Milyarddan çox Android smartfonları hakerlərin hücumu üçün asan hədəfə çevrilib

Bütün dünyada “Android” əməliyyat sistemi ilə idarə olunan milyarddan çox smartfon 2019-cu ildə yenilənmə baş vermədiyi üçün hakerlər üçün asan hədəfə çevriliblər.
 
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Which” saytı məlumat yayıb.
 
 
Saytın informasiyasına əsasən, 2019-cu ilin mayına qədər mobil telefon sahiblərinin 42%-i Androidin 6.0 versiyasından istifadə edib. Yalnız bu yaxınlarda “Android”in qurucu firması “Google” şirkəti “Android 7.0 Nougat” sistemindən aşağı heç bir yenilənmənin aparılmadığını bildirməyə məcbur olub.
 
Bu isə o deməkdir ki, milyardlarla telefon və ya planşetdə də təhlükəsizliklə əlaqədar heç bir mərkəzi şəkildə tədbir həyata keçirilməyib.
 
Yazı müəllifləri haker hücumları qarşısında zəif qala biləcək bir sıra telefon modellərinin adlarını da açıqlayıblar. Bunlar “Motorola X”, “Samsung Galaxy A5 2017”, “Sony Xperia Z2”, “Google Nexus 5” və “Samsung Galaxy S6” telefonlarıdır.
 
“AV-Comparatives” şirkəti tərəfindən gerçəkləşdirilən testlər həmin smartfonların təhlükəsizlik proqramlarının “BlueFrag” və “Joker” viruslarına heç bir müqavimət göstərə bilməyəcəyini aşkar edib. Bəzi modellərin isə “mayninq” proqram təminatlarını (gizli virus) üzə çıxara bilmədiyi, habelə “Stagefright” eksploytuna (Exploit - "istismar etmək" — proqram təminatında olan zəif yerlərdən istifadə edən və əməliyyat sisteminə hücumu həyata keçirmək üçün tətbiq olunan kompüter proqramıdır-red.) heç bir təsir göstərmək qabiliyyətində olmadığı ortaya çıxıb. Ekspertlər bu səbəbdən istifadəçilərə yüklədikləri fayllara diqqət etməyi, habelə şübhəli saytlardan ümumiyyətlə fayl yükləməməyi məsləhət görürlər.