Naxçıvana uçuşlar bərpa edilir - RƏSMİ

Naxçıvan Muxtar Respublikasına (NMR) uçuşların bərpa edilməsi iyunun 8-dən sonra planlaşdırılır. Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı cümə günü brifinqdə bildirib.
 
NMR-ə uçuşlar martın sonunda dayandırılıb və muxtar respublika sakinləri hətta ən təxirəsalınmaz məsələlərə görə ölkənin digər regionlarına gedə bilmirdilər, çünki birbaşa quru yolu yoxdur, digər ölkələrdən tranzit isə sərhədlərin bağlanması səbəbindən mümkün deyildi.
 
Digər daxili və beynəlxalq aviareyslərin bərpasna gəlincə, hələlik konkret qərarlar yoxdur. Bununla yanaşı, R.Bayramlı qeyd edib ki, daxili və beynəlxalq reyslərin sayı azaldılacaq. Sərnişinlərin təyyarənin bortuna qəbulu da məhdudlaşdırılacaq.
 
R.Bayramlının sözlərinə görə, ölkədə COVİD-19 pasportlarının verilməsi məsələsi müzakirə olunur. Bu sənədlər sərnişinlərin olduqları ölkələrdə karantinə alınmamasına imkan verəcək.