Niyyətdə ixlas çatışmazlıqları tamamlayır...

İnsanın imkanı, qüvvəsi və elmi məhdud olduğundan, bütün qəlb istəklərini həyata keçirə bilmir. Lakin niyyət, istəyi sona çatmayan insan üçün məhdud şəraiti tamamlayır. Məsələn, bir şəxs bütün azğın insanları hidayət etmək istəyir. O, bu yolda çalışır, müvəffəq olmur. Lakin niyyətinə xatir həmin mükafatı əldə edir. Digər bir tərəfdən, pis niyyətlər üçün də zaman və məkan məhdudiyyəti yoxdur. Pis niyyətlərin acı təsirləri niyyət sahibinə qayıdır. İnsan başqalarının zülmü, fəsad və günahı ilə razılaşsa, onların günahına şərik olur. Quran bildirir ki, Həzrət Salehin (ə) ilahi möcüzə olan dəvəsini müxaliflərin hamısı öldürdü. Onlar hamılıqla bu işə əl bulaşdırmasalar da, qəlbən razı idilər.

Demək, yaxşı və ya pis işə razılıq insanı zaman və məkan məhdudiyyətindən xaric edir, savab və ya cəzaya şərik edir. Bu məsələ bir çox rəvayətlərdə bəyan olunmuşdur.

Niyyət və əməldə ixlas əldə etmək üçün aşağıdakı mətləbləri diqqət mərkəzində saxlamaq lazımdır:

1. Dəyərlərə diqqət: Qızılla dəmiri, ipəklə pambığı fərqləndirməyən, müştərini tanımayan və bazar qiymətini bilməyən şəxslər malı ucuz satırlar. Quran insanın özünü və əməllərini puç etməməsi üçün hər üç zəmində yol göstərir:

–Mal: Quran insanın Allahın xəlifəsi, yaranmışların ən üstünü və yaranışın hədəfi olduğunu bəyan edir, ona yüksək qiymət verir.

–Müştəri: Allah Özü insanın yaxşı əməllərini alır. Allah bütün alıcılardan üstündür:

a) Baha alır (Behişt qiymətinə).

b) Az işləri də qəbul edir. (“Zilzal”/7.)

v) Yaxşı niyyətlərə də mükafat verir.

q) Pis və çirkin işləri gizlədir, yaxşıları aşkarlayır.

Qiymət: İnsanın qiyməti Behiştdir. Özünü bundan ucuz satanlar ziyan etmişlər. Quranda buyurulur ki, günahkarlar özlərini uduzub və zərər etmişlər. Quran dəfələrlə azğın yolda olan şəxslər haqqında “ticarətləri fayda verməyib” deyir.

İmam Əli (ə) buyurur: Ən pis ticarət odur ki, dünyanı özünə qiymət biləsən!” (“Nəhcül-bəlağə”, 32-ci xütbə.)

Öz qiymətini bilən insan Allahdan qeyrisi üçün çalışmaz.

2. Yaranış haqda düşünmək: Yaranış haqqında təfəkkür bizim Allahın qüdrətini və əzəmətini daha yaxşı tanımağımıza, nəticədə ixlasa yaxınlaşıb Onun üçün çalışmağımıza səbəb olur.

3. Allahın sifətlərini düşünmək: Allah-Taalanın sifətlərini bilmək, onları zümzümə etmək və zehndə saxlamaq Onu düşünməyə, Ondan qeyrilərindən uzaqlaşmağa səbəb olur. Bu iş insanı tədricən ilahiləşdirir. Məsələn, “Cuşən-kəbir” duasındakı ilahi sifətlərə diqqət yetirmək faydalıdır.

4. Nemətlərə diqqət: Allahın nemətlərini tanıyıb, onlar haqqında düşünmək insanı Allaha meyilli edir, qəlbi ilahi eşq mənzilinə çevirir. Buna görə dualarda və məsumların münacatlarında ilahi nemətlər yad edilir. O cümlədən, “Əbu Həmzə Somali” duasında İmam Səccad (ə) tək-tək nemətlərə işarə edir: İlahi, kiçik idim, boya-başa çatdırdın; zəlil idim, izzət bağışladın; cahil idim, agah etdin; ac idim, doyurdun; çılpaq idim, geyindirdin; azmışdım, hidayət etdin; fəqir idim, ehtiyacsız etdin; xəstə idim, şəfa verdin; günah etdim, gizli saxladın...”

İmam Hüseyn (ə) “Ərəfə” duasında Allahın nemətlərini zikr edir ki, qəlbdə ilahi eşq canlansın və insan Allah aşiqi olsun; yalnız Onun razılığı üçün işləsin və ixlasa yaxınlaşsın.

5. Labüd faydaya diqqət: Dünyaya və Allahdan qeyriləri üçün çalışanlar məqsədə çatmaya da bilər. Lakin Allah və axirət üçün çalışanlar labüd fayda əldə edəcəklər. Quranda buyurulur: Mömin olub axirəti istəyən onun uğrunda çalışanların zəhməti qəbul olunar.” (“İsra”/19.)

Demək, Allaha xatir görülən işlər nəticəsiz qalmır.

6. Dünyanın dəyərsizliyinə diqqət: Dünyanı olduğundan daha dəyərli görənlər qeyri-ilahi və dünyəvi məqsədlər üçün çalışırlar. Lakin agah insanlar dünyanı axirət, xalqı Allah qarşısında dəyərsiz görür və onlar üçün çalışmırlar. Quran dünyanın qürrələndirici, ötəri, alladıcı və dəyərsiz olduğunu bildirir. Bu sözləri deyən varlığın yaradanı və dünyanın dəyərini başqalarından daha yaxşı bilən bir kəsdir. Dünyaya aldanmayan, ona vurulmayan şəxslər ixlas əldə edə bilərlər.

7. Yaranmışların zəifliyinə diqqət: Tükənməz qüvvə Allaha məxsusdur. Bütün işlər onun əlindədir. Buna görə Allahdan savay heç kəs düşünülməyə və ibadət olunmağa layiq deyil. Quranda buyurulur ki, batil məbudlar, hətta bir milçək yaratmaqda acizdirlər. (“Həcc”/73.)

Başqa bir yerdə bəşərin acizliyi haqqında buyurur: Əgər bir gün sular qurusa yeri qazıb suya çatmasanız, kim sizə dadlı su gətirə bilər?” (“Mulk”/30.)

Əgər Allah gecəni Qiyamətə qədər üstünüzə çəksəydi, haqq olan Allahdan başqa hansı tanrı sizə bir işıq gətirə bilərdi? Əgər Allah gündüzü Qiyamətə qədər üstünüzə çəksəydi, haqq olan Allahdan başqa hansı tanrı istirahət etdiyiniz gecəni sizə gətirə bilərdi?” (“Qəsəs”/71-72.)

Allaha şərik qoşulanlar nə dünyada, nə axirətdə heç bir iş görə bilməzlər. Allahdan qeyrisinə pərəstiş edənlər Qiyamətdə həsrətə düçar olacaqlar. Çünki zəif və aciz şəxslərin razılığını əldə etməyə çalışmışlar. Bundan əlavə, tək Allahı razı salmaq saysız-hesabsız məbudları razı salmaqdan asandır. Hər kəs tək Allahdan başqasını razı salmağa çalışsa, çətinlik çəkəcək.

8. Özgələrdən ibrət almaq: Allahdan qeyrilərini düşünüb davamsız məbudlara itaət edənlər acı aqibətə düçar oldular. Bu insanların ibrət dolu sərgüzəştlərinə diqqət insanı ixlasa çatdırıb, Allahdan qeyrilərinin etibarsız olduğunu aşkar edir. Nuhun oğlu Allahdan üz çevirib dağa arxalandı. Dağın zirvəsinə dırmanıb tufandan qurtulmaq istədi. Lakin dalğalar arasında qərq oldu. Qarun Həzrət Musanın (ə) haqq dəvətinə etinasızlıq göstərdi və öz bol sərvətləri ilə qürrələndi. Lakin yer onu uddu və tərəfdarlarından heç biri köməyinə çatmadı. (Bax: “Qəsəs”/81.)

Bir çox varlılar yığdıqları sərvətlərin hamısını qoyub getdilər. Onlara bu sərvətlərdən heç bir kömək çatmadı: Onlar neçə-neçə bağlar, çeşmələr qoyub getdilər; neçə-neçə əkinlər, gözəl yerlər!” (“Duxan”/25-26.)

Bir çox riyakarlar hiyləgərliklə özlərini pəhrizkar və müxlis göstərirdilər. Lakin Allah onların kimliyini aşkara çıxarıb rüsvay etdi: Allah gizlətdiyinizi aşkara çıxarandır.” (“Bəqərə”/72.)

Riyakarlıqla Allahı və xalqı aldatmaq istəyənlər ilahi qəzəbə düçar olurlar. Belə insanlar haqda bir çox nümunələr göstərmək olar. İnsan ixlaslı olub, riyakarlıqdan uzaqlaşmaq üçün onların sərgüzəştlərindən ibrət ala bilər.

10. Axirətdə riyakarın aqibətinə diqqət: İndiyədək deyilənlər dünyaya aid idi. Riyakarların Qiyamətdə böyük rüsvayçılığı və xəcalətli simaları dözülməz və ibrətlidir. Quran cəhənnəm quyusunun namaza səhlənkar yanaşan riyakar namazqılanlar üçün olduğunu bəyan edir. (“Maun”/5-6.)

Hədisdə deyilir ki, Qiyamətdə riyakar dörd adla çağırılacaq: Kafir, xacir (günahkar), cadir (xain) və xasir (ziyankar). Əqidə baxımından Allaha etinasız yanaşdığı üçün kafir; yaranışın məqsədi, bəndəlik və ibadət sərhəddindən xaric olub Allahdan qeyrilərinə işlədiyinə görə facir; hiyləgərlik etdiyi üçün cadir; bir ömür xərcləyib heç nə əldə etmədiyi üçün xasir adlandırılmış!

Ona deyiləcək: “Əməllərin puç oldu və heç bir mükafatın yoxdur. Bu gün razılığını əldə etməyə çalışdığın kəslərdən öz mükafatını istə.” (“Səfinətul-bihar”, c.1, səh.499.)

Demək, Qiyamət günü riyakarların həsrətinə diqqət insanı ixlasa yaxınlaşdırır. (“Namazın sirləri”, Ustad Möhsün Qəraəti, səh.81-96.)

Maide.az