Nazir: Şagird sıxlığı müşahidə olunan ərazilərdə yeni məktəblər tikiləcək

"Azərbaycanda müsbət demoqrafik artım var. Son illərdə ümumi təhsil sahəsində orta hesabla şagirdlərin sayı 50 min nəfər artıb".
 
APA-nın xəbərinə görə, bunu Təhsil naziri Ceyhun Bayramov ötən ilin yekunlarına dair mətbuat konfansında bildirib.
 
Nazir deyib ki, bir sıra yaşayış məntəqələrində kifayət qədər yüksək şagird sıxlığı mövcuddur: "Bu məsələ hər zaman bizim diqqət mərkəzimizdədir. Xəzər rayonu Binə qəsəbəsi, Binəqədi rayonu kənd Binəqədi, Sulutəpə, Xırdalan şəhəri, Masazır və Saray yaşayış məntəqələrində şagird sıxlığı mövcuddur. Adları çəkilən ərazilərlə bağlı tapşırıqlar icra olunmaqdadır. Belə ki, layihələndirmə işlərinin aparılması, əlavə torpaq sahələrinin ayrılması, əlavə məktəb korpuslarının inşası nəzərdə tutulub”. 
 
"Valideynlərlə keçirilən görüşlərdə müzakirə edilən məsələlərdən biri də məktəblilər üçün avtobusların təşkil edilməsi ilə bağlı olub".
 
Onun sözlərinə görə, bu istiqamətdə Bakı Şəhər Nəqliyyat Agentliyi ilə sıx əməkdaşlıq edilməyə başlanılıb: "Agentlik və Təhsil Nazirliyinin birgə işçi qrupu işlər aparır. Bu işlər növbəti aylarda da davam etdiriləcək. Düşünürəm ki, birgə səyləmiz sayəsində 2020-ci yeni tədris ilinin başlanmasına qədər Bakı şəhərində şagird sayı çox olan ərazilərdəki məktəblər üçün avtobusların təşkil edilməsinə nail olacağıq. Təbii ki, bu, birinci mərhələdə bütün məktəbləri əhatə etməyəcək. Ancaq hesab edirik ki, bu, çox faydalı başlanğıc ola bilər".