin (s) canişini olması kamalına çata bilərmi? Keçmiş ümmətlərdə də, belə bir hadisə olubmu?
 
Bu suallara cavab vermək üçün nəzərə almaq lazımdır ki, düzdür, insanın əqli və cismani cəhətdən ömrünün özünəməxsus çiçəklənmə dövrü var və insan həmin vaxta yetişdikdə, əql və cismi ən kamil həddə çatır. Ancaq nə eybi var ki, hikmət və yenilməz qüdrət sahibi olan Allah bəzi məsləhətlərə görə bu prosesi bir sıra xüsusi bəndələri üçün qısa bir vaxt ərzində gətirib çatdırsın? Bəşər tarixində lap qədim dövrlərdən bu cür ümumi qaydadan istisna olan şəxslər olmuş və Allah-Taalanın xüsusi lütf və mərhəməti sayəsində kiçik yaşlarında ikən imamət və xalqa rəhbər olmaq məqamına yetişmişlər. Bu məsələni daha yaxşı başa düşmək üçün gəlin bu istisnalardan bir neçəsini nəzərdən keçirək.
 
Qurani-Kərim həzrət Yəhyanın (ə) peyğəmbərliyi və onun uşaq yaşlarından peyğəmbər seçilməsi barədə buyurur: “Biz uşaq ikən ona hikmət (Allah kəlamının incəliklərini anlamaq, peyğəmbərlik) verdik.” “Məryəm” surəsi, ayə: 12. “Məryəm” surəsi, ayə: 12.)
 
Bəzi təfsirçilər bu ayədə “hikmət” sözünü istedad və bilik mənasına, bəziləri isə onu peyğəmbərlik mənasına təfsir edib.
 
Uşağın dil açıb danışması üçün bilirik ki, təxminən on iki ay (bir il) vaxt keçməlidir. Ancaq bunu da bilirik ki, həzrət İsa (ə) dünyaya gəldiyi ilk günlərdə, hələ beşikdə ikən danışmış və (Allahın qüdrəti nəticəsində evlənmədən hamilə olub doğmuş və buna görə də, ciddi töhmətlərə məruz qalmış) anasını müdafiə edərək inadkarların dedi-qodusunu məntiqlə aradan qaldırmışdır. Halbuki bu cür danışıq, özü də belə bir məfhuma malik söz yalnız böyüklərin əlindən gələ bilər. Qurani-Kərim İsanın (ə) sözlərini belə açıqlayır: “Allahdan bir möcüzə olaraq körpə (İsa (ə) dilə gəlib) dedi: “Mən, həqiqətən, Allahın quluyam [bəndəsiyəm]. O, mənə kitab verdi, özümü də peyğəmbər etdi. O, harada oluramsa olum, məni mübarək etdi və mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu. O, həmçinin məni anama qarşı olduqca itaətkar və nəvazişkar etdi, [heç kəsə qarşı] zülmkar və asi  etmədi.” (“Məryəm” surəsi, ayə: 30-32.)
 
Qeyd olunanlardan belə nəticəyə gəlirik ki, imamlardan qabaq da digər mömin insanlar bu ilahi nemətdən bəhrələnmiş və bu, təkcə imamlara xas olmamışdır.
 
İMAM CAVADIN (Ə) ELMİ MÜZAKİRƏLƏRİ
 
Xəlifə Məmun qızı Ümmü Fəzli imam Cavadla (ə) evləndirməyə qərar verdikdə, Abbasilər narahat oldular və bu qərarla ciddi müxalifət etdilər. Çünki onlar xəlifənin bu işinin imam Rza (ə) ilə əlaqədar təşəbbüsü kimi, bəzi gözlənilməz nəticələr doğuracağını güman edirdilər. Buna görə də, Məmunun yanına gəlib xilafətin Abbasilərin əlindən çıxa biləcəyini bildirərək onun öz qərarından imtina etməsini istədilər. Onlar Məmuna Abbasilər və Ələvilər arasında baş verən köhnə çəkişmələrə, eyni zamanda, imam Cavadın (ə) hələ uşaq olduğuna, din və fiqhdən bir şey bilmədiyinə toxunaraq deyirlər: “Əvvəl onun din haqqında məlumat toplaması lazımdır. Ondan sonra nə məsləhət görsəniz, onu da edin.”
 
Məmun deyir: “Mən onu sizdən yaxşı tanıyıram. O, elmləri “lədünni” olan və ilahi ilhamlardan qaynaqlanan ailədəndir. Bu məsələyə aydınlıq gətirmək üçün, istədiyiniz zaman onu sınaqdan keçirə bilərsiniz!”
 
Nəhayət, onlar imam Cavadla (ə) münazirə üçün məşhur qazı və fəqihlərdən sayılan Yəhya ibn Əksəmi seçirlər. Yəhyanın razılığını aldıqdan sonra uyğun məsələ üçün çətin suallar hazırlamasını, onun sualları qarşısında imam Cavadın (ə) cavabsız qaldığı təqdirdə, ona nəfis əşyalar, var-dövlət verəcəklərini vəd verirlər. Bu iş üçün müəyyən bir gün təyin etdilər. Həmin gün münazirəni dinləmək üçün Abbasilər və hətta Məmunun özü də yığıncaqda iştirak edir.
 
Yəhya ibn Əksəm suallarını soruşmaq üçün, əvvəl Məmundan, sonra isə imam Cavaddan (ə) icazə istəyir. O həzrət hazır olduğunu söylədikdə, Yəhya suallarını soruşmağa başlayır: “Ehram geyən şəxsin heyvan öldürməsinin hökmü nədir?”
 
İmam Cavad (ə) bu sualın müqabilində bəzi suallar soruşur: “Heyvanı hərəmdə öldürmüşdür, yoxsa onun çölündə? Heyvanı öldürən ehramlı şəxs hökmü bilmədən bu işi görüb, yoxsa bilərəkdən? Səhvən öldürüb, yoxsa bilə-bilə? Ehram geyən şəxs azaddır, yoxsa kölə? Məkkəyə gedərkən öldürüb, yoxsa Məkkədən qayıdarkən? Öldürülən heyvan quş cinsindəndir, yoxsa, başqa bir cinsdən? Kiçikdir, yoxsa böyük? Ehramlı şəxs bu işindən peşmandır, ya yox? Bu işi gündüz görüb, yoxsa gecə? Ümrə halında imiş, yoxsa həcc halında?”
 
İmam Cavad (ə) məsələnin bütün yönlərinə toxunduqda, Yəhya həyəcan içərisində qalıb özünü itirir. Məğlub olduğu üzünün rənginin dəyişməsindən açıq-aşkar görünür. Bu vəziyyətdən razılığını bildirən Məmun, Abbasilərə xitabən deyir: “İndi, imam Cavad (ə) haqqında doğru mövqedə olduğumu anladınızmı?” Sonra qızı Ümmü Fəzli o həzrətlə evləndirir və mehriyyəsini də, eynilə o həzrətin anası xanım Fatimeyi-Zəhranın (ə) mehriyyəsi qədər təyin edir. Oradakılar məclisi tərk etdikdən sonra Məmun imam Cavaddan (ə) Yəhya ibn Əksəmə verdiyi sualların cavablandırılmasını istəyir. O həzrət bütün suallara cavab verib, Yəhya ibn Əksəmdən soruşur: “O kimdir ki, səhərin ilk çağlarında bir qadın ona haram olduğu halda, günəş doğduqdan sonra həmin qadın ona halal olur, günorta vaxtı haram, ikindi vaxtı halal, gün batarkən haram, şam vaxtı halal, gecə yarısı haram və günəş doğarkən halal olur. Bu qadının məsələsi necədir və necə olur ki, daim kişiyə ya halal, ya da haram olur?”
 
Yəhya ibn Əksəm bu sualın cavabından aciz qalaraq imam Cavadın (ə) özünün cavab verməsini istəyir. O həzrət buyurur: “O qadın başqasının kənizidir. Sübh tezdən bir yad kişi ona baxır və bu baxışı haram olur, günəş doğduqdan sonra onu sahibindən alır və ona halal olur. Günorta vaxtı çatdıqda, onu azad edir və yenidən kəniz ona haram olur. İkindi vaxtı azad etdiyi kənizlə evlənir və halal olur. Gün batarkən “zihar” edir və nəticədə, yenə özünə haram olur. Şam vaxtı çatdıqda “zihar” kəffarəsini ödəməklə o qadın yenidən ona halal olur. Gecə yarısı qadını boşadığı üçün qadın ona haram olur və ertəsi gün qadına müraciət etməklə yenidən qadın ona halal olur.”
 
İMAM CAVADIN (Ə) ELMİ MİRASI
 
Bildiyimiz kimi, imamların həyatındakı ən əsas cəhətlərdən biri onların mədəni-maarif sahəsinə diqqət etmələri olmuşdur. İmamların hər biri öz dövründə mədəniyyət sahəsində fəaliyyət göstərmiş və şagirdlər yetişdirərək onların vasitəsilə öz elmlərini cəmiyyət arasında yaymışlar. Ancaq imamların dövründə siyasi-ictimai şərait heç də yeknəsəq olmamışdır. Məsələn, imam Baqir (ə) və imam Sadiqin (ə) dövründə şərait çox yaxşı olmuşdur, buna görə də, imam Sadiqin (ə) minlərlə şagirdi olmuşdur. İmam Cavaddan (ə) başlayaraq imam Həsən Əskərinin (ə) dövrünə qədər isə siyasi təzyiqlər və onların fəaliyyətinin hökumət tərəfindən nəzarət altına alınmasına görə bu imamların fəaliyyəti çox məhdud olmuş, buna görə də, onların şagirdlərinin sayı imam Sadiqin (ə) şagirdlərinin sayı ilə müqayisədə hədsiz dərəcədə az olmuşdur. Demək, “imam Cavadın (ə) yüz on nəfərə yaxın şagirdi olmuş və o həzrətdən cəmi iki yüz əlli hədis rəvayət edilmişdir” deyildikdə, heç də təəccüblənməməliyik. (“Rical”, Şeyx Tusi, səh.397-409.) Çünki o həzrət bir tərəfdən ciddi nəzarət altında olmuş, digər tərəfdən də, tez bir vaxtda şəhid olmuş və bütün tarixçilərin dediyinə görə, cəmi iyirmi beş il ömür sürmüşdür. Eyni zamanda, nəzərə almaq lazımdır ki, imam Cavadın (ə) bu azsaylı şagirdlərinin arasında Əli ibn Məhziyar, Əhməd ibn Məhəmməd ibn Əbu Nəsr Bəzənti, Zəkəriyya ibn Adəm, Məhəmməd ibn İsmayıl ibn Bəzi, Hüseyn ibn Sənd Əhvazi, Əhməd ibn Məhəmməd ibn Xalid Bərqi kimi elm və fiqh sahəsində sayılıb-seçilən, özünəməxsus mövqeyi olan şəxslər də vardır. Bunlardan bəziləri bir çox əsərlər də yazmışlar. Başqa bir məsələ isə odur ki, imam Cavadın (ə) hədis söyləyən şəxslər təkcə şiələr olmamış, eləcə də, sünni məzhəbinin alim və hədisçiləri də bir sıra islami maarif və həqiqətləri o həzrətdən nəql etmişlər. (“Əl-mənaqib”, İbn Şəhr Aşub, c.4, səh.384)
 
İMAM CAVADIN(Ə) ŞƏHADƏTİ
 
218-ci h.q. ilində Məmun vəfat edir. Ondan sonra qardaşı Mötəsim hakimiyyətə gəlir. O, imam Cavadı (ə) öz nəzarəti altında saxlamaq məqsədi ilə 220-ci h.q. ilində o həzrəti Mədinədən Bağdada gətirir. İmam (ə) Bağdada gəldikdən sonra Mötəsimin, oğrunun əlinin haradan kəsilməsi barədə təşkil etdiyi məclisdə iştirak edir. Həmin məclisdə Bağdad qazısı İbn Əbu Duad və başqaları (səhv fətva verdiklərinə görə) rüsvay olur, bundan bir neçə gün sonra İbn Əbu Duad həsəd və paxıllığı nəticəsində xəlifənin hüzuruna gəlib deyir: “Mən xeyirxahlıq məqsədi ilə sənə xəbərdarlıq edirəm ki, bir neçə gün bundan qabaq baş vermiş hadisə sənin hakimiyyətinin xeyrinə deyil. Çünki sən bütün hökumət alimləri və yüksəkrütbəli nümayəndələrin hüzurunda (imam) Cavadın (ə) fətvasını başqalarının fətvasından üstün tutdun. Halbuki müsəlmanların yarısı onu əsl xəlifə, səni isə onun haqqını qəsb etmiş bilirlər. Bu xəbər bütün camaat arasında yayılaraq onun haqq olduğuna qəti bir sübut olacaq.”
 
Qəlbində imam Cavada (ə) qarşı düşmənçilik və kin-küdurət bəsləyən Mötəsim onun sözlərindən bərk narahat olur və İmamı (ə) öldürmək fikrinə düşür. Nəhayət, o, öz çirkin məqsədini həyata keçirib, imam Cavadı (ə) vəzirlərindən birinin katibi vasitəsilə zəhərləyib şəhid edir. (“Əl-irşad”, səh.326.)
 
Maide.Az