İmam Mehdi (ə.c) və uzunömürlülük məsələsi

Elə keçmişdən İmam Mehdi (ə) ilə bağlı bir sıra suallar çoxlarının müzakirə obyektinə çevrilmişdir. Məsələn, əgər o, İmam Həsən Əskərinin (ə) oğludursa və 255-ci hicri-qəməri ilində doğulub indinin özündə də yaşayırsa, onda, onun mindən çox yaşı olmalıdır. Halbuki nə gündəlik müşahidələrimizdə belə uzunömürlülüyü görə bilirik, nə onu müasir elm təsdiqləyir, nə də tarixdə onun oxşarını xatırlayırıq!

Biz də bu şübhəyə qoşularaq deyirik: Bəli, həyatda gördüyümüz adi ömür yaşı, adətən, yüzü keçmir və 120 il yaşayanlara çox az təsadüf olunur. Günümüzdə 150-160 il yaşayanlar isə dünyanın nadir insanlarından sayılırlar. Lakin uzunömürlülük məsələsinə dəqiq elmi araşdırmalar çərçivəsindən baxmalı və aşağıdakı sualların dəqiq cavabları verilməlidir:

Görəsən, təbii ömrün sabit həddi varmı? Müasir fiziologiya bu haqda nə deyir? Görəsən, uzunömürlü olmaq üçün nə etmək lazımdır? Görəsən, indiyə qədər ruhən və cismən başqalarından tam fərqlənən istisna insanlar görünübmü? Görəsən, tarixdə doğrudan da uzunömürlü insanlar olubmu?

Bütün bunlarla yanaşı, bu sualı irəli sürənlərin də kimliyi və onların dini-məzhəbi məsələlərlə bağlı fikirləri də araşdırılmalıdır.

Görəsən, təbii ömrün sabit həddi varmı?

Hər bir varlığın müəyyən ömrü vardır. Məsələn, ardıcıl işləyən bəzi batareyaların ömrü 24 saatdır, yaxud bir elektrik çırağı min saat işlədikdən sonra işdən düşür və yaxud bir avtomobil 20-30 il işləyir. Həmçinin insanın düzəltdiyi bir çox əşyaların da, təqribən, müəyyən bir ömrü vardır. Təbiət aləmində də müxtəlif yaş hədləri vardır. Məsələn, atomların daxilində elə zərrəciklər var ki, mində bir saniyə, bəzən də yüz milyonda bir saniyədən çox yaşamır. Bununla belə, yer kürəsinin yaşının beş milyard il olduğu da ehtimal verilir!

İndi isə görək, insanın orta yaş həddinin 80 il, göyərçinin 5 il, həşəratların br neçə ay, çinar ağacının 150 il və bir gül kolunun 6 ay olduğunu deyə bilərikmi?

Keçmişdə alim və tədqiqatçılar canlı varlıqlarda sabit təbii yaş həddinə etiqadlı idilər. Məsələn, Pavlolovun nəzərincə, insanın təbii ömrü 100 il, Meçinkovun nəzərincə 150-160 il, alman həkimi Kuflandın nəzərincə 200 il, məşhur fizioloq Flogerin nəzərincə 600 il və nəhayət, ingilis alimi və filosofu Beykenin nəzərincə 1000 ildir. Lakin bu nəzəri (təbii ömrün sabit həddini) müasir fizioloqlar rədd edirlər. Kolumbiya universitetinin müəllimi professor Esmis yazır: “Səs divarı aradan götürüldüyü və onun sürətindən yüksək sürətlə nəqliyyat vasitələri düzəldiyi kimi, bir gün gələcək ki, insanın yaş həddi də sınacaq və indiyə qədər gördüyümüzü üstələyəcək!”

Bir sıra alimlərin laboratoriyalarda müxtəlif bitki və heyvanlar üzərində apardıqları analizlər bu nəzərə aydınlıq gətirir. Onlar bəzən, canlı bir varlığın ömrünü on iki dəfə artıra bilmiş, məsələn, iki həftədən artıq yaşamayan bir bitkinin ömrünü altı ay uzatmağa müvəffəq olmuşlar. Bəziləri bir milçəyin ömrünü “doqquz yüz” dəfə artıra bilmişlər. Əgər bir gün bu qəribə və qeyri-adi artımın insana da tətbiqi mümkün olarsa, onda, bir fərd 700-800 il ömür sürəcəkdir. Müasir fizioloqlar da insanın ömrü ilə bağlı ciddi araşdırmalar aparılır. Təbiblərin nəzərincə, ömrün qida və iqlim şəraiti ilə sıx rabitəsi vardır. Onlar adi balarısından neçə dəfə çox yaşayan ana balarısının uzunömürlülüyü üzərində tədqiqatdan sonra bu qənaətə gəlmişlər ki, bu məsələ fəhlə arıların ana arı üçün hazırladıqları xüsusi (adi baldan fərqlənən) qida ilə əlaqəlidir. Bəzi tədqiqatçılar da insanın ömrünü artırmaq üçün belə qida növü istehsal etmək fikrindədirlər. Psixoloqların nəzərinə görə, insanın uzunömürlü olması onun etiqadı və təfəkkür tərzi ilə bağlıdır və yaxşı əhval-ruhiyyə, sağlam əqidə onun ömrünü artırır. Bir qrup həkimlərin nəzərinə əsasən, insanın orqanizmindəki “metabolizm”in gərginliyi nəticəsində yaranan qocalıq bir növ xəstəlikdir. Əgər sağlam qida və güclü dərmanlar vasitəsilə ona qalib gələ bilsək, qocalığı aradan qaldıracaq və uzunömürlülüyü ərməğan verəcəyik.

Bu faktlar göstərir ki, “təbii ömrün sabit həddi” bir ehtimaldır və canlı varlıqlar üçün müəyyən yaş həddi nəzərdə tutmaq çətindir. Məxsusən, səma yollarının bəşəriyyətin üzünə açılması, kosmosa uçuşların genişlənməsi ilə uzunömürlülük məsələsinə ciddi diqqət yetirilir. Aydındır ki, qısa ömür böyük kosmik məsafəni ötmək üçün münasib deyil! Planetlər arasındakı məsafələri sovuşmaq üçün mindən çox, daha uzaq yollar üçün on minlər il ömür lazımdır. Odur ki, bəzi alimlər uzunömürlülük üçün yeni fikirlərə düşür, məsələn, dondurulma sistemindən istifadəni təklif edirlər. Bu məsələ, bəlkə də, ilk dəfə donmuş vəziyyətdə öz təbii həyatını qoruyan canlı varlıqların müşahidəsindən sonra meydana gəlib. Məsələn, neçə il bundan əvvəl şimal buzlu okeanından beş min yaşı olan donmuş bir balıq tapıldı. Öncə onu ölü təsəvvür etsələr də, buzu açıldıqdan sonra son dərəcədə təəccüblə hərəkətə başladı və onun bu beş min il ərzində diri qaldığı məlum oldu. Bundan sonra bu metodun insan üzərində tətbiqi fikri irəli sürüldü. Məsələn, əlçatmaz bir nöqtəyə göndərilən kosmik gəminin sərnişini dondurulur və yüz il və yaxud min ildən sonra nəzərdə tutulan məkana çatdıqda, avtomatik şəkildə bədəni tədricən adi vəziyyətə qayıdır. Bu metod kosmik uçuşlarla bağlı uzunömürlülük probleminin həlli üçün əlverişli görünür. Elə indinin özündə də həkimlər “xərçəng” kimi əlacsız xəstəliyə tutulanlar üzərində bu sistemin icra olunmasını təklif edirlər. Belə ki, həmin xəstələr dondurulmuş vəziyyətdə saxlanılır və xəstəliyinin əlacı tapıldıqda, adi vəziyyətə qaytarılaraq müalicə edilir.

Bütün bu təklif və nəzərlərdən məlum olur ki, müasir elm nöqteyi-nəzərindən insan və digər canlı varlıqlar üçün sabit yaş həddi yoxdur və bunu dəyişmək mümkündür.

Müstəsna hallar

Göründüyü kimi, insanın xilqətinə uyğun olaraq sabit yaş həddini fərz etsək də, onun istisnasız ümumi xarakter daşıdığını demək çətindir. Çünki həmişə canlılar arasında elmə məlum olan qanun və standartlarla uzlaşmayan qeyri-adi nümunələr mövcud olmuş və elm onları izah etməkdə aciz qalmışdır. Məsələn, insanlar arasında hiss, idrak və qeyri-adilikləri ilə başqalarından seçilənlər az olmayıb. Hətta müəyyən yaş həddində bütün qanun və ölçüləri aşan ağac və heyvan növlərinə də rast gəlinir. Buna aşağıdakı nümunələri misal göstərmək olar:

1. Şotlandiyada yaşı təqribən beş min il və gövdəsinin 90 haçadan ibarət qəribə bir ağac vardır.

2. Kaliforniyada yüz metr uzunluğu, on metr gövdəsi və altı min il yaşı olan bir ağac hamının diqqətini özünə cəlb edir.

3. Kanari adasında da alimlərin diqqətini özünə cəlb edən bir ağac vardır. Deyilənlərə görə, bu ağac həmin ada kəşf edildiyi vaxtdan (beş yüz il bundan əvvəl) indiyə qədər dəyişilməyib. Onun uzunömürlü olduğu nəzərə çarpır və bu müddət ərzində onda azacıq belə dəyişiklik görünmür. Odur ki, bəziləri onun Həzrət Adəmin (ə) xilqətindən öncə mövcud olduğunu təsəvvür edirlər!

4. Bioloqlar üç min yaşı olan balıqlar belə kəşf etmişlər.

5. Son vaxtlar insanlar arasında qeyri-adi işlər görməklə hamının təəccübünü doğuranlar haqda çox eşidilir. Yayılan xəbərlərdə bir gənc oğlanın qeyr-adi şəkildə heç bir əl hərəkəti olmadan baxışı ilə qaşıq və s. metal əşyalarını əydiyini görməyənlər bəlkə də azdır! O, qeyri-adi işini İngiltərədə kütləvi informasiya vasitələrinin qarşısında icra etmişdir, yaxud şüşəni qida tək yeyən iranlı bir gəncin mətbuatda tərcümeyi-halını oxumayan az adam tapılar! Bəziləri də qeyri-adi qüvvə ilə vəhşi və yırtıcı heyvanları ram edir və asanlıqla onlara yaxınlaşır. Məşhur təbib və filosof İbn Sinanın belə dediyi nəql olunur: “Məktəb illərində sinifdə deyilənləri dərhal əzbərləyirdim və on yaşında ikən o qədər elmə yiyələndim ki, Buxarada hamıda təəccüb doğurdum. Artıq 12 yaşımda Buxara şəhərində dini hökm verirdim. 16 yaşımda tibb sahəsində “Qanun” kitabını yazdım.” (Bu kitab hələ də Avropanın tibb universitetlərində dərslik kitabı kimi tədris edilir.) Onun görmə və eşitmə qabiliyyəti ilə bağlı heyrətamiz əhvalatlar nəql olunur ki, maraqlananlar “Hədiyyətul-əhbab” və digər tarix kitablarına müraciət edə bilərlər.

Qeyd etdiyimiz bu istisna hallar barədə alimlər də bir qənaətbəxş izahdan acizdirlər. Lakin belə qeyri-adilikləri kimsə əsassız rədd edə bilməz və buradan ümumi bir nəticə çıxarmalıyıq. Belə ki, adətən, bitkilər, heyvanlar və insanlara xas əlamətlər heç vaxt pozulmayan əbədi ölçülər deyil və bu istisna fenomenlər heç də qeyri-təbii sayılmır. Qəbul etməliyik ki, elmlərin bizə öyrətdiyi meyarlar əksəriyyətə aid olsa da, bəziləri onlardan istisnadır.

İmam Mehdinin (ə) uzunömürlülüyü barədə şübhəyə gəldikdə isə, bir neçə mətləbə diqqət yetirmək məcburiyyətindəyik:

1. Allahın yenilməz qüdrətə sahib olduğuna və göndərdiyi elçilərin möcüzə və qeyri-adi işlər göstərdiyinə inanırıq. Başqa sözlə, Allahı təbiət və onun qanunlarına hakim bilirik. Görəsən, əlacsız xəstələrin şəfası, yaxud Həzrət İsanın (ə) ölüləri diriltməsi və yaxud Həzrət Musanın (ə) əsası ilə baş verən heyrətli möcüzələr və digər qeyri-adi işlər təbiətə hakim qanun və ölçülərlə uzlaşmırmı? Şübhəsiz, bütün məzhəb ardıcılları belə fenomenləri izah edərkən yekdilliklə deyirlər ki, bütün səbəblər Allahın əmri və izni ilə təsir göstərir və hər bir iş Onun iradə və istəyindən asılıdır. Onun iradəsi maddi səbəblərin fövqündədir. Tutaq ki, elə əzəldən insanlar öldükdən sonra yenidən dirilsəydi, yaxud anadangəlmə korlar zaman ötdükcə sağalsaydı və yaxud insanın orta yaş həddi min il olsaydı, kimsə təəccüb edərək bunu əqlin hökmünə qarşımı biləcəkdi?... Şübhəsiz, cavab mənfidir! Demək, belə halları əql və məntiqə qarşı bir hadisə yox, əksinə adi bir prosesin digəri ilə əvəz edilməsi kimi qəbul etməliyik.

2. Məsihilərin etiqadına əsasən, Həzrət İsa (ə) çarmıxa çəkilərək öldürülüb dəfn edilsə də, bir neçə gündən sonra səmaya qalxaraq hal-hazırda yaşayır. Müsəlmanlar da Qurani-Kərimə əsaslanaraq, Həzrət İsanın (ə) çarmıxa çəkilib qətlə yetirilməsini qəbul etməsələr də, onun hazırda diri olduğunu deyirlər. Əgər bu kimi istisnalar əqlin hökmünə əks olmadığı, İsanın (ə) ölümdən sonra yenidən dirilib, təqribən, iki min il yaşaması mümkün olduğu halda, ona bənzər bir halı necə mümkünsüz və məntiqsiz sayaq?!

3. Heç bir müsəlman Nuh peyğəmbərin uzun ömür sürdüyünü inkar etmir. Qurani-Kərimdə açıq-aşkar onun peyğəmbərlik dövrünün 950 ildən ibarət olduğu göstərilir:

وَلَقَدْ أَرْسَلْنَا نُوحًا إِلَى قَوْمِهِ فَلَبِثَ فِيهِمْ أَلْفَ سَنَةٍ إِلَّا خَمْسِينَ عَامًا...

“Həqiqətən, Biz Nuhu öz qövmünə (peyğəmbər) göndərdik. Beləliklə, onların arasında doqquz yüz əlli il qaldı...” (“Ənkəbut” surəsi, ayə 14.)

Xızrın (ə) uzunömürlü olması məsələsi də digər nümunələrdən biridir.

Maraqlıdır ki, bəziləri bunları qəbul etdikləri halda, İmam Mehdinin (ə) uzunömürlülüyünə dair şiə etiqadı ilə rastlaşdıqda, heyrət barmağını ağzına qoyur, başını inkar əlaməti olaraq tərpədir və sanki ağlasığmaz və məntiqsiz bir məsələ ilə üzləşdiyini bildirirlər! Halbuki bu məsələ allahpərəstlərin Allahın qüdrəti və ecazkarlığı ilə bağlı dini-məzhəbi etiqadları ilə yanaşı, müasir elmlərlə də tam uyğundur. Əlbəttə, baxış və mülahizələrimizdə kor-koranə təəssübkeşlik və adət-ənənələrdən əl çəkməyi, dəlil və məntiqə təslim olmağı, bəhslərdə obyektivliyi unutmamalıyıq!

Biz mətbuatda avstraliyalı bir kişinin ömründən 140 il keçsə də, bir dəfə olsun xəstələnmədiyini, yaxud kolumbiyalı bir kişinin 167 yaşında gəncliyini qoruduğunu və yaxud 253 yaşlı çinli bir kişinin saçının ağarmadığını oxuduqda, təəccüblənməyə bilmirik. Əgər bu hadisələr mətbuatda da bir xəbər kimi qeyd edildikdə, qəti qəbul edirik. Amma nə üçün “القائم هوالّذى اذا خرج كان فى سنّ الشيوخ و منظرالشّبان؛ قوىّ فى بدنه(Həzrət Qaim (ə) qiyam etdiyi zaman yaşlı olsa da, siması gənc və qüvvətli görünəcək) – kimi bir hədisi oxuduqda, təəccüblənməliyik? Həmçinin Nuh (ə) və İsanın (ə) uzunömürlü, İbn Sinanın qeyri-adi xüsusiyyətlərə sahib olduğunu, gənc bir oğlanın baxışı ilə metalı əydiyini deyənlərin təfəkkür tərzinə, bəzi ağac və heyvanların uzunömürlü olmasına təəccüb etmiriksə, nə üçün İmam Mehdinin (ə) uzunömürlü olmasından söz düşdükdə, bəziləri etiraz əlaməti olaraq təəccüblənirlər? Bir sözlə, belə sadə və ya qərəzli baxışlar insaf və məntiqdən uzaqdır. (“Hokuməte cahaniye Həzrət Mehdi (ə.c)”, Ayətullah əl-üzma Məkarim Şirazi, səh.88-95.)

Rza Şükürlü (Maide.az)