İMAM HƏSƏN ƏSKƏRİNİN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

16 Dekabr - 8 Rəbius-sani – İmam Həsən Əskərinin (ə) mövlud günüdür.

İmamət və vilayət səmasının 11-ci ulduzu imam Həsən Əskərinin (ə) mövludu münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə çatdırırıq:

İmam Həsən Əskəri (ə) 232-ci hicri-qəməri ilinin Rəbius-sani ayının 8-ci (yaxud 10-cu günü) dünyaya gəlmiş, 260-cı ilin Rəbiul-əvvəl ayının 8-də, 28 yaşında ikən şəhadətə yetmişdir. Atası imam Əliyyən-Nəqi (ə), anası isə Hüdeysdir. (Tarixi mənbələrdə o həzrətin anasının adı Hadisə, Susən, Suleyl və Cəddə kimi də qeyd edilmişdir.)

“Əskəri” ləqəbi həm imam Həsən Əskərinin (ə), həm də atası imam Əliyyən-Nəqinin (ə) ləqəbidir. Hər iki imam Samirra şəhərinin “Əskər” adlı məhəlləsində – Abbasi xəlifələrinin ordu düşərgəsində əsgərlər tərəfindən nəzarətdə saxlanıldığı üçün Əskəri (Əskəri) adlandırılmışdır. (Qeyd etmək lazımdır ki, Abbasilər hakimiyyəti imam Əliyyən-nəqinin (ə) elmi, mədəni və siyasi fəaliyyətlərini nəzarətdə saxlamaq üçün, o həzrəti 236-cı hicri-qəməri ilində ailəsi, o cümlədən, oğlu imam Həsən Əskəri (ə) ilə birgə Samirranın “Əskər” məhəlləsinə gətirirlər.)

29 il ömür sürən imam Həsən Əskərinin (ə) həyatını üç qismə bölmək olar:

1. 13 il Mədinədə;

2. İmamətindən öncə 10 il Samirrada;

3. Təqribən, 6 il imamət dövrü (Samirrada).

İmam Həsən Əskəri (ə) altı illik imamət dövrünün üç ilini zindanda keçirir. O həzrət və atası imam Əliyyən-Nəqinin (ə) imamət dövrləri Abbasilər hakimiyyətinin qəddarlıq dönəminə təsadüf etdiyindən, imam Əliyyən-Nəqi (ə) qırx bir, imam Həsən Əskəri (ə) isə iyirmi səkkiz yaşında şəhadətə yetirilirlər.

Abbasilər hakimiyyətinin amansız təqiblərinə baxmayaraq, imam Həsən Əskəri (ə) bir sıra siyasi-ictimai və elmi fəaliyyətlər göstərir. O həzrətin fəaliyyətlərini aşağıdakı şəkildə xülasə etmək olar:

1.–İslam dininin müdafiəsi uğrunda göstərdiyi elmi fəaliyyətlər, müxaliflərin şübhə və iradlarını rədd etmək və əsl İslam ideyasını camaata çatdırmaq;

2.–Nümayəndələr təyin etmək, qasid və məktublar vasitəsilə uzaq yerlərin şiələri ilə əlaqə saxlamaq;

3.–Abbasilər hakimiyyətinin son dərəcə nəzarətinə baxmayaraq, gizli siyasi fəaliyyət;

4.–Şiələri, xüsusən də, yaxın dostlarını maliyyə cəhətdən təmin etmək;

5.–Mühüm şiə ünsürlərini çətinliklər qarşısında siyasi baxımdan gücləndirmək;

6.–İmaməti inkar edənləri cəlb etmək və şiələri arxayınlaşdırmaq üçün qeybi məlumatlardan istifadə etmək;

7.–Şiələri öz oğlu on ikinci imamın qeybə çəkilməsi dövrünə hazırlamaq.

İmam Həsən Əskərinin (ə) cəmiyyətdə nüfuz və hörmətinin günbəgün artdığından nigaran olan Abbasi xəlifəsi Mötəmid zindanın, təzyiq və işgəncələrin mənfi nəticə verdiyini gördükdə, o həzrəti gizli şəkildə zəhərləyir. O həzrət zəhərləndikdən bir neçə gün sonra, 260-cı h.q. ilinin Rəbiul-əvvəl ayının 8-də şəhadətə yetir. Abbasi xəlifəsi və onun məmurları çox çalışırlar ki, İmamın (ə) vəfatını təbii qələmə versinlər. Amma həqiqət şiələrə aydın olur, o həzrətin şəhadət xəbəri Samirra əhalisinə çatır və Samirra şəhəri matəmə qərq olur. Bütün bazarlar bağlanır və hamı İmamın (ə) dəfn mərasimində iştirak edir... (“İkmalud-din”, c. 1, s. 43; “Məsum imamların həyatı”, “İmam Həsən Əskərinin (ə) həyatı” bölümü, Ustad Mehdi Pişvayi; “Məsum imamların siyasi-ictimai tarixi”, “İmam Həsən Əskərinin (ə) həyatı” bölümü, Ustad Rəsul Cəfəryan.)

Rza Şükürlü (Maide.az)