Namazın qəbul şərtləri və təsirləri

İmam Sadiq (ə) Abdullah ibn Cündəbin vasitəsilə şiələrinə belə buyurur:

یَا ابْنَ جُنْدَب قال اللّهُ جلّ و عزّ فی بَعضِ ما اَوْحی: اِنَّما اَقْبَلُ الصَّلاةَ مِمَّنْ یَتَواضَعُ لِعَظَمَتی و یَکُفُّ نَفْسَهُ عَنِ الشَّهَواتِ مِنْ اَجْلی و یَقْطَعُ نَهارَهُ بِذِکْری و لایَتَعَظَّمُ عَلی خَلْقی و یُطْعِمُ الْجائِعَ و یَکْسوُ الْعارِیَ وَ یَرْحَمُ المُصابَ و یُؤْوِی الْغَریبَ فَذلِکَ یُشْرِقُ نورُهُ مِثْلَ الشَّمسِ اَجْعَلُ لَهُ فی الظُّلْمَةِ نوراً و فِی الجَهالةِ حِلْماً اَکْلَأُهُ بِعِزَّتی وَ اَسْتَحْفِظُهُ ملائکتی یَدْعُونی فَاُلَبّیهِ و یَسْأَلُنی فَاُعْطیهِ فَمَثَلُ ذلک الْعَبدِ عندی کَمَثَلِ جَنّاتِ الفِردَوسِ لا یُسْبَقُ اَثمارُها و لاتَتَغَیَّر عن حالِها

«Ey Cündəbin oğlu! Allah-Taala bəzi vəhylərində belə buyurmuşdur: «Mən o kəsin namazını qəbul edirəm ki, Mənim əzəmətim qarşısında təvazökar olsun, Mənə görə özünü nəfsinin istəklərindən qorusun, gününü Məni yad etməklə sona yetirsin, insanların müqabilində təkəbbürçülük etməsin, acları doyursun, çılpaqları geyindirsin, müsibətə düçar olanlara rəhm etsin və qərib olanlara sığınacaq versin. Belələrinin nuru günəş tək parlayar. Qaranlıqda onun üçün nur, cəhalətdə helm və səbir qərar verərəm, onu Öz izzətimin pənahında saxlayaram, Öz mələklərimin vasitəsilə qoruyaram. Məni səslədikdə cavab verərəm və Məndən istədikdə əta edərəm. Belə bir bəndə Mənim dərgahımda Behişt bağlarına bənzəyir ki, onun meyvəsindən gözəl meyvə olmaz və heç zaman təravəti dəyişməz.»» («Biharul-ənvar», c.75, səh.279.)

İnsan kamillik yolunu keçib həqiqi səadətə çatmaq üçün həm Allah, həm də Allahın bəndələri ilə əlaqəni möhkəmləndirməlidir. Allahla əlaqəni möhkəmləndirməyin ən yaxşı yolu namazdır. Əlbəttə ki, dini vəhyə əməl etmək və kamilliyə çatmaq ayrı-ayrı məsələlərdir. Namaz qılıb oruc tutmaq, sadəcə, vəzifəyə əməl etməkdir. Bu əməllərlə əzabdan qutarmaq olar. Amma kamilliyə çatmaq üçün başqa şərtlər vardır. Namaz vasitəsi ilə kamala çatmaq üçün namazda bəzi incəliklərə əməl etmək lazım gəlir.

İmam Sadiq (ə) qeyd etdiyimiz qüdsi hədisdə namazın bəzi qəbul şərtlərini açıqlayır. İlkin şərtə görə namaz zamanı Allahın əzəməti unudulmamalıdır. İnsan Allahın əzəmətini daha çox dərk etdikcə, öz kiçikliyini daha çox anlayıb daha çox təvazökarlıq göstərir. Allahın əzəmətinin daha yaxşı dərk olunması üçün Peyğəmbərdən (s) bir rəvayət nəql edirik: Peyğəmbər (s) zamanında ətir satmaqla məşğul olan Zeynəb adlı bir qadın var idi. O, ən yaxşı ətirlərini Peyğəmbərə (s) satardı. Bir gün Zeynəb o Həzrətdən xahiş etdi ki, ona Allahın əzəmətindən danışsın. Həzrət buyurdu: «Sən Allahın xilqətinin əzəmətini dərk etmədən Onun əzəmətini dərk edə bilməzsən. Bu yer öz dənizləri, dağları, böyük şəhərləri ilə birlikdə birinci səma üçün səhradakı halqa kimidir. Birinci səma ikinci, ikinci səma üçüncü, nəhayət, yeddinci səma Allahın ərşi üçün geniş bir səhradakı halqa mislindədir.»

Hal-hazırda astronomlar bizim planetdən milyardlarla işıq ili uzaqda olan planetlər kəşf ediblər. Yəni günəş sistemi hazırkı əzəməti ilə qalaktikada olduqca kiçik bir sistemdir. Bu barədə dərindən düşündükdə Allahın məxluqunun əzəmətindən elə heyran olursan ki, Allahın Öz əzəməti qarşısında bir söz tapıb deyə bilmirsən. Bu əzəmət insanı təvazökarılığa vadar edir.

2-ci şərt:

Namazın qəbulu üçün insan Allah xatirinə nəfs istəklərindən əl çəkməlidir. O, acizliklə ərz etməlidir ki, ilshi, səni sevdiyim üçün şəhvət və günah ardınca getmirəm. Hansısa dostuna müəyyən istəklərini qurban verən insan Allah xatirinə də nədənsə keçməlidir. Namaz hara, günah hara! İnsan öz namazına diqqətli olduqca çirkin işlərdən uzaqlaşır. «Məryəm» surəsinin 58-ci ayəsində buyurulur:

إِذا تُتْلی عَلَیْهِمْ آیاتُ الرَّحْمنِ خَرُّوا سُجَّداً وَ بُکِیًّا

«Onlar Allahın ayələri oxunduğu zaman ağlayaraq səcdəyə qapanırdılar.»

Növbəti ayədə isə belə buyurulur:

فَخَلَفَ مِنْ بَعْدِهِمْ خَلْفٌ أَضاعُوا الصَّلاةَ وَ اتَّبَعُوا الشَّهَواتِ

«Onlardan sonra namazı tərk edib, şəhvətinə uyan bir nəsil gəldi.»

Həqiqi namaz qıla bilməməsinin səbəbi ilə maraqlanan insan öz günahlarına nəzər salmalıdır.

3-cü şərt:

Namaz qılan insan gününü Allahı yada salmaqla keçirməlidir. Az da olsa, dili daim Allahın zikrində olan insanlarla rastlaşırıq:

رِجالٌ لا تُلْهِیهِمْ تِجارَةٌ وَ لا بَیْعٌ عَنْ ذِکْرِ اللّهِ

«O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahın zikrindən, namazdan və zəkatdan yayındırmaz.» («Nur» surəsi, ayə 37.)

Dünya işindən ayrılmadan Allahı zikr etməyin mümkünlüyü haqqında mərhum Əllamə Təbatəbai buyurur: «Əzizini əldən vermiş insan gündəlik işi ilə məşğul ola bilirsə, böyük ilahi insanlar da gündəlik fəaliyyətlərindən ayrılmadan Allah haqqında düşünə bilirlər.»

Digər şərtlər:

Allah qarşısında təvazökarlıq göstərən insan Onun bəndələri ilə təkəbbürlü davranmamalıdır. Əsl abid imkanı daxilində acları doyurmaqla bir növ zəkatını ödəməlidir. Axı zəkat təkcə vacib buyurulmuş zəkat deyil. Allah yolunda verilən hər bir şey zəkat hesab oluna bilər. Bilirik ki, İslamda yalnız qeyd olunmuş şeylərin zəkatı vacibdir. Amma sədəqə kimi müstəhəb zəkatları da unutmaq olmaz. Qurani-Kərimin «Məryəm» surəsinin 31-ci ayəsində Həzrət İsanın (ə) dili ilə belə buyurulur:

وَ أَوْصانِی بِالصَّلاةِ وَ الزَّکاةِ ما دُمْتُ حَیًّا

«O, mənə diri olduqca namaz qılıb zəkat verməyi tapşırdı.»

Bu və digər ayələrdə namazla zəkatın adı qoşa çəkilir. Demək, bəndələr qarşısında təvazökarlıq, onlara yardım namazın qəbul şərtlərindəndir.

Namazın digər bir qəbul şərti çılpaqları geyindirməkdir. İnsanın libasa olan ehtiyacını ödəmək, evsizlərə sığınacaq vermək hər birimizin müsəlmanlıq vəzifəmizdir.

Qbul olunmuş namazın təsirləri

Namazın qəbul şərtlərinə əməl edən insanın çöhrəsi məna aləmində günəş tək parlayır. Bəsirət gözlü möminlər bu nuru elə bu dünyadaca görə bilərlər. Aramızda bəsirət gözü açıq olan insanlar var ki, bir baxışla insanın günahkar, yoxsa abid olduğunu hiss edirlər. Çünki ibadətin təsirindən qəlb və ruhun işıqlanması zəruridir. Allah namazı qəbul olunmuş şəxsin həyatını işıqlandırır. «Hədid» surəsinin 28-ci ayəsində buyurulur:

یُؤْتِکُمْ کِفْلَیْنِ مِنْ رَحْمَتِهِ وَ یَجْعَلْ لَکُمْ نُوراً تَمْشُونَ بِهِ وَ یَغْفِرْ لَکُمْ

«…Allah sizə öz mərhəmətindən iki pay versin. Sizə (Onun yolu ilə) getməyiniz üçün nur bəxş edib sizi bağışlasın.»

Təqvalı insanlar maddi zülmətlərə düşdükdə belə Allah onlara hissi bir nur əta edir. Quranı üzündən oxuyan korlar az deyildir.

Bəzən həyatda elən insanlarla qarşılaşırsan ki, səbir kasanı daşdırır. Belə məqamlarda insanın özünə nəzarəti olduqca çətindir. Amma namazı qəbul olunmuş şəxslərə gözəl səbir əta olunur. Ömrü faydalı olduğundan Allah belə insanları mələklərlə hifz edir. Onun duası qəbul olunur. O, Behişt çiçəkləri kimi həmişə təravətli olur. (“Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri”, Ayətullah Misbah Yəzdi, 26-cı dərs, səh.241-245.)

Maide.az