İMAM HÜSEYNİN (Ə) KƏLAMINDA GÜZƏŞT ƏHLİNİN ƏN BARİZ XÜSUSİYYƏTİ

Əfv və güzəşt ən üstün əxlaqi səciyyə olaraq rəhman və rəhim – mehriban və bağışlayan Allahın vəsflərindən biridir və Qurani-Kərimin hər bir surəsinin başlanğıcında Allah-Taala Özünü “mehriban və bağışlayan” sifəti ilə tanıtdırır. Əfv və güzəşt ilahi rəhmətdir, öz ardıcıllarını bu səciyyə ilə tərbiyə etmək əxlaqi gözəlliklərə sahib olan bütün peyğəmbərlər və övliyaların vəzifəsidir. “Rəhmət peyğəmbəri” adına layıq görülən İslam Peyğəmbəri (s) bu sifətlə bəzənmiş, əfv və güzəşt sahibi olduğundan ən gözəl örnək adlandırılmışdır. Allah-Taala Qurani-Kərimin “Ali-İmran” surəsinin 159-cu ayəsində o həzrəti həmin sifətlə yad edir və o həzrətə xitabən buyurur:

فَبِمَا رَحْمَةٍ مِّنَ اللّهِ لِنتَ لَهُمْ وَلَوْ كُنتَ فَظًّا غَلِیظَ الْقَلْبِ لاَنفَضُّواْ مِنْ حَوْلِكَ فَاعْفُ عَنْهُمْ وَاسْتَغْفِرْ لَهُمْ وَشَاوِرْهُمْ فِی الأَمْرِ فَإِذَا عَزَمْتَ فَتَوَكَّلْ عَلَى اللّهِ إِنَّ اللّهَ یُحِبُّ الْمُتَوَكِّلِینَ

(Ya Rəsulum!) Allahın rəhməti sayəsində sən onlarla (sənə qarşı sərt davranan ümmətinlə) mülayim rəftar etdin. Əgər qaba, daşürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. Elə isə, onları (“Ühüd” döyüşündə əmrə tabe olmayan müsəlmanları) əfv et, onlar üçün (Allahdan) bağışlanmaq dilə, işlərdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et ki, şübhəsiz, Allah təvəkkül edənləri sevir!”

Bu ayədə Allahın geniş rəhmətindən söz açılır və Peyğəmbərə (s) də öz ümməti ilə əfv və güzəşt əsasında davranması, hətta əmrə müti olmayanlarla məsləhətləşməsi tövsiyə olunur.

Qurani-Kərimin bu gözəl əxlaqi xüsusiyyətə, yəni əfv və güzəştə tövsiyə və təkidi ilə insaniyyət məqamının, ruh yüksəliyinin böyüklüyü aşılanır. Bu yoldan kənarlaşan, nəfsin istəklərinə uyan, təkəbbür edən, xudbin, xudxah və özündənrazı olanlar, həqiqətdə, Allahın, Peyğəmbər (s) və məsum imamların itaətindən çıxaraq, azğınlıq yolunu addımlayırlar. Odur ki, Allaha itaətin şərti Qurani-Kərimdə göstərilən əfv və güzəşt kimi bəyənilmiş xüsusiyyətlə zinətlənməkdir. Əfv və güzəşt əhli olmayan insan ilahi rəhmət və məğfirətdən uzaqdır. “Nur” surəsinin 22-ci ayəsində buyurulur:

وَلَا يَأْتَلِ أُوْلُوا الْفَضْلِ مِنكُمْ وَالسَّعَةِ أَن يُؤْتُوا أُوْلِي الْقُرْبَى وَالْمَسَاكِينَ وَالْمُهَاجِرِينَ فِي سَبِيلِ اللَّهِ وَلْيَعْفُوا وَلْيَصْفَحُوا أَلَا تُحِبُّونَ أَن يَغْفِرَ اللَّهُ لَكُمْ وَاللَّهُ غَفُورٌ رَّحِيمٌ

Aranızda olan fəzilət və sərvət sahibləri qohum-əqrəbaya, miskinlərə və Allah yolunda hicrət edənlərə bəxşiş verməkdə simiclik etməsinlər və bəxşişi tərk etməyə and içməsinlər. Onları (acıdil və kobud olmalarını) əfv etsinlər və (təqsirlərindən) keçsinlər. Məgər Allahın sizi bağışlamasını istəmirsiniz? Allah çox bağışlayan və mehribandır.”

Rəvayətdə belə buyurulur:

إِذَا كَانَ یَوْمُ الْقِیَامَةِ نَادَى مُنَادٍ مَنْ كَانَ أَجْرُهُ عَلَى اللَّهِ فَلْیَدْخُلِ الْجَنَّةَ فَیُقَالُ مَنْ هُمْ

“Qiyamət günü carçı nida edəcək: Allahın üzərində haqqı və mükafatı olanlar cənnətə daxil olsunlar?” Hamı təəccüblənəcək, onların peyğəmbərlər, övliyalar, alimlər, şəhidlər zümrəsindən olduqlarını düşünəcək! “Görəsən kimə xitab olundu? Kim səsləndi?” – deyə fikirləşəcək! Axı hamının üzərində haqqı olan Allahdır! Heç kimin Allahın üzərində haqqı yoxdur. Bu zaman belə bir səs eşidiləcək: “Əfv və güzəşt sahibləri haradadırlar? Allahın razılığı naminə dünyada başqalarının təqsirlərindən keçən, kobud rəftarlarını bağışlayıb halal edənlər haradadırlar? Deyiləcək:

فَیُقَالُ الْعَافُونَ عَنِ النَّاسِ یَدْخُلُونَ الْجَنَّةَ بِلَا حِسَاب

“İnsanlar içərisində əfv və güzəşt sahibi olanlar hesabsız, sorğu-sualsız cənnətə daxil olsunlar.” (Biharul-ənvar”, Əllamə Məclisi, 68-ci cild, səh.397.)

 

ƏFV VƏ GÜZƏŞTİN ƏN GÖZƏL NÜMUNƏSİ

Əfv və güzəştin ən gözəl nümunəsi insanın güclü-qüdrətli olduğu zaman qarşı tərəfi əfv edib bağışlaması, onun təqsirlərindən keçməsidir. Şəhidlər sərvəri imam Hüseyn (ə) necə də gözəl buyurmuşdur:

اِنّ اَعفَی النّاسِ مَن عَفا عِندَ قُدرَتِهِ

“Həqiqətən, ən böyük əfvi sahibi o kəsdir ki, qüdrət məqamında ikən əfv edib bağışlasın.” “Əd-durrətul-bahirə”, 71-ci cild, səh.400.)

Əgər qarşı tərəfi əfv edib bağışlaya bilsən, bunun mənası odur ki, Allah da səni əfv edib bağışlamışdır. Əgər qəlbinin, doğrudan da, kin-küdurətdən uzaq, saf və təmiz olduğunu, başqaları üçün dua etdiyin gördünsə, bil ki, Allah da səni bağışlayıb! Yuxarıda qeyd etdiyimiz kimi, “Nur” surəsinin 22-ci ayəsi elə bu mətləbə işarədir.

İmam Sadiqin (ə) şagirdlərinin birindən: “Nə üçün, daim başqaları üçün dua edirsən?” – deyə soruşduqda, belə cavab verdi: “Başqa bir möminə olunan dua səbəb olur ki, özünlə bağlı etdiyin dua da min dəfə tez qəbul olunsun. Mən yalnız özüm üçün dua etsəm, ola bilər ki, qəbul olunmasın. Amma başqalarını dua etdikdə, həm onunla bağlı duam qəbul olunacaq, həm özmlə bağlı etdiyim dua min dəfə tez qəbul olunacaqdır. Nə üçün duamın min dəfə tezləşməsinə səbəb olan vasitəni tərk etməliyəm, bir halda ki, yalnız özüm haqda etdiyim duanın qəbulunda şəkk içindəyəm?!”

Qum şəhərində yaşayan böyük alimlərdən olan Ayətullah Əbülfəzl Zahidi deyirdi: “Camaat, gəlin “Qədr” gecəsi Allahla alış-veriş edin. Günahlarınızın bağışlanmasını istəmirsinizmi? Allahın lütf və mərhəmətinə şamil olmaq istəmirsinizmi? Onda belə deyin: “İlahi, boynumuzda haqqı olan hər bir kəsi bağışladım, halal etdim.” Allah sizin başqalarını halal edib bağışladığını gördüyü zaman, O da sizi bağışlayacaq. O zaman deyəcək: “Sən mənim bəndəmsən, başqalarını bağışladınsa, mən də sənin böyük günahlarını bağışladım.” Amma siz bağışlamasanız, Allah da sizi bağışlamayacaq və deyəcək: “Sən, sənə pislik edən bir kəsi halal edib bağışlamadığın halda, Mən sənin hədsiz günahlarını necə bağışlayım?!”

Başqalarının təqsiri və pisliklərindən keçən, onları əfv edib bağışlayan insan şəkk etməsin ki, cənnət əhlidir! Allaha itaətin şərti Qurani-Kərimdə əfv və güzəşt kimi adı çəkilən gözəl xüsusiyyətlərlə bəzənməkdir. Hədisdə buyurulur ki, siz başqaları ilə necə rəftar edirsinizsə, Allah da sizinlə elə rəftar edəcək, bağışlasanız, bağışlayacaq, çətin tutsanız çətin, asan tutsanız asan tutacaq! Şübhəsiz, cənnət və cəhənnəm öz əməllərimizin nəticəsidir. (Höccətül-İslam Fərəhzadinin “Səmti-Xuda” verilişindəki söhbətlərindən; farsnews.com)

Rza Şükürlü