Mindən artıq insan nədən zəhərlənib?

“Restoranda yemək yedikdən 2 saat sonra özümü pis hiss elədim. Dostlarımın köməyi ilə xəstəxanaya getdim. Həkim müayinə etdikdən sonra dedi ki, zəhərlənmisən. Halbuki, yemək yeyən zaman dadında heç nə hiss etməmişdim. Zəhərlənmənin bu qədər ağır olacağını düşünməmişdim. İlk dəfə idi ki, belə ağrı hiss edirdim” - deyir Bakı şəhər sakini Tural Məmmədov. O, bir müddət əvvəl qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib. T.Məmmədovun tam olaraq hansı qidadan zəhərləndiyi məlum deyil. Onun sözlərinə görə, yediyi qidalar balıq, kartof qızartması və turşu xiyar olub. T.Məmmədovun fikrincə zəhərlənməsinə səbəb turşu xiyar olub: “Restoranda olduğumuzdan hansı firmanın məhsulu olduğunu bilmədim. Ancaq, yeməkdən 2 saat sonra özümü pis hiss etdim. Xəstəxanaya gedəndə dedilər ki, zəhərlənmisən. Bir gün xəstəxanada qalmalı oldum. Xəstəxanada düzdü, kömək edirlər. Ancaq, onlar da adamın əlinə baxırlar. Əgər yaxşı pul versən, sənə yaxşı baxacaqlar. Yoxsa, elə çox maraqlanmırlar”.
 
“9 ay ərzində 986 qida zəhərlənməsi hadisəsibaş verib”
 
Oktyabrın 15-də Səhiyyə Nazirliyi 2014-cü ildə baş verən zəhərlənmələri statistikasını açıqlayıb. Nazirliyin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev apa-ya açıqlamasında bildirib ki, ötən müddət ərzində əhali arasında 986 qida zəhərlənməsi hadisəsi baş verib. Nəticədə 1102 nəfər zərər çəkərək qidadan zəhərlənib. Ötən 9 ay ərzində 14 botulizm hadisəsi qeydə alınıb ki, bunun nəticəsində 20 nəfər zərər çəkib. Botulizm nəticəsində 1 nəfər dünyasını dəyişib. İ.Abdullayev qeyd edib ki, bu ilin təkcə sentyabr ayında Azərbaycanda əhali arasında 84 qida zəhərlənməsi hadisəsi baş verib. Zəhərlənmə nəticəsində 91 nəfər zərər çəkib. Bir botulizm hadisəsi qeydə alınıb, zəhərlənməyə ev şəraitində hazırlanan leço səbəb olub. 
 
“Zəhərlənmə halları mütləq araşdırılmalıdır”
 
Professor Adil Qeybulla “Bizim Yol” qəzetinə açıqlamasında bildirdi ki, zəhərlənmənin növləri çoxdur. Bunlar qida toksikinfeksiyaları, müxtəlif maddələrdən - qələvi və turşulardan zəhərlənmə hallarıdır: “Ümumiyyətlə bütün zəhərlənmələr əslində məhkəmə tibbi ekspertizasının predmenti sayılır. Çünki, bunların içərisində kriminal faktlar olur. Məhz buna görə hər bir zəhərlənmə halı mütləq araşdırılmalıdır. Zəhərlənmə zamanı xəstə toksikoloi mərkəzə yönləndirilir. Əgər xəstələr başqa xəstəxanaya da müraciət edirlərsə onlar da yenidən toksikoloi mərkəzə getməli olurlar. Toksikoloji mərkəzdə də zəhərlənmə faktı ilə bağlı hüquq mühafizə orqanına məlumat verməlidir. Hüquqi tərəfi həmin orqan tərəfindən araşdırılır. Tibbi tərəfi isə xəstəxanada həll olunur”.
 
A.Qeybulla deyir ki, zəhərlənmə halında düzgün ilkin yardım göstərilən zaman xəstələri həyata qaytarmaq olur. Onun sözlərinə görə, çox ağır zəhərlənmə zamanı xəstə həkimə müraciət etməkdə gecikərsə və ilkin, adekvat yardım göstərilməzsə, həyatını itirə bilər: “Ağır toksiki zəhərlənməllər zamanı bu faktlar mətbuatın da gündəminə gəlir. Belə zəhərlənmələr əsasən toylarda, kampaniyalarda qeydə alınır. Ona görə də bu hallar statistik göstəricinin artmasına səbəb olur. Ancaq, ümumiyyyətlə bu rəqəm respublikamız üçün böyük deyil. Əlbəttə, yaxşı olardı ki, rəqəm daha aşağı olsun”.
 
“Sadə tədbirlər görməklə statistik göstəricini azaltmaq olar”
 
A.Qeybullanın fikrincə, zəhərlənmə hallarını azaltmaq üçün məişət qidalarının saxlanmasına, hazırlanmasına fikir verilməlidir. O, bəzi qaydalara əməl olunduğu halda zəhərlənmələrin olmayacağını deyir: “Bütün dünyada zəhərlənmə halı olur. Azərbaycan da bu vəziyyətdən kənar qala bilməz. Zəhərlənmələrin qarşısını almaq üçün elementar qaydalara əməl olunmalıdır. Məişətdə hazırlanan qidalara sirkə turşusu əlavə olunur. Əl altında qoyulan sirkə turşusu onun nə olduğunu bilməyən uşaq tərəfindən içilə bilər. Nəticədə qida borusunun zəhərlənməsi olacaq. Yəni, bu turşunun əl altına qoyulması düzgün deyil. Bundan əlavə naşatır spirti açıq şəkildə qoyulmamalıdır. Evdə istifadə olunan qidaların istifadə və saxlanma müddəti nəzərə alınmalıdır. Sadə tədbirlər görməklə statsitik göstəricini azaltmaq mümkündür”. 
 
Zəhərlənmə zamanı ilkin yardım...
 
Mütəxəssislərin fikrincə, zəhərlənmə - orqanizmə zəhərlərin təsiri nəticəsində əmələ gələn patoloji vəziyyətdir. Zəhərlənməyə pis keyfiyyətli ərzaq və zəhərli bitkilər, məişətdə və istehsalatda tətbiq edilən müxtəlif kimyəvi maddələr, dərman preparatları və s. səbəb ola bilər. Zəhərlər orqanizmin müəyyən yerinə və ya ümumiyyətlə bütün orqanizmə təsir edə bilər. Bu, zəhərin xassəsindən və orqanizmə düşmə yolundan asılıdır.
Bütün zəhərlənmə hallarında təxirəsalınmaz yardım zamanı aşağıdakı tədbirlər görülür: 
 
1) orqanizmdən zəhər olduqca tez kənar edilir, 
2) orqanizmdə qalmış zəhər padzəhər (antidotlar) vasitəsilə zərərsizləşdirilir, 
3) tənəffüs və qan dövranının pozğunluqları ilə mübarizə aparılır.
 
Zəhərlənmə zamanı zəhər ağızdan düşdükdə zəhərlənmənin baş verdiyi yerdə (evdə, istehsalatda) mədəni dərhal yumaq, bağırsaqların təmizlənməsi tövsiyə edilir. Zəhər dəriyə və ya selikli qişaya düşdükdə dərhal mexaniki üsulla kənar edilməlidir. Dezintoksikasiya üçün həkimin təyinatına görə dərialtına və venaya qlükoza, natrium-xlorid, hemodez, poliqlükin və s. məhlulları yeridilir. Tənəffüsün funksiyasının və qan dövranının bərpa olunması üçün oksigen, ürək-damar dərmanları, tənəffüs analeptikləri, aparat vasitəsilə tənəffüs də daxil olmaqla, süni nəfəsaldırma tətbiq edilir.
 
Qida maddələri ilə zəhərlənmə qidalanmadan bir neçə saat sonra kəskin surətdə başlayaraq - ürək bulanması, bərk zəiflik, pis vəziyyət, qarınüstü nahiyədə köpmə və ağrı hiss edilir, çox keçmədən bol qusma baş verir və bu, xəstənin vəziyyətini bir qədər yüngülləşdirir. Qusma qarın ağrısı ilə müşayiət olunur. Çox vaxt temperatur yüksəlir, başağrısı və bütün bədəndə ağrı hiss olunur. Bu zaman həkimə dərhal müraciət olunmalıdır. 
Qida maddələri ilə zəhərlənmə hallarında əvvəlinci 1 - 2 gün ərzində xəstə yeməkdən çəkinməlidir, bu zaman ona ilıq çay vermək olar. Sonralar isə həkimin göstərişi üzrə qidalanma rejimi tədricən genişləndirilir.