Nəmişlik insan sağlamlığına mənfi təsir göstərir - ARAŞDIRMA

Ekspertlər yaşayış binasının tikintisi zamanı havanın rütubətliliyinin nəzərə alınmasını tövsiyə edirlər
 
Havanın həddən artıq rütubətli olması insan orqanizminə ziyan vura bilər. Çünki rütubətli hava yaşayış evlərində nəmişliyin yaranmasına səbəb olur və bu da orqanizmdə müxtəlif ağrılara, xəstəliklərə yol açır.
 
Azərbaycanda rütubətin yüksək olduğu bölgə
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova "Report"a bildirib ki, Azərbaycan üzrə rütubətin ən yüksək olduğu yer Lənkəran-Astara bölgəsidir: "Həmin ərazidə orta illik nisbi rütubət göstəricisi 75-80 faizdir. Yağıntılı hava şəraitində bu göstərici 90-100 faizə yüksəlir". 
 
Onun sözlərinə görə, Bakı və Abşeron yarımadasında yaz və payız aylarında əsasən rütubətli hava şəraiti üstünlük təşkil edir: "Qış aylarında da nisbi rütubət 65-70 faiz arasında dəyişir. Yağıntılı hava şəraitində isə 85-95 faiz təşkil edir. Neft Daşları, Çilov və Pirallahı adalarında illik nisbi rütubət daha yüksək - 70-75 faiz təşkil edir".
 
Rütubətin çox olması göbələk xəstəliklərinə səbəb olur
Həkim-ftiziatr Polad Muradov qeyd edib ki, rütubətli hava və məkan mikrobların yaşaması və artması üçün münbit şərait yaradır: "Rütubətli hava şəraiti insan sağlamlığına mənfi təsir göstərir. Hər hansı bir evdə, məkanda rütubətin çox olması göbələk xəstəliklərinin yaranmasına səbəb olur. Vərəm də göbələk xəstəliklərinə aiddir. Kollegen-birləşik toxumanın xəstəlikləri var ki, rütubətli hava həmin xəstəliklərin yaranmasına, inkişafına səbəb olur. Rütubət vərəmin yayılmasına dolayı yolla təsir edə bilir. Yaşayış yeri üçün nəmin az olduğu ərazilərin seçilməsi yaxşı olardı. Eyni zamanda, rütubətin çox olduğu məkanlarda tikilən binalarda istilik sistemi yaxşı qurulmalıdır".
 
AMEA Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin rəhbəri Ənvər Əliyev vurğulayıb ki, havada rütubət 50 faizdən yüksək olanda bu, insan sağlamlığına ziyan vurur: "Bakıda rütubət 60-70, yağış yağanda 80-90 faiz təşkil edir. Cənubdan isti küləklər əsəndə isə 70 faizə yüksəlir. Bu da ürək xəstələri, damar problemi olan insanlara çətinliklər yaradır".
 
Rütubətli ərazilərdə yaşayış evlərinin tikilməsi təhlükəlidir
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvi, kimya elmləri doktoru, professor İslam Mustafayev deyib ki, havada rütubətin 70-80 faiz olması yüksək göstəricidi və insana bir sıra problemlər yaradır: "Rütubət aşağı olduqda insanın nəfəs alması, orqanizmdə oksigen mübadiləsi normal gedir. Orqanizmdə oksigen mübadiləsinin yaxşı getməsi qan dövranının işinə müsbət təsir edir. Əks təqdirdə nəfəs yollarında, ciyərlərdə narahatlıq yaranır. Bundan başqa, oksigen, karbon mübadiləsində çətinliklər yaranır, revatizm və s. xəstəliklər əmələ gəlir. Lənkəran-Astara zonasında rütubətlilk daha çoxdur. Bu, həm çayların çox olması, həm də ərazinin dənizin sahilində yerləşməsi ilə bağlıdır. Bakıda da havanın rütubəti bəzi hallarda normadan yüksək olur. Meşələrin çox olduğu ərazilərdə, məsələn, Rusiyanın paytaxtı Moskvada havanın temperaturu 30 dərəcəyə yüksələndə insanlar artıq nəfəs ala bilmirlər. Rütubətin çox olduğu yerlərdə temperaturun yüksəlməsinə qarşı dözümlülük aşağı düşür. Rütubətin temperatura adaptasiya olunmaya təsiri çox güclüdür".
 
Onun sözlərinə görə, havada rütubətin çox olduğu ərazilərdə yaşayış binalarının, evlərin tikintisinə xüsusi diqqət yetirilməlidir: "Rütubət yüksək olduqda "mənzillərin tərləməsi" baş verir. Bir çox binalarda daim rütubət olur. Bakıda evlərin tikilməsi məsələsinə ciddi yanaşmaq lazımdır. Mənzillər tikiləndə hava axını prosesi nəzərə alınmalıdır. Evlərin, binaların bir-birinə yaxın formada tikilməsi həmin mənzillərdə nəmliyin yaranmasına səbəb olur. Nəticədə mənzillərin divarında əmələ gələn nəm uzun müddət qalır".
 
Uzun illər Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri vəzifəsində çalışmış, hazırda isə Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunda mühəndis kimi fəaliyyət göstərən Cahangir Qocayev qeyd edib ki, rütubətin yüksək olduğu yerlərdə yaşayış binası tikilərkən təməlinin keyfiyyətli, möhkəm qoyulması vacibdir: "Evlər tikilərkən məsaməli hörgü daşlarından, nəm keçirməyən materiallardan istifadə olunmalıdır. Divara nəm keçirməməsi üçün yaxşı suvaq vurulmalıdır. Hazırda nəmin qarşısını alan tikinti materialları var. Amma əvvəllər tikilən evlər betondan olurdu. Zamanla rütubət betonu aşındırdığından bu cür evlərin tez-tez təmir olunmasına ehtiyac yaranır".